Bizi “şirin-məzaq” edəcək arzumuz

Bir vaxtlar dəb düşmüşdü. Müxalifətdə olan siyasi partiyanın bir üzvünə küçədən keçən biri bir çırtma vururdusa, aləm dəyirdi bir-birinə: ay aman, qoymayın, iqtidar filan siyasətçiyə təxribat törədirvə sairə və ilaxıra! Tezliklə də məlum olurdu ki, hadisə hansısa şəxsi münasibətın təzahürüdür və hakimiyyətin buna heç bir dəxli yoxdur. Hətta hadisəni törədən cinayətkar həmin hakimiyyətin hüquq-mühafizə orqanları tərəfindən həbs edilirdi, cəzasını alırdı, bundan sonra həmin hay-küy salanlar susurdular, daha doğrusu susmağa məcbur olurdular.
Hətta o da olurdu ki, bir partiya yetkilisi narkotika faktı ilə, dələduzluqla məşğul olduğuna görə, yaxalanıb, həbs edilən kimi, yenə müxalifətin bəzi şoumenləri haray-həşir salırdılar ki, qoymayın, müxalifətçini şərləyirlər(?). Elə ki, əlahəzrət fakt qoyulurdu ortaya, yenə susmağa məcbur olurdular. Çünki faktdan min illər əvvəl olduğu kimi, bu gün də heç kəs qaça bilməz. Bir sözlə, bizim bəzi müxalifət funksionerlərinin ucuz siyasi şoularını çox görmüşük, çox izləmişik. Heç birində də görmədik ki, həqiqət üzə çıxandan sonra üzr istəyib, səhvlərini anladıqlarını nümayiş etdirsinlər. Çünki səhvi etiraf etməyin özü də bir mədəniyyətdir ki, onu da şoumen müaxalif siyasilərdə axtarmağına belə dəyməz. Bu zavalsızlar qanmaq istəmirlər ki, iqtidar bu böyüklükdə ölkənin bəzi məsələlərinin həllindən ötrü, satan olsa vaxtı da satın alar. Bu qədər gərgin işləyən bir iqtidar müxalifətin söz qəhrəmanları kimi boş-bekardılarmı ki, belə cılız işlərlə məşğul olsun?
Bir sözlə, bunların belə şoularını çox görmüşük. Amma gənc bir qıza qarşı törədilən cinayətdən də siyasi şou yaratmaq cəhdinə ilk dəfə rast gəldik. Tural adlı birinin, AXCP funksioneri Fuad Qəhrəmanlının 14 yaşlı qızına qarşı törətdiyi cinayətdən siyasi maraqlar üçün istifadə etmək cəhdi bunu bizə göstərdi. İstənilən formada bu hadisə pislənməlidir. Tural törətdiyi əməlinə görə cəzasını almalıdır və şübhəsiz alacaq da. Ən azından ona görə ki, bu yeniyetmə qız bizim xalqın övladıdır, ikincisi, bizim xalqın övladı olmasa belə, gəncdir, hələ dünyada baş verənləri anlamaq iqtidarında deyil. Günahsız gənc bir qıza qarşı törədilən cinayət təkcə hüquqi baxımdan deyil, həm də mənəvi baxımdan bağışlanmazdır. Ancaq bundan şou düzəltmək, siyasi məqsədlər üçün yararlanmaq istəyi də, eyni qaydada mənəviyyatsızlığın bariz göstəricisidir və deyərdim ki, bağışlanmazdır.
Bilmirəm, yanılıram, yoxsa bu həqiqətən belədir, amma mənim müşahidələrim onu deməyə əsas verir ki, bizim üzdəniraq müxalifət şoumenlərin içərisində elələri var ki, hakimiyyət, vəzifə, kreslo xatirinə ən ağılagəlməz, hətta milli mentalitetimizlə bir araya sığmayan iyrənc vasitələrə də əl atmağa hazırdırlar. Başa düşmək olmur, böyük M.Ə.Sabirin təbirincə desək, bu “həlvayi-hakimiyyət” nə qədər şirin olub bunlar üçün ki, onları “şirin-məzaq” etmək naminə hər şeylərini (?..) qurban verməkdən belə çəkinmirlər? Yeniyetmə bir qızın başına gələn hadisədən belə şou yaradanlar, həmin qızımızın gələcəyi, psixoloji zədəsi, mənəviyyatına vurula bilən zərbə haqqında düşünürmü görəsən? Digər tərəfdən, demokratik cəmiyyətin ən mühüm atributlarından olan müxaliflik institutunun indiki qədər ucuz, hətta iyrənc üsullarla ləkələnməsinin, ümumən Azərbaycan dövlətçiliyinə, milli mənafelərimizə vurduğu zərbənin fərqindədirlərmi bu insanabənzərlər? Axı müxaliflik şər, böhtan, qarayaxma üzərində qurulmamalıdır! Yalan nə qədər ustalıqla uydurulursa uydurulsun, o ayaq tutsa da, yeriyə bilməz. Bu adi həqiqəti anlamaq istəməyənlər, bir yerdən papaqdan, şlyapadan, araqçından, panamadan, zaddan tapıb, qabaqlarına qoyub fikirləşsəydilər pis olmazdı.

Təhmasib Novruzov

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...