Türkiyə bölgənin açar dövlətinə çevrilir

Türkiyə dövləti, neçə on illərdir ki, ona qarşı bütün cəbhələrdə müharibə aparan və öz şərtlərini diktə edən beynəlxalq güclərə əzələ nümayiş etdirməyə başlayıb. İndi Türkiyə, təkcə NATO-dakı üzvlüyü və yerləşdiyi regiondakı mövqeyi ilə önə çıxmır. Artıq Türkiyə öz gücü ilə, güclü dövlət xarizması ilə dünya siyasətində boy göstərməyə başlayıb. Qərbdəkilərin xoşuna gəlsə də, gəlməsə də.

Rəcəb Tayyip Ərdoğan, son bir neçə ildə qərbdəki Türkiyə düşmənlərinə qarşı atdığı son addımları ilə həm əzələ nümayiş etdirdi, həm də Türkiyəni Osmanlı dövründəki gücünə doğru qaytarmağa başladı. Bu fikirlərim qətiyyən Ərdoğanın təriflənməsi üçün deyilməyib. Bu, sadəcə ortada olan real faktdır. Dünya siyasətində “itin yiyəsini tanımadığı” bir zamanda Türkiyənin dünya siyasətindəki real siyasi tablosundan danışıram.

Hə, orası bir başqa məsələ ki, Türkiyənin daxilində demokratik institutların yerini itirməsi, qardaş ölkədə “hər şey Ərdoğandır” prinsipinin yavaş-yavaş önə çıxması barədə fikirlər artıq səslənməkdədir. Üstəgəl, Ərdoğanın son illərdə həddindən çox Vladimir Putinə doğru “stavka” etməsi, bir sıra latın Amerikası ölkələrindəki uğursuz diktatorlara “atalıq etməsi” də ortada olan faktlardandır. Amma əsas məsələ odur ki, Türkiyə bir dövlət olaraq, ikiüzlü qərb diplomatiyasının Ankara üçün qurduğu bütün tələləri bir-bir aradan qaldırmağı bacardı. Qərbin əlaltısı və “sözəbaxanı” imici artıq Türkiyə üçün yad fikirdir.

Fikir verin, keçən əsrin ikinci yarısından sonrakı zəif, gücsüz, iqtisadiyyatı və maliyyəsi olmayan əzik bir Türkiyədən əsər-əlamət yoxdur. Hazırda Avropa və ABŞ-ın qarşısında güclü bir Türkiyə modeli dayanıb. Artıq o dövrün Türkiyəsi tarixin arxivinə gömüldü. Sübut istəyirsiniz?, buyurun: Donald Trampın müşaviri Con Bolton İsraildə olarkən Türkiyə barədə yanlış bir neçə fikir səsələndirdi, cavabında Ərdoğan onu Ankarada qəbul etməkdən imtina etdi.

Elə bir müddət əvvəl R.T.Ərdoğan Suriya məsələsi ilə bağlı D.Trampla telefon danışığında, onunla elə bir tərzdə müzakirə apardı ki, Ağ Evin sahibi Türkiyənin bölgə üçün açar rolunu oynadığına açıqca əmin oldu. Artıq itaətkar Ankaradan əsər-əlamət yoxdur. Bu da SÜBUT!. Əgər bu addımı 1990-cı və 2000-ci illərdə hansısa Türkiyə rəhbəri etsəydi, bunun bədələni ağır ödəyərdi. Həm də bunun hesabını bütün Türkiyəyə ödətdirərədilər. Amma bu gün güclü bir Türkiyə faktoru ortadadır.

2003-cü ildən sonrakı Türkiyə, Avropa Birliyi və ABŞ üçün əsl sürpriz oldu desəm, səhv etmərəm. Çünki bunun doğru olduğunu qərbdəki əksər aparıcı siyasətçilər də açıqca etiraf edirlər. Baxın, 70 ilə yaxındır ki, Avropa Birliyinin qapısı önündə başını aşağı dikib növbə gözləyən Türkiyə, artıq acı bir tarix kimi xatırlanır. Çünki Osmanlı nəvələrinin bu xrisitian klubuna ehtiyacı yoxdur. Tam əksinə, indi Avropanın Türkiyəyə böyük ehtiyacı var.

Həm də gizlədiləsi heç nə qalmayıb axı ortada. Hər şey sadə şəkildə hamıya məlumdur. Türkiyə, həm ona qarşı olan oyunları pozdu, həm də bölgədəki OYUN QAYDALARINI dəyişdi. Cəmi bir neçə il əvvəl hər gün şəhid əsgərlərinin tabutları ilə gününü açan, şəhid analarının ah-naləsi ilə sarsılan ölkə getmiş, yerində sabit, güclü və diqtə edən bir türk dövləti ortaya çıxmışdır. Ən önəmlisi də budur. Məncə R.T.Ərdoğanın ən böyük qələbəsi PKK-nın qanlı caynağlarını Türkiyə ərazisindən kəsməsi oldu. Bu, sadəcə isbata ehtiyacı olmayan tarixi AKSİOMADIR!.

Türkiyənin yeni güc mərkəzi olmasına qarşı nə əngəllər törətmədilər ki. Rusiya ilə yaradılan təyyarə krizindən tutmuş, Türkiyəyə ağır iqtisadi zərbə vurmaq üçün dolların “havaya uçurulması”na qədər hər yola baş vurdular. Məqsəd bəlli idi: Gerçəkdən güclü bir Türkiyənin nəinki regionda, həm də dünya birliyində əsas söz sahiblərindən birinə çevrilməsinə, boy göstərməsinə qarşı “dur” demək. Amma bu qüvvələr onda ayıldılar ki, qüdrətli Türkiyəyə “dur” əmri vermək çox gecdir artıq...

Türkiyəni neçə on illərdir ki, qana boğan, xarici güclərin əlində türk xalqına qarşı şərəfsiz və həm də qanlı bir alətə çevrilən PKK, bu gün başı əzilən ilan kimi qıvrılır. Avropadakıların, xüsusi ilə Ağ Evin on illərdir ki, silah və pul ilə təmin etdiyi, hər vəchlə bölgənin cəlladı kimi ön planda saxladığı PKK, məhz Türkiyə rəhbərliyinin qətiyyətli siyasi planları ilə ölü hala gətirilib. Bir zamanlar Türkiyənin içərisində özünə yuva quran PKK, bu gün Şimali İraqda belə türk bombalarının “istisini” hər zaman üzərində hiss edir. Və sadəcə bir kəlmə: Türkiyə artıq təkcə regionda əsas oyunçulardan biri yox, ən vacibidir. Türkiyə bölgənin açar ölkəsidir.

Mətləb Salahov

Bütün xəbərlər Facebook səhifəmizdə