Demişik, deyirik və nə qədər belə davam edəcəksə, yenə deyəcəyik ki, Allah bu millətə ağıllı-başlı bir müxalifət yetirsin. Bilmək olmur, bu müxalifət adı ilə özünü toy toğlusu kimi ortaya atan əli(l)lərdən millətin canı haçan qurtaracaq. Bu binəvalar özləri də fərqinə varmadan (bəlkə də fərqinə vararaq) müstəqil dövlətimizdə cəmiyyətin siyasi və mənəvi tərəqqisinə nə qədər ağır zərbələr vurduğunu ağlı başında olan, azad düşünməyi bacaran hər kəs yaxşı anlayır. Müxalifət olmaq özü bir şərəfli siyasi fəaliyyət formasıdır və sağlam və konstruktiv müxalifət ölkənin inkişafına xidmət edən proqramlar, konsepsiyalar qoyur ortaya, bunu iqtidardakılar etməyəndə də, xalqın etimadını qazanıb hakimiyyətə gəlir, özü olur iqtidar və inkişafımıza yönələn addımları ilə cəmiyyətin inkişafında rol oynayır. Bizim başabəla əslində millətə və dövlətə bəla) müxalifətimiz isə yaxşı nə varsa onu gözdən salmağa, dövlətə və dövlətçiliyə zərər vuran addımlarını genişləndirməyə, şər-böhtan və qarayaxmaları ilə cəmiyyəti çaşdırmağa cəhd edir ki, bunun da adını müxalifət deyil, antidövlətçilər deyib çağırmaq daha doğru olar. Lap elə son günlərin olaylarına ekskurs etsək, dediyimizin həqiqət olduğuna şübhəmiz qalmaz. On dörd il əvvələ qədərki müxalifətn inhisarında olan qəzetləri götürüb vərəqləyək. Orda bu zavallılar Əli İnsanov barədə nələr yazmırdılar? Azərbaycanın baş korrupsioneri, millətə xəstəlik bəxş eyləyən səhiyyə naziri, elmə üzqarası olan akademik... Daha, nə bilim nələr! Hətta o qədər nifrət edirdilər ki, qəzetlərində onu “İnsanov” deyil, “heyvanov” adlandırmaqdan da çəkinmirdilər. Elə ki, bəd əməllərinin cəzası olaraq iqtidar onu həbs edib saldı içəri ki, bəlkə içəridə bir az yalnız qalıb, düşünüb-daşına, ağıllana, Əli İnsanov döndü oldu süddən çıxmış ağ qaşıq. Başladılar ki, bu adam dünya şöhrətli (?) alim-akademikdir, kəşfləri var, dünya onun tibbi ixtiralarından istifadə edir, belə bir Azərbaycan ziyalısını iqtidar məhv edir. Bütün bunları da elə həyasızcasına yazırdılar, deyirdilər ki, adamın matı-qutu quruyurdu ki, dünənki simalarını bu adamabənzərlər necə asanlıqla dəyişdilər?!. Təkcə Əli İnsanovla bağlı deyildi, belə sifətdəyişkənliyinin Rəsul Quliyevlə, Rəfail Allahverdiyevlə (Allah rəhmət eləsin), Fərhad Əliyevlə, ümumiyyətlə, hakimiyyət tərəfindən xalqın mənafelərinə zidd fəliyyətləri ilə bağlı vurulan digər eksməmurlarla da bağlı şahidi olmuşuq. Sizləri bilmirəm, amma mənim qənaətimə görə bizim müxalifət adlanan şoumenlərimizi dövlətin, millətin, xalqın taleyi deyil, cibləri maraqlandırır. Elə ona görə də, ciblərini doldurmaq üçün hakimiyyətdə tutduğu mövqeyindən sui-istifadə edib milyonlar yığan bu mafiozların pulundan yararlanmaq üçün, dərhal simalarını üç yüz altmış dərəcə dəyişirlər. Belədə bu siyasət dəllallarını, siyasi biznesmenləri normal, sağlam müxalif qüvvə hesab etmək olarmı? Təbii ki, yox. Onlar mənəviyyatca xəstə, hətta deyərdim, mənəvi əlil siyasilərdir ki, müalicələri də artıq mümkünsüzdür. Hərdən düşünürəm ki, bəlkə bir “mənəvi əlillik” statusu müəyyənləşdirilə, belələrini də o statusa daxil edib, hərəsinə beş-on manat pensiya verilə ki, qaxılıb oturalar yerlərində, gözlərini vurulmuş korrupsioner məmurların, xaricdəki anti-Azərbaycan qüvvələrin, erməni lobbisinin pullarından çəksinlər? Amma inanmıram ki, onlar bu əməllərindən əl çəkələr. Çünki öyrəşiblər. Öyrəşmişə də min il əvvəl də tövbə olmayıb, bu gün də yoxdur. Bir-iki kəlmə də bir ayağı qəbirin kandarında olan Əli İnsanov haqqında demək istəyirəm. Əvvəla, onun nə mal olduğu bütün Azərbaycan cəmiyyətinə məlumdur. Odur ki, başlamağa hazırlaşdığı şəxsi intiqam, qisas davasından da özü daha çox zərər görəcək. Bu, şəksizdir. Çünki indiki millət on beş-iyirmi il əvvəlki düşüncədən çox irəli gedib və kimin kim olduğunu, kimin ortaya hansı məqsədlə düşdüyünü də yaxşı anlayır. Belədə, bu xalqı aldatmaq istəyinin elə istək olaraq qalacağına da şübhə yoxdur. O zaman bu korrupsiyadan başı dumanlanan eks-nazirə məsləhətimiz odur ki, onsuz da rüsvay olmuş adını bir az da biabır eləməsin. Deməsi bizdən Müdriklik yaşında daha ağıllı mövqe seçib-seçməmək qalır onun ixtiyarında. Amma ataların sözünü də unutmasın: ”Mıxı çıxaran at mıxı bir yerə vuranda, beş də özünə dəyər!”

Təhmasib Novruzov

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...