Çay gəlməmiş çırmanıb, yay gəlməmiş qızanlar...

Bizim xalqın iliyinin içinə qədər nüfuz edib, orda gizlənib qalan bəzi-bəzi “dəyər”ləri açıb ortaya tökməkdə ölməz şairimiz Mirzə Ələkbər Sabirin əvəzi yoxdur. Rəhmətlikdə bu qabiliyyət, o qədər güclü olub ki, özünün də iliyindən gələn ağrılarla Allahın bəxş elədiyi istedad sayəsində həmin “dəyər”ləri eliyib xalqın malı. Bəlkə də, elə buna görədir ki, dünyanın heç bir dilinə Sabir satrik təfəkkürünün incəliklərini olduğu kimi tərcümə etmək və bu böyük klassikimizi dünyaya olduğu kimi tanıtmaq indiyə qədər mümkün olmamışdır.
Şairin belə deyimlərindən biri də, bizim indiki gözəl-göyçək, cibi uğrunda millətini də, dövlətini də hərrac bazarına çıxarmağa hazır olan bəzi dağıdıcı xislətli müxalifət yetkililərinin lap iliyindən xəbər verir. O deyimi, yəni misraları xatırladaq, sonra açmasına keçərik. Ustad babamız deyirdi: «Çırmanırıq keçməyə çay gəlməmiş, Başlayırıq qızmağa yay gəlməmiş!» Əcəba, bu misralarda ustad kimləri nəzərdə tuturdu? O dövrdə, yəni şairin yaşadığı XX əsrin əvvəllərində millətimizin bəzi-bəzi sonunu düşünmədən addım atan kimsələrini görüb, bu misraları qələmə alıbsa, elə indiki zamanımızda da belələri var və həm də sayları bir qədər də artıb. Elə ona görə də, ədəbiyyatşünaslarımız M.Ə.Sabiri bütün dövrlərin şairi adlandırır və onun əsərlərinin bütün dövrlər üçün aktual olduğunu deyirlər. Xülasə, məqsədim bu böyük düha sahibini tərifləmək deyil. Məsələ burasındadır ki, bizim indiki zəmanəmizdə bəzi-bəzi müxalifət adlanan siyasi dəllallarımız var ki, onlar gerçəkdən ustadın satiralarının qəhrəmanlarının eyniləridir ki, durublar. Məsələn, bir neçə gün öncə, Səid Nuri adlanan bir əxlaqsız məxluqun Kolumbiyadan göndərdiyi mesajları sosial şəbəkələrdə yayıldı. Noolar, demokratiyadı, kim nə istiyir deyir də, yazır da, heç kəs də onlara gözlərinin üstündə qaşlarının da var olduğunu xatırlatmır. Əksər sosial şəbəkə istifadəçiləri bu bədbəxtin martın 19-dakı mitinqi Kolumbiyadan hazırlayacağı (?) və idarə edəcəyi barədə sərsəmləmələri, bəzi-bəzi müxalif yönlü sosial şəbəkə istifadəçilərini necə feyziyab edibsə, az qala, aləmə car çəkirlər ki, bu Novruzu yeni hakimiyyətlə (???) qarşılayacaqlar. Ozü də bunun ideoloqu və təşkilatçısı S.Nuri deyilən birisidir ki, onun adı gələndə xaricdə yaşayan çox həmvətənlərimiz az qalırlar azərbaycanlı, yəni Səidin mənsub oduğunu iddia etdiyi millətin nümayəndəsi olduğunu dansınlar. Niyəsi məlumdur. Onun bir vaxtlar yayılan o biabırçı video-görüntülərini millət hələ də unutmayıb. İndi bu gədanın «çay gəlməmiş çırmanmasına, yay gəlməmiş qızmasına» bizim bəzi müxaliflərimizin də züy tutması, onu deməyə əsas verir ki, içimizdə hələ də Sabirin qəhrəmanlarının sayı xeylidir və bunların belə-belə hərəkətlərini gərəkdir ki, saf-çürük edib, millətimizin diqqətinə çatdıraq. Əvvəla, S.Nuri deyilən ikiayaqlının hansısa bir amala, əqidəyə qulluq etmədiyi hər kəsə məlumdur. Çünki holland sindromlu birisinin əqidəsindən, amalından danışmaq gülünc olardı. İkincisi, bu gədə nə vaxt Xomeyni, yaxud «ETO» oldu ki, birdən-birə atıldı ortaya və dedi ki, mən ölkədə inqilab edəcəyəm? Allah amandı, bu anti-Azərbaycan qüvvələr görün nə günə qalıblar ki, üstümüzə Səidi göndərirlər. Səid oturub Kolumbiyada, orda narkotiklərin ən tez ağlı başdan çıxaranlarından bir-iki qullaf vurub, bağırır ki, martın 19-da “məsələ həll ediləcək”. Burdakı züytutanlar da qoşulub ona, veriblər səs-səsə ki, hazır olun, biz (yəni səidçilər) gəlirik. Özü də Axır Çərşənbə günü, ilin ən təntənəli bayram günü gələcəklərini deyirlər. «Çay gəlməmiş çırmananlar» da, «yay gəlməmiş qızanlar» da başlayıblar əl altından adamlara vəzifə vədləri verməyə. Deyilənə görə, bundan da istifadə edib əməlli-başlı pul qazananlar da var. Qazansınlar, bazarlarına bərəkət, çünki Krılovun təbirincə desək, olmasaydı Əli kimi axmaqlar, ac qalardı Səid kimi yaltaqlar!

Təhmasib Novruzov

Bütün xəbərlər Facebook səhifəmizdə