Azərbaycan folklorunda yanıltmac deyilən bir janr var. İlk baxışda bu yanıltmaclar nitqin inkişafına yardım edən bir vasitə təsiri bağışlayır. Amma elə yanıltmaclar da var ki, yaradıcı xalq digər janrlarda olduğu kimi, burda da dərin məna kəsb edən fikir yükü formalaşdırıb. Özünü müxalifət adlandırıb, meydanlara atılan, bəzi siyasi oyunbazların indiki fəliyyətini izlədikcə, belə yanıltmaclardan birini xatırlayıram.

Söhbət “bir dərədə iki kar-kor, kürkü yırtıq kirpilər” haqqında məşhur yanıltmacdan gedir.Bu yanıltmacdakı “kürk” sözünü “maska” sözü ilə əvəzləsək, (Çünki “kürk”dən, özü də “sarı kürk”dən artıq firənglər istifadə ediblər) bizim əzəli və əbədi müxalifətimizin indiki durumu ilə səsləşən çox qəribə bir bədii tablo yaranar. Bir-iki cümləsini deyim, siz də oxuyun və görün ki, yanılmıram: “Getdim gördüm bir dərədə (Oxu: “Məhsul” sdadionunda) iki kar-kor, maskası yırtıq kirpi oxlarını qabardıb dava eliyir. Gördüm ki, dişi kar-kor, maskası yırtıq kirpi erkək kar-kor, maskası yırtıq kirpinin maskasını yamamaqdansa, erkək kar-kor, maskası yırtıq kirpi dişi kar- kor, maskası yırtıq kirpinin maskasını yamayır...” Burda kirpi obrazı da bizim meydanlarda at oynatmaq istəyən, utanıb-qızarmadan özlərini “xilaskar” kimi təqdim edən bəzi-bəzi xalis kar siyasi biznes həvəskarlarının prototipidir. Niyə bu yanıltmac mənim diqqətimi cəlb elədi, indi deyim, siz də bilin. Bu kar-kor, maskası yırtıq beş-üc “kirpi”nin, heç olmasa, yanıltmacdakı kirpilər qədər bir-birinin maskalarını yamamağa qabiliyyətləri çatarmı, görəsən? Əsla! Çünki hamısının yırtılmış maskaları Avropada yamanıb, sonra hazır vəziyyətdə göndərilir ki, geyinin, çıxın meydanlara, qorxmayın, pulunuzu da verəcəyik, sizə dəstək də olacağıq. Niyə də deməsinlər, bu üsullarla Liviyada, İraqda, Əfqanıstanda, Misirdə, daha haralarda milyardlar qazanıblar. İndi üstündən beş-on milyon bizim maskalı “kirpi”lərə xərcləsələr, kasıb düşməyəcəklər ki! Fərq ondadır ki, bu sadaladığım ölkələrdən fərqli olaraq, Avropa ölkələrində rəngli zadlardan da istifadə edirlər. Məsələn, Fransada sarı, Portuqaliyada mavi, Yunanstanda çəhrayı, Gürcüstanda qızılı və s. rənglərdə müxtəlif geyimlər göndərdikləri kimi, bizim zavallılara da qara maska göndərirlər. Niyə maska və niyə qara? Haqlı sualdı, deyilmi? Çünki Avropada da bilirlər ki, bizim ortaya düşən toy toğlularımız həm kardılar, həm də kor. Korluq qaranlıq, qaranlıq da qara rəng əlamətidir. Ona görə də, bunlara qara rəngli maskalar göndərirlər. Bir də, ona görə qara maska göndərirlər ki, illərdir avropadakıların verdiyi milyonlar müqabilində onların heç bir istəklərini həyata keçirə bilmədiklərindən, üzləri ağalarının yanında qaradır. Ona görə də, müzakirə-filan da etmədən, bizim “kirpi”lərə qara maska göndəriblər. Həm də jilet, köynək - filan yox, ona görə, məhz maska göndəriblər ki, az qala otuz ildi onlar meydanlardadı, üzləri sürtülüb. Bu sürtülmüş üzləri gizlətməyin də bir yolu var, o da maska taxmaqdır. Nə deyirik, maskaları mübarək! Bu millət, həm də elə “kirpi”lərin özləri (Axı onlar özləri də bir-birinin maskalarını yırtmaqda pərgardılar!) çox tezliklə onları da yırtacaq və altında gizlənən əsl simalarını dünyaya yenidən nümayiş etdirəcək. Bax, o zaman bir yanıltmac da onların olmayan “şərəfləri”nə ithaf edəcək yaradıcı xalq. Amma bu yanıltmacda “yamamaq”dan deyil, “yırtmaq”dan söhbət açılacaq. O yanıltmacın ilk iki cümləsi də, çox güman ki, belə olacaq: “Getdik gördük bir meydanda altı kar-kor maskalı xalis kar çığırıb- bağırır. Baxıb gördük ki, meydanın bir kənarında erkək kar-kor maskalı xalis kar dişi kar-kor maskalı xalis karın maskasını yırtmaqdansa, dişi kar, kor maskalı xaliskar erkək kar-kor maskalı xalis karın maskasını yırtır...“ Ardını saxlayaq yaradıcı xalqımızın düzüb-qoşmasıına.

Təhmasib Novruzov

Bütün xəbərlər Facebook səhifəmizdə