Dlimizdə bir yaxşı deyim (də) var, “Qaşınmayan yerdən qan çıxartma!” – deyə. – Son günlər “Formula-1” və İçərişəhər mövzusunda bəlli kəsim siyasilərin gündəm yaratmaq yaxud ictimai fikri azdırma cəhdlərini görüncə, məhz bu deyim yadıma düşdü.

Birincisi, nə bəladırsa, ölkəmiz hansısa xalqlararası tədbirə evsahibliyi etmək (yaxud taleyüklü bir hadisə olan) ərəfəsində, sanki fürsət gözləyirmiş kimi ortaya çıxan bir dəstə qaşına-qaşına qalır, vurnuxur, bir gərginlik axtarıb, hoqqa çıxarmaq istəyir. Ancaq (bəri başdadan deyim), bu gedişlərin ölkəmizin imicinə zərbə cəhdində bulunmaq anlamına gəl-diyini ya hesablamır yaxud məni bağışlayın, belə çıxır ki, qəsddən belə edirlər ki, təki oz hirs-hikkələri təmin olunsun, ölkəyə, xalqasa nə olur-olsun... Bu isə, ərəb demiş uhulət və suhulətsizlikdir ən azı...

“Formula-1” Bakı halqasında dünən magistral yol altından keçən bir kanalizasiya xəttinin qapağının yerindən oynaması, əlbəttə, yaxşı hal deyil, keşkə olmayaydı; ancaq bəyəm bunu iqtidarmı istəmişdi? Kim özü özünü zərbə altında qoymaq istər? Bunu yetki yiyələrinin səbatsızlığı kimi qiymətləndirmək kimə və nəyə lazımdır? Zira, heç bir ölkə, heç kim belə hallardan sığortalanmayıb. Bu, bir texniki problemdi, oldu keçdi. Xatırlayırsızsa, yaxın illərdə Rusiya prezidenti yeni hərbi texnikaya baxış keçirərkən maşının əltutacağı qopdu; yenə uzaq olmayan illərdə, Ukrayna prezidentinin naməlum əsgərin abidəsi önünə çələng qoyma mərasimində külək çələngi yıxdı; Ukraynada başqa bir olayda fəxri qarovul, prezident və onun ali qonağının önündən keçərkən, əsgəri raport verən qarovul rəsinin papağı, əlindəki silahın süngüsünə keçdi və s. Olur belə şeylər, olur; onlarla başqa misallar da çəkmək olar, ancaq məsələ bunda deyil. Məsələ ondadır ki, əgər bir siyasətçi, bir müxalif lider ümidini bir kanalizasiya qapağına qədər endiribsə, bu çox, amma çox düşündürücdür... Və belə “endirim” acı təəssüf doğurur, acı!

İçərişəhər mövzusu isə ayrı bir aləmdir. A kişilər, a xanımlar, a yoldaşlar! Hər şeyi bir qırağa qoysaq belə, guya bilmirsizmi, İçərişəhər YUNESKOnun dünya mədəni irs siyahısına nə vaxt salınıb? İçərişəhərimiz öz tarixinin hansı mərhələsində belə yüksək bir qoruma aktı ilə diqqət mərkəzində olub? Və bunu kim edib? – Yəni yaddaşınız o qədərmi korşalıb, bu məqamın özünü bir xatırlayasız, sözünüzə ayar verəsiz..?
İçərişəhər (Şirvanşahlar Sarayı və Qız Qalası abidələri ilə birgə)“Dünya İrsi” siyahısına 2000-ci ilin noyabr ayında daxil edilib.

Üstəlik, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 2010-cu ildə İçərişəhərin konservasiyası üzrə “Baş plan” təsdiq edilib. YUNESKO ekspertlərinin də iştirakı ilə hazırlanmış “Bakının tarixi mərkəzinin konservasiyası üzrə Baş plan”a uyğun olaraq bərpa işlərinin 31 abidə üzərində mərhələ-mərhələ (2010-2016-cı illər içində) aparılması nəzərdə tutulmuş və bu layihə zamanında gerçəkləşib və yeni layihələrlə daha da yüksək səviyyəyə qaldırılmaqdadır.

Ümumiyyətcə, hökumət İçərişəhər Dövlət Qoruğu İdarəsi timsalında, mədəniyyə¬ti¬mizin, maddi-mənəvi sərvətlərimizin qorunub saxlanılması, tədqiqi, təbliği yönündəçalış¬malarda bulunaraq, YUNESKO-nun genişmiqyaslı layihələrinin milli müstəvi üzərində maddiləşməsinə nail olub. Örnəyi, “Tarixi şəhər landşaftı yanaşmasının tətbiqi” mövzusunda xalqlararası seminar 2009-cu ildə keçirilib. YUNESKO-nun və İSESKO-nun xoşməramlı elçisi Mehriban xanım Əliyevanın təşəbbüsü ilə hazırlanmış bu layihədə yerli mütəxəssislərlə yanaşı YUNESKO-nun “Dünya İrsi Mərkəzi”nin nüfuzlu ölkələri təmsil edən tanınmış ekspertləri də iştirak edib.
Uzun sözün qısası, bəli, məhz bu iqtidarın, məhz dövlət başısının və Mehriban xanımın biləvasitə titanik səyləri, nüfuzu sayəsində, YUNESKO və başqa xalqlararası qurum və quruluşlar səviyyəsində də, hökumət səviyyəsində də, milli mədəni irsin qorunması, öyrənilməsi istiqamətində önəmli işlər görülüb, görülür və görüləcəkdir. Bu, qürurvericidir, örnək hadisələrdəndir. Yaxşı, qüruru, örnəyi qoyaq bir qırağa, heç olmazsa, insafınız olsun, tarixi abidələrin qorunmasına, milli mədəni irsimizə həssaslıqla yanaşan dövlət ərkanını belə məsələlərdəsə ittiham etməyin..! El deyər, “insaf dinin yarısıdır”. Belə insafsızlıqla hara varmaq, neynəmək olar? Elə söz deyin, o, dövlət rəhbərliyinin bircə sözü, bircə hərəkəti ilə son bulunca, məyus olmayasız. Mehriban xanımın İçərişəhərdə olub, sakinlər və qonaqlarla səmimi söhbətləri, fikir mübadiləsi olan-olmazdan qondardığınız “yalan piramidası”nı yerlə yeksan elədi. Bəs yalanın ömrünün uzun çəkmədəiyini bilmirdizmi, a sağolmuşlar?

Dövlətimiz Avropa Birliyi ilə gözlənən Saziş ərəfəsindəykən müxtəlif adıyaman çağırışlar, aranı qarışıdırmaq – stəkanda fırtına yaratmaq cəhdləri əbəsdir, yararsızdır. Yararsız işlə uğraşana el arasında yaramaz derlər. Yarayanlardan olun, məncə...

Əkbər Qoşalı,
Milli QHT Forumu İdarə Heyətinin üzvü

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...