Başqalarını deyə bilmərəm, amma məni bu məmləkətdə hər şeydən çox narahat edən demokratik cəmiyyətin əsas atributlarından olan müxalifətin formalaşa bilməməsidir. Başqa ölkələrin yüz ilə qət etdiyi (o da qət edə bilsələr) yolu cəmi 25 illik zaman kəsiyində arxada qoyan bir ölkədə normal, sivil müxalifətin formalaşa bilməməsi, gerçəkdən narahatedici faktdır.

Bir neçə gün öncə olmayan "müxalifət"in yetişməyən "lider"i (lap nağıllarda deyilən "bitməmiş yovşan kolunun dibindən anadan olmamış dovşanın qaçması" kimi) Əli Kərimlinin, özünü müxalifət tribunası adlandırıb da şər, böhtan kampaniyası aparan "Osmanqızı TV"-də Sevinc Osmanqızına verdiyi müsahibəyə baxdım. Əlbəttə, Əlinin nəsə bir dəyərli fikir söyləməsini gözləmirdim. Sadəcə, istədim görüm bu zavallı az da olsa ölkədəki son sosial islahatlardan sonra iqtidarın ünvanına bir kəlmə də olsun xoş söz söyləyəcək, yoxsa yox, amma hardan? Özünü müxalifət lideri hesab edən bu adamcığazın ampluasından bir milli də olsa kənarlaşmaq fikrində olmadığının yenidən şahidi oldum. Ampluasını o qədər sevir və ya zorla sevdirirlər ki, adam ordan çıxmaq istəmir ki, istəmir. İndiyə kimi yaxmağa çalışdıqları, amma öz üzərlərinə bulaşdırdıqları qaralarına öyrəşmişik. Odur ki, belə qarayaxmalardan danışıb vaxtınızı almaq fikrində deyiləm. Amma bu dəfə yarım saata yaxın iqtidarın tarixi abidələri, xüsusilə İçəri Şəhəri "viran"(?) qoymasından necə sərsəmlədisə, bu ölkədən xəbərsiz hər kəs düşünərdi ki, indiki hakimiyyət (əstəğfurullah) bu millətin düşmənidi. Gədə qırığı deyir ki, "İçəri Şəhəri elə günə qoyublar ki, orda tarixin bütün izləri yox olub". Onun bu barədə dediklərinin hamısını sadalamağa ehtiyac görməyib, keçirəm mətləbin bir başa ortasına. Mənim kifayət qədər yaşım var. Sovet dövründə də az yaşamamışam. Xatırlayıram ki, 1970-ci illərə qədər İçəri Şəhər elə günə salınmışdı ki, sanki Bakının zibilxanası idi. İlk dəfə məhz 70-ci illərdə İçəri Şəhərlə bağlı Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə xüsusi qərar qəbul edildi və qədim Bakının bu möhtəşəm abidəsi dövlət qoruğu elan edildi. Sonrakı dövrlərdə müxtəlif hakimiyyətlər, digər sahələrdə olduğu kimi bu sahədə də, yumşaq desək yarıtmazlıq nümunəsi göstərmiş və baxımsızlıq ucbatından İçəri Şəhər bərbad günə qalmışdı. 1993-cü ildə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Novruz bayramı şənliklərində İçəri Şəhəri başdan-ayağa gəzdi və gördüklərindən o qədər pəjmürdə oldu ki, dərhal müstəqil dövlətin Prezidenti kimi yeni, daha dəyərli, deyərdim ki, İçəri şəhəri xilas edən tarixi qərar qəbul etdi. Bu qərardan ötən iyirmi beş il ərzində burda ciddi abadlaşdırma işləri aparılmış və aparılmaqda davam edir. Həm də tarixi memarlıq abidələrinin ruhunu belə incitmədən, olduğu kimi aparılan bu abadlıq işlərinin nəticəsidir ki, bu gün İçəri Şəhər dünyanın hər yerindən Bakıya gələn turistlərin heyranlığına səbəb olur. Bütün bunları bildiyi halda, "İçəri Şəhəri dağıdırlar" deyib, saxta vətənpərvərlik göstərmək cəhdinin hansı məqsədi güddüyü məlumdur. Aşığın sözü qurtaranda "neynim aman, neynim" dediyi kimi, bu bədbəxt də deməyə söz tapmır və indi də yapışır tariximizin "məhv edilməsi" mövzusundan.
Bu hakimiyyətin bərpa etdirib, yenidən xalqın tarixi irsi kimi dünyaya təqdim etdiyi o qədər memarlıq və dini abidələr var ki, saymaqla bitməz. Atəşgahın, Qobustanın, Bibi-Heybət, Təzə Pir, Şamaxı, İmamzada məscidlərinin, regionlardakı saysız-hesabsız tarixi abidələrin əsaslı təmir və bərpasının aparılmasına sərəncam verən iqtidar doğrudanmı tariximizə biganədir? Dədə Qorqudun 1300 illik yubileyini keçirən, adına abidə kompleksi ucaldan, Nizami Gəncəvinin türbəsinin ətrafını kiçik bir şəhərə çevirən, Füzulinin, Nəsiminin yubileylərinin dünya miqyasında qeyd edilməsinə nail olan, Muğam, Novruz bayramı, Aşıq sənəti, Kəlağayı və s. kimi tariximizin yaratdığı milli incilərin YUNESKO-nun qeyri-maddi irs siyahısına salınmasına nail olan iqtidarı tariximizə qənim(?) adlandırmaqdan böyük nankorluq olarmı? Azərbaycan tarixində xalqın yaratdığı maddi və qeyri-maddi irsə, milli-mənəvi dəyərlərə heç zaman (o cümlədən Əlinin təmsil olunduğu hakimiyyətin də dövründə) indiki qədər həssas və qayğılı yanaşma olmamışdır. Bunu bildiyi halda belə nankorluğun özü xalqa ən böyük düşmənçilikdir və müxalifət adlandırılan bu ağzıəyrilərin belə mövqeyini görüb də, bizdə sağlam müxalifətin formalaşa bilmədiyindən rəncidə olmağına dəyər. Təəssüf! Min kərə, milyon kərə təəssüf!

Təhmasib Novruzov

Bütün xəbərlər Facebook səhifəmizdə