(Yarıalleqorik yazı)

Tarix boyu çox şeylər dəyişib və dəyişməkdə davam edir. İctimai quruluşlar dəyişir, şüurlar dəyişir, sərhədlər dəyişir, inanclar dəyişir, son illər həyəcan təbili çalınır ki, hətta iqlim də dəyişir. İnsanlar bu dəyişmələri təbii qarşılayırlar. Amma mən bir dəyişikliyi heç cür həzm edə bilmirəm. Ha düşünüb-daşınıram, ha götür-qoy eliyirəm, bilmirəm, bunu da dünyada gedən təbii dəyişikliklərdən biri kimi qəbul edim, yoxsa dünyanın öz məhvərini geriyə fırlatması kimi?

Kənd həyatı görənlər, ən azı, uşaqlıq və gənclik çağlarını kənddə yaşayanlar bilirlər, bilməyənlərə də indi mən deyim, bilsinlər. Hər səhər gün doğar-doğmaz, xoruzlar başlayır banlamağa. Köhnə kişilər deyərdi ki, filankəsin xoruzu ban (yəni xoruzların dilində başqan) xoruzdu, birinci o banlayır. Hələ onu da deyirdilər ki, xoruzlar ban xoruzunu o qədər hörmətli tuturlar ki, o banlamadan, heç bir xoruz səsini çıxarmaz. Bilmirəm, bu, sadəcə, xalqın yaratdığı mifdir, yoxsa elmi əsası var, amma dədələrimiz belə deyərdilər. O zaman bir kəndin xoruzları səs-səsə verib banlayar, insanları günün doğmasından xəbərdar edərdilər. Amma indi xoruzlar başlayıb axşamlar banlamağa. Özü də, bir kəndin, bir şəhərin, bir ölkənin yox, bir qitənin də yox, dünyanın hər yerindən bir-birinə mesaj verib başlayırlar banlamağa. Bax bu, mənim həzm edə bilmədiyim o dəyişiklikdir ki, onun da baisi internet deyilən zadı icad eliyən kəslərdir. Sosial şəbəkə sahibləri, necə ediblərsə, dünyanın hər yerində xoruzlar özlərinə bab xoruzları tapıb, başlayırlar bir-birinə züy tuta-tuta banlamağa. Bizim haqqında danışmaq istədiyimiz xoruzların banı ingilis məmləkətindədi. Bu da, təbiidir, “ları xoruz” deyilən bir xoruz cinsi var, onun da məmləkəti ingilisstan olduğundan, biz uşaq olanda, kənddə ona həm də ingilis xoruzu deyərdik. O zamanlar ingilisin bu cins xoruzlarını alıb, gətirib bizim kəndlərdə banladardılar. Amma indi əksinədir, bizim ölkədə yumurta kimi doğulan, burda yumurtadan çıxan, burda mayalanan bu ban xoruz dən axtara-axtara gedib ingilislərin məmləkətində banlayır. Bu da bir dəyişiklik. Daha bir dəyişiklik də var. O da ibarətdir ondan ki, xoruzlar adəti üzrə səhərlər, gün doğan zaman banladığı halda, bu xoruzlar axşam, gün batanda başlayırlar banlaşmağa. Elə ki, axşam oldu, gün batdı, Londondakı xoruz banlayır: quq-qulu-qu... Gün batdı, səsinizi qaldırın! Ban xoruzun səsini eşidən kimi, Parisdəki bizim yerlərdən olub, orda dənlənən xoruz birinci olaraq onun səsinə səs verir: Quq-qulu-qu...Təzə söyüşlərlə səsimizə səs verin! Bir-birinin ardınca bizdən olub, yadların qapısında dən axtaran xoruzların səsləri qarışır bir-birinə. Almanlardan, isveçlərdən, norveçlərdən, daha bilmirəm, haralardan xoruzlar keçir internetin qabağına və başlayırlar banlaşmağa. Hərdən məmləkətdən də bir-iki xoruzu banladırlar. Bu da, ona görə edilir ki, guya bu xoruzlar hinpərvərdirlər və doğma hinlərini unutmurlar. Bunun üçün, heç şübhə yox ki, məmləkətdəki xoruzlara da əcnəbi dən göndərirlər, yoxsa onların səsi batar və banlaya bilməzlər. Banlaşmanın şirin yerində dən axtara-axtara okeanın o tayına gedib çıxmış xoruzlardan biri səsini qaldırır: quq-qulu-qu... Sizə noolub, ay bədbəxtlər, hələ günorta indi olub! Londondakı xoruz quqqulduyur ki, bədbəxt özünsən, bu qitədən o qədər ayrı düşmüsən, yaddan çıxarmısan ki, bizdə axşam olanda, orda günorta olur, biz sənə görə banlaşma vaxtımızı dəyişə bilmərik, zəhmət çək günortalar yatma, qoşul bizə! Beləcə banlaşma beynəlxalq xarakter alır. Bilmirəm, siz də mənlə razılaşırsınız, yoxsa yox, amma mən xoruz banlaşmasının bir kənddən, bir obadan çıxıb beynəlxalq məsələyə çevrilməsini dünya tarixinin ən böyük dəyişikliyi hesab edirəm və heç cür həzm edə bilmirəm. Yadıma uşaqkən, əzbərlədiyim bir şeir düşdü.Kiçik redaktəm də var bu şeirə: ay saqqalı ağ xoruz, dənliyi bardaq xoruz, axşamlar oyanırsan, gecələr banlayırsan, söyməkdən usanmırsan, təhqirdən utanmırsan...Nə isə! Sonda, qonşu ölkədə, Urusetdə yaşayan əziz oxucularıma bir ricada bulunmaq istıyirəm. Bizim bu yazımızı ordakı rus dostlarınıza oxuyub-eləsəniz, “xoruz” sözünü, hərfi tərcümədə olduğu kimi, çevirməyin. Yanlış anlayarlar e, ayıbdı axı!..

Təhmasib Novruzov

Bütün xəbərlər Facebook səhifəmizdə