Dövlət idarəçiliyi ilə bağlı təməl prinsiplərdən biri seçilmiş iqtidarın xalqın rifahı istiqamətində siyasi, iqtisadi, sosial islahatları zamanında həyata keçirməsidir. İqtidar bu prinsipi gözardı etdiyi təqdirdə xalqı iqtidardan uzaqlaşdırmaqla birlikdə, ölkəni xarici müdaxilələrə də açıq hala gətirmiş olur. Bununla bağlı göstəriləcək nümunələr siyahısında təəssüf ki, Venesuela üst sıralarda gəlməkdədir.

Dünyanın ən böyük neft ehtiyyatlarına sahib Venesuelada 1998 seçkiləri ilə Uqo Çavesin hakimiyyətə gəlişi, 1980-lərdən bəri iqtisadi böhran içində yaşayan xalqın nəzdində böyük ümidlər doğurmuşdur. Çavez hakimiyyətinin ilk iki dövrünün beynəlxalq bazarda neftin qiymətinin 100-120 dollar səviyyələrinə qalxması ilə üst üstə düşməsi ixracat gəlirlərini artırmış və nəticə etibarilə orta və yoxsul təbəqəyə yardımlar üçün böyük fonların ayrılmasına, sağlıq sektoruna, təhsil sisteminə qaynaqların ayrılmasına şərait yaratmışdır. Bu isə Bolivarcı sosializmi mənimsəyən Çavesin xalq nəzdində populyarlığını artırmış, qəhrəman lider mövqeyinə yüksəltmiş və hakimiyyətini möhkəmlətmişdir.

Bütün bunlar baş verərkən, qeyri-neft sektoruna yetərli investisiyanın qoyulmaması, istehsalat sahələrinin diqqətdən kənarda qalması və ixracatın böyük hissəsinin neft sektorunun payına düşməsi iqtisadiyyatı dayaqsız buraxmış, kiçik sarsıntılara belə dağıdıcı reaksiya verəcək səviyyəyə salmışdır. Xarici siyasətdə isə Çavesin izləmiş olduğu anti-ABŞ siyasi cizgisi Venesuelanı Amerika üçün açıq hədəfə çevirmişdir. Çavesin xalq nəzdində qazanmış olduğu inqilabçı-lider sifəti ona qarşı hər hansı xarici müdaxilənin önünü kəsmiş olsa da, Çaves sonrası böhranın qarşısını ala bilməmişdir.

Çaves siyasi cizgisini davam etdirən Maduro hakimiyyəti onunku qədər şanslı olmamışdır. 2010-dan sonra beynəlxalq bazarda neftin qiymətinin kəskin şəkildə düşüşü və sanksiyalar Venesuelanı iqtisadi böhrana sürükləmişdir. Maduronun Milli Assambleyada çoxluğu itirdikdən sonra qanunverici hakmiyyəti əldən verməmək üçün yeni konstitusiya çalışmaları adı altında Qurucu Məclisi "yaratması" isə siyasi böhranı doğurmuş, daha sonra müxalifətin son prezident seçkilərini tanımaması və Milli Assambleyanın sədri Juan Guaidonun özünü keçici dövlət başçısı elan etməsi isə ölkədə iki hakimiyyətliliyin yolunu açmışdır.

"Arxa bağça"sında təhdit ünsürü olaraq gördüyü Venesuelanın içinə sürükləndiyi bu vəziyyət, xarici siyasət keçmişi demokratiya pərdəsi altında müdaxilələrlə qabarıq olan ABŞ üçün əldən verilməməsi gərəkən fürsətə çevrilmişdir. 2017-nin avqustundan bəri iqtisadi sanksiyalarla böhranda böyük rol oynayan Trampın Juan Guaidonu Venesuelanın keçici dövlət başçısı olaraq tanıması, hətta Milli Təhlükəsizlik katibinin Venesuela ordusunu çevrilişə səsləməsi hadisələri bir başqa məcraya sürükləmişdir. Bir tərəfdə ABŞ, Kanada, Avropa İttifaqı, Argentina, Çili, Braziliya, Kolumbiya, Panama, Kostarika, Guatemala, Honduras, Paraqvay, Peru kimi ölkələrin Guaidonu dəstəkləmələri, digər tərəfdə isə Çin, Rusiya, Kuba, Boliviya İran və Türkiyənin Maduro hakmiyyətinə arxa çıxmağı həm Maduro hakimiyyətinin məşruiyyətini müzakirəyə açmış, digər tərəfdən ölkəni Suriya bənzəri bir ssenari ilə qarşı qarşıya buraxmışdır.

Artıq Venesuelanın ABŞ koalisiyası ilə ABŞ rəqibləri arasında mübarizə meydanına çevriləcəyi şübhəsizdir. Trampın Guaidonu keçici dövlət başçısı olaraq tanımasını, Venesuelada hakimiyyət dəyişikliyini mütləq mənada dəstəklədiyi, hətta ehtiyac duyulduğunda iqtidarın dəvəti ilə hərbi müdaxilə yolunu açıq tutması olaraq izah etmək olar. Burada hərbi müdaxiləyə məşruiyyət qazandırma istiqamətində məşru iqtidarın dəvəti ABŞ üçün ölkəyə giriş "vizası" hökmünü daşıyacaqdır. Rusiya rəsmilərinin ABŞ-ın hər hansı hərbi müdaxilədən uzaq durması istiqamətində sərt açıqlamaları isə, Kremlin Maduro hakimiyyətini dəstəkləməyə davam edəcəyi, Rusiya neft şirkəti "Rosneft"in Venesueladakı mövqeyini qoruyacağı mənasını daşımaqdadır. BMT baş katibinin Maduro və Guaidonu danışıqlara səsləyən açıqlamaları tərəfsiz və müsbət yönlü bir təşəbbüs olaraq görülsə də, təəssüf ki, heç bir nəticə verməmişdir.

Bütün bu prosesin kölgəsində Maduronun iqtidarda qalması, xaosdan çıxış üçün heç bir layihəsi və dayanağı olmayan hakimiyyətin ölkəni sonu bəlli olmayan bir girdaba sürükləməyə davam etməsi olacaq. Maduronun çevrilişi isə ölkəni fərqli bir sistemlə ABŞ nəzarətində yeni məcralara sürükləyəcəkdir. Nəticə etibarilə artıq Venesuela geri dönüşü olmayan bir prosesin içərisinə girmişdir. İqtisadi tənəzzül, siyasi qarışıqlıq, hərbi çevriliş, vətəndaş müharibəsi, iki hakimiyyətlilik önümüzdəki günlərdə Venesuela xalqının yaşaması ehtimal hadisələr olaraq görülməkdədir. Təəssüflər olsun ki, bütün bunların cəzasını hər zaman xalq çəkir. Dünyanın ən mühüm enerji ehtiyyatına sahib bir ölkənin bu gün yaşadığı xaos da məhz bu cür "iqtidarsızlığın" nəticəsidir.

Elnur Eyvazov, politoloq

Bütün xəbərlər Facebook səhifəmizdə