Dövlət siyasətinin mühüm tərkib hissəsi Regionların sosial-iqtisadi inkişafı

Müasir dövrümüzdə iqtisadiyyatın dayanıqlı inkişafının təmin edilməsi və əhalinin sosial həyat səviyyəsinin yüksəldilməsi dövlətimizin qarşısında vacib vəzifə kimi durur. Bu baxımdan, bilavasitə, Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə regionların davamlı sosial-iqtisadi inkişafının təmin edilməsi ilə bağlı hazırlanan və müvəffəqiyyətlə həyata keçirilən dövlət proqramları olduqca təqdirəlayiqdir.

Son 15 ildə Azərbaycanın bölgələrinin tarazlı və hərtərəfli inkişafında, iqtisadi fəallığln yüksəlməsində, iqtisadiyyatın rəqabət qabiliyyətinin artmasında, iş yerlərinin və yeni müəssisələrin yaradılmasında, əhalinin məşğulluğunun yaxşılaşmasında, ümumilikdə, respublikamızın dayanıqlı və sürətli inkişafının təmin olunmasında regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası mühüm əhəmiyyət kəsb edir. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən siyasət iqtisadi tərəqqinin əsas amilinə, sistemli və dayanıqlı inkişafın dövlət tənzimlənməsinin mütərəqqi bir metoduna çevrilib. Bölgələrdə milli iqtisadi ehtiyatların tam səfərbər olunmasına, sahibkarlıq sektorunun dirçəlməsinə, azad biznesin inkişafına, rəqabətqabiliyyətli istehsal sektorunun formalaşmasına dərin zəmin yaradıb. Bu siyasət ölkəmizdə sosial infrastrukturun, kommunal xidmət sektorunun, enerji və nəqliyyat sisteminin etibarlı təminatını və təhlükəsizliyini möhkəmləndirib.

Ötən 15 ilin təcrübəsi göstərir ki, ölkənin sosial-iqtisadi inkişafında prioritet kimi müəyyən edilmiş və neft-qaz gəlirlərindən səmərəli istifadə etməklə, regional tarazlığın təmin edilməsində regional inkişaf üzrə dövlət proqramları mühüm rol oynayıb. Dövlət proqramları çərçivəsində Azərbaycanın iqtisadi qüdrəti daha da yüksəlib, ölkədə işgüzar fəallıq artıb, regionlarda sahibkarlıq fəaliyyəti daha da genişlənib, geniş və ölkənin bütün coğrafi hüdudlarını əhatə edən iri infrastruktur layihələri həyata keçirilib.

Yüksək siyasi dəstək və iradə: uğurlu layihə və perspektivli proqramlar

Hər bir uğurlu layihə və proqramın arxasında yüksək siyasi dəstək və iradə dayanır. Məhz Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən iqtisadi inkişaf strategiyası, bu siyasi dəstək və iradənin təcəssümüdür. O cümlədən 2014-2018-ci illəri əhatə edən Üçüncü Dövlət Proqramının uğurlu icrası yeni infrastrukturun qurulmasına, eləcə də, regionlarda abadlıq və quruculuq işlərinin sürətləndirilməsinə də zəmin yaradıb.

Prezident İlham Əliyev 2018-ci il yanvarın 29-da Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı Dördüncü Proqramla bağlı işlərə başlanacağını bildirib. "Dövlət proqramlarının icrası çox uğurla gedib və qarşıda duran vəzifələr icra edilib" deyən dövlət başçısı bu proqramların həyata keçirilməsinin regionların inkişafında dönüş yaratdığını diqqətə çatdırdı. 2003-cü ildən Azərbaycanın böyük uğurlara imza atdığını, ölkəmizdə hərtərəfli inkişafın təmin olunduğunu vurğulayan Prezident İlham Əliyev bildirib ki, ölkədə aparılan islahatlar dünya birliyi tərəfindən də yüksək qiymətləndirilir.

Regionların iqtisadi inkişafında yeni tendensiyalar

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı- alim Vüqar Bayramov bildirib ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının əsas məqsədi infrastrukturun yaradılmasına yardım etməkdir. Dövlət proqramlarının icrasından əvvəl, rayonlarda praktik olaraq, nəinki infrastruktur, həmçinin, kommunal xidmətlərin verilməsi ilə bağlı problemlərin mövcud olduğunu deyən ekspert qeyd edib ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının icrası regionlarda infrastrukturun formalaşdırılması, xüsusən, regionlarla paytaxt arasındakı infrastruktur fərqinin aradan qaldırılmasına hesablanmışdı: "Dövlət proqramlarının icrasının birinci mərhələsi infrastrukturun formalaşdırılması və bunun hesabına regionlara sərmayənin cəlb edilməsi əsas prioritet idi. İkinci mərhələdə formalaşmış infrastrukturun artıq dəyərə çevrilməsi çox vacibdir. Artıq dövlət proqramları keyfiyyət baxımından mövcud infrastrukturun dəyərə çevirməsini hədəfləyir".

İqtisadiyyatda regionların payında artımın qeydə alındığını vurğulayan V.Bayramov qeyd edib ki, qeyri-neft ixracının yarıdan çoxu regionların payına düşür: "Qeyri-neft ixracının artırılması ilə yanaşı, bütövlükdə, büdcədə və biznesdə regionların payının artırılması prioritet olaraq qalır. Regionların inkişafı üzrə üç Dövlət Proqramının yerinə yetirilməsi sərmayənin cəlb olunmasına imkan verən infrastrukturun formalaşdırılması baxımından əhəmiyyətli idi. Növbəti mərhələdə, xüsusən, biznes mühitinin formalaşdırılması hesabına regionların iqtisadiyyatına daha çox sərmayənin cəlb olunması prioritetdir".

Ekspertin sözlərinə görə, sərmayələrin cəlb olunmasında yerli hakimiyyət orqanlarının rolunu gücləndirmək vacibdir. O, söyləyib ki, sərmayələrin cəlb edilməsi, əslində, yerli hakimiyyət orqanlarının bir funksiyası kimi xarakterizə olunmalıdır. Yerlərdə investisiya mühitinin yaradılmasının yerli hakimiyyət orqanlarının fəaliyyətindən asılı olduğunu deyən V.Bayramov xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev regionlara investisiyanın cəlb olunması üçün yerli hakimiyyət orqanlarının qarşısına konkret tapşırıqlar qoyub.

Mükəmməl iqtisadi təhlillərə söykənən iqtisadi proqram

Bir sözlə, güclü iqtisadi təhlillərə söykənən regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramları Prezident İlham Əliyevin çox mükəmməl iqtisadi təhlillərinə və elmi əsaslara söykənən iqtisadi proqram adlandırmaq olar. Ölkə başçısının, son 15 il ərzində, bölgələrə davamlı şəkildə səfərlər etməsi və hər dəfə yerli sakinlərlə görüşü, bir daha təsdiq edir ki, ölkə vətəndaşları öz Prezidentinə daima inanır və onları daha əzmlə çalışmağa sövq edir. Cənab Prezident daim vətəndaşlarla açıq şəkildə təmas quraraq, onların görmək istədikləri və arzu etdikləri məsələlərin həyata keçməsi üçün bütün tədbirlərin görüləcəyini əmin etməklə, insanlarda dövlətə olan dərin inamı daha da mökəmləndirmiş olur. Prezident İlham Əliyev həmişə ölkə vətəndaşlarının daha yaxşı yaşamaları, hər bir sosial infrasturktur və kommunal xidmət növləri ilə təmin olunmaları, rahat istirahət etmələri üçün lazım olan bütün şəraitin yaradılacağını bildirir. Dövlət başçısı ölkəmizdə aparılan sürətli quruculuq işlərinin hər bir rayonda geniş vüsət alacağını dəfələrlə diqqətə çatdırıb. "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır" deyən Prezident İlham Əliyev hər bir rayonda insanların normal yaşaması, ölkəmizin sosial-iqtisadi tərəqqisi üçün dövlət siyasətinin gücləndiriləcəyini bəyan edib: "Bu, bizim siyasətimizin konkret nəticələridir. Bizim siyasətimiz sosialyönümlüdür. Bir daha demək istəyirəm ki, sosial siyasətin əsas məqsədi Azərbaycanı gücləndirmək, Azərbaycan xalqının rifah halını yaxşılaşdırmaqdır".

Göründüyü kimi, Prezident İlham Əliyevin rayonlara sistemli və davamlı xarakter alan səfərləri regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsində müstəsna əhəmiyyət kəsb edir. Bütün ölkə üzrə aparılan yenidənqurma işlərinin və inkişaf proqramlarının həyata keçirilməsinə dövlət büdcəsindən ayrılan xərclərlə yanaşı, Prezidentin Ehtiyat Fondundan da əlavə maliyyə vəsaitləri yönəldilir ki, bu da insanların rahatlığına və firavan yaşamasına səbəb olur.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə