Nə qədər gözləyirsən ki, bu ölkənin beli bükülmüş, çəlikli müxalifət oyunbazları, nəhayət ki, uğursuz fəaliyyətlərinin millətə və dövlətə vurduğu zərərləri anlayacaq və kənara çəkiləcək, olmur ki, olmur. Elə bil, üzlərinə durublar. Bir sağlam düşüncəli müxalif qüvvə meydana gələn kimi, bu ac qurdlar onun üzərinə necə cumurlarsa, onlar da abır-həya eliyib, çəkilirlər bir kənara. Beləcə, meydan boş qalır və köhnə tasçılar yenə başlayırlar köhnə hamamda su çiləməyə.
Bu günlərdə AXCP deyilən qurumun sədr vəzifəsini oğurlayan Əli Kərimlinin Atlantika sahillərindən yayımlanan Sevinc Osmanqızının TV-də müsahibəsini izlədim. Ona görə izləmədim ki, nə isə ağıllı bir söz deyəcək. Ondan bunu gözləməyinə də dəyməz. Bu hakimiyyət, bir ildən artıqdır ki, sosial islahat paketindən danışır, nəhayət, bu ilin yanvarından islahatlara start verir, bu binəvalar bağırırlar ki, hakimiyyət bizdən qorxdu (Yadıma Dulsineya üçün düzlərə düşüb “qəhrəmanlıqlar” göstərən məşhur Don Kixot düşdü!..), ona görə islahatlara başladı. Zəlzələdən, ardınca yanğından zərər çəkənlərə dəstək oldu, yenə qurumuş sinələrini qabağa verdilər. Bir sözlə, hökumətdə xırda nöqsan olur, bağırırlar, hakimiyyət millət üçün dünyada anoloqu olmayan sosial addımlar atır, bağırırlar. Belədə, lazımdır ki, onların bağırtısını arı, hətta milçək vızıltısı hesab edib, əlinin yeli ilə rədd edib, yoluna davam edəsən. Amma mən bu müsahibəni (Daha doğrusu, iki qadının qeybətini) izlədim ki, görüm bəlkə Avropa dəyərlərindən danışan, Avropa dəyərlərini bizə örnək göstərən bu binəvalar, elə avropalıların Azərbaycanda apardığı sosial sorğunun nəticələrini görüb, bir az ağıllı, obyektiv fikir səsləndirəcək, ya yox! Amma hardan? Yenə köhnə hamam, köhnə tas! Zavallı deyir ki, millətin 95 faizi bu hakimiyyəti istəmir. Ay ədalətdən danışan, faktlardan danışan, Avropa dəyərlərindən danışan bədbəxt, heç olmasa, üç gün öncə, avropalıların özlərinin keçirdiyi sorğu ilə tanış ol, sonra çıx da efirə. Bunu da iqtidar təşkil eləməmişdi ki! Həmin sorğuda xalqın 90 faizindən çoxunun Prezident İlham Əliyev hakimiyyətinə dəstək verdiyini bidirir, sən çıxıb utanmaz-utanmaz deyirsən ki, xalqın 95 faizi bu hakimiyyəti istəmir? Budu sizin ədalətiniz, obyektivliyiniz, haqqa söykənməyiniz? Xalq səni nə vaxtdan vəkil edib axı? Parlamentdə bir yer belə tuta bilməyən siyasi təşkilatın rəhbəri xalqın adından hansı ixtiyarla danışır?
Nə isə, müsahibədə çox naqqal-naqqal ifadələrin şahidi oldum. Çox istərdim ki, onların hər biri ilə bağlı faktları uzun-uzadı sadalayıb, boş və mənasız danışdıqlarını sübut edim, necə deyərlər, quzularını bir-bir qoyum qabağına. Ancaq buna nə vaxtım var, nə də həvəsim. Sadəcə, yadıma B.Vahabzadənin "Latın dili" şerinin girişi düşdü:"Atlantika sahilində əsə-əsə, coşa-coşa, mən azadam, mən xoşbəxtəm deyir natiq yad dilində". İndi Atlantika sahillərində oturub, erməni pulu ilə televiziya açanlar, "Biz millətçiyik, biz xalqımızı sevirik" deməkdən nə zaman utanacaqlar görəsən? Bir qarabağlı kimi, Qarabağ uğrunda gedən savaşın ən ön sıralarında olmuş vətəndaş kimi nə özü, nə də övladları hərbi xidmətdə olmayan, özü də, oğlu da ermənilərlə dostluq edən birisinin bu mövzuda danışmağa heç haqqı yoxdur. Yüksək dövlət vəzifəsini zəbt etdiyi zamanlarda belə, bir dəfə olsun Qarabağa, döyüş bölgələrinə səfər etməyən birinin, bütün bayramları, hətta özünün doğum gününü döyüş bölgəsindəki əsgər və zabitlərlə birlikdə qeyd edən Prezident, Ali Baş Komandan haqqında söz deməyə nə mənəvi, nə də hüquqi ixtiyarı var. 25 illik müxalifətçilik dövründə Qarabağ məsələsi ilə bağlı bir bəyanat, bir müraciət belə səsəndirməyənlər, heç olmasa, ayıblarına kor olub, siyasi bizneslərini idarə etməklə məşğul olsunlar. Qarabağ kartından bir dəfə istifadə edib, hakimiyyəti zəbt edənlər, yenidən bu problemlə qumara girmək istəsələr, alacaqları zərbənin ağırlığına dözə bilməyəcəklər...

Təhmasib Novruzov

Bütün xəbərlər Facebook səhifəmizdə