Dilimizdə məşhur bir söz var: "verbovat"! Bu sözün qarşılığını yaratmaq üçün çox dilçilər çox sözlərdən istifadə edilməsini təklif edirlər. Ancaq təklif olunan sözlərin heç biri həmin sözün daşıdığı fikir yükünü tam əks etdirmədiyindən, xalq danışıq dilində bu gün də elə rus variantından istifadə olunur. Bir qələm adamı kimi bu sözün məna tutumunu ifadə edə biləcək, qarşılığını ana dilimizdə ifadə edəcək söz tapılması mənim də həmişə maraq dairəmdə olub. Nəhayət, hesab edirəm ki, bu sözün dilimizdə ən yaxşı qarşılığı kimi "zəbt" kəlməsindən istifadə etmək olar.

Bu günlərdə "Spase" televiziyasında yayımlanan "El bizim, sirr bizim" verilişinə baxırdım. Yeri gəlmişkən, bu verilişin adı şərtidir. Bəzən bu verilişdə elin elə sirləri bizdən alınıb dünyaya transfer edilir ki, hansısa bir əcnəbi bunu görsə, məmləkətimizə banan ölkəsi kimi baxar. Nə isə, məqsədim verilişi müzakirə etmək deyil. Ədalət naminə, təkcə onu deməyi özümə borc bilirəm ki, Azərbaycan tele-məkanında nümayiş etdirilən çoxsaylı müəllif verilişləri sırasında, məhz "El bizim, sirr bizim" ciddi, narahatlıq yaradan problemlərin, bir az şou qatqısı olsa belə, ən çox müzakirəsi aparılan proqramdır. Elə baxdığım verilişdə də mövzu maraqlı idi: "Abır nədir?" Mövzu diqqətimi cəlb elədi. Doğrudur, tok-şouya qatılan ekspertlər, verilişin sonuna qədər abır məsələsinə münasibətdə məişət səviyyəsindən yuxarı qalxmadılar. Hesab edirəm ki, biz çox zaman "abır" sözünün altında mütiləşirik, acizləşirik, cəmiyyətdə gözlərimiz qarşısında baş verənlərə və mənəviyyatımızın zəbtinə yönəldilmiş hücumlara belə abırımızı saxlayıb, mövqe bildirməkdən çəkinirik. Yəni bizlərin müxtəlif vasitələrlə mənəviyyatımızın zəbtini (oxu: "verbovat" edilməsini) seyr edir, "mənə nə" deyib susuruq. Söz salanda da, səbəb kimi abır, ismət məsələsini atırıq ortaya. Deməli, belə çıxır ki, yadlar bizim mənəviyyatımızı zəbt edəcək, bizə öz mənəviyyatsızlıqlarını transfer edəcək, biz də mənəviyyatımızın tələbi ilə "ayıbdır, abır gözləyək" deyib abırsızlaşacağıq! Bu, necə məntiqdir və bizi, əslində, mənəviyyatsızlığa yuvarladan bu "mənəvi dəyər" bizə kimdən və hardan keçib? Adını çəkdiyim verilişdə ölkə daxilindəki əyər-əskilərlə bağlı abır saxlayıb, susmağın zərərindən danışıldı. Təbii ki, bu da mühüm, həm də çox mühüm problemdir və deyilməsi, danışılması vacibdir. Ancaq daxili problemlərlə yanaşı, xaricdən idxal edilən elə məsələlər var ki, biz onlar haqqında söz açmadıqca, onlar ayaqlarını daha iri atmağa həvəslənirlər. Məsələn, Avropanın mentalitetimizə çox zidd dəyərləri var ki, on illərdi bizim cəmiyyətə idxal edilir. Hətta vəziyyət o həddə gəlib çıxdı ki, Avropa qurumları Azərbaycandan "Cinsi azlıqların hüquqlarının müdafiəsi" və "Eynicinslilərin nigahı" haqqında qanun qəbul edilməsi təklifini irəli sürdülər. Əgər dövlət orqanlarının iradəsi bir az zəif olsaydı, çox güman ki, bu qanunlar qəbul oluna bilərdi. Qəribədir ki, bu məsələ ortaya atılanda, kimə münasibətini bildirmək üçün müraciət edilirdisə, hamı susurdu, yəni abır gözləyirdi. İndinin özündə, məhz bizləri milli dəyərlərimizdən uzaqlaşdırmağa çalışan televiziya verilişləri, yaxud internet portalları haqqında söz demirik, çünki abırımızı qoruyuruq. Abır qoruma bizim mənəvi dəyərlərimizi zəbt, yəni "verbovat" eliyir və bizi daha dəhşətli abırsızlıqlara doğru sürükləyir. Odur ki, mənəviyyatımızın zəbtinə imkan verməmək, abır-həyamızı saxlamaq istəyiriksə, məqamı gələndə, indiki "abır qorumaq" mövqeyimizdən imtina etməliyik. Çünki mənəviyyatı zəbt olunan millətin varlığı təhlükə altına düşür.

Təhmasib Novruzov

Bütün xəbərlər Facebook səhifəmizdə