Bizim "əziz-xələf" müxalifətimizin ləngərlilərindən, üzr istəyirəm, liderlərindən tez-tez eşitdiyimiz bir ifadə var: biz xalqı xilas etmək istəyirik (?..). Bu zavallılr hələ də anlamırlar ki, pul, mal, mülk xəstəliynə düçar olan özlərini xilas etməyə gücləri çatmırsa, kimi, nədən və ya kimdən, həm də necə xilas edəcəklər? Pulun quluna çevrilib millətini, müstəqil dövlətini, o cümlədən, yaxınlarını düşmənlərə satmağa hazır olanların kimisə xilas etmək adı ilə meydana atılması Don Kixotun dəyirman savaşına bənzəyir. Fərq ondadır ki, Don Kixot sevdiyi Dulsineyası uğrunda mübarizə aparır. Bu binəvaların isə sevdiyi puldu-paradı ki, onun yolunda, nəinki dəyirmanla, inək tövləsi ilə də savaşarlar. Ta ki, pul verən ağaları onlardan razı qalsınlar.

Bu ölkənin sadə vətəndaşı olaraq "xilaskar" sözünü həmin mağmunların dilindən eşidəndə, qəşş eliyib gülməkdən özümü saxlaya bilmədim. Nəfsinə tət deyib düşmən köləliyindən qurtula bilməyənlər, yəni nəfsinin qulu olub, azad olmaq üçün çaba göstərməyənlər, kimlərisə azad etməkdən danışırlar. Onların pafosla səsləndirdikləri bu populist çıxışların hansı məqsədə xidmət etdiyi ölkədə "məmə deyəndən-pəpə yeyənə" kimi hamıya yaxşı məlumdur. Odur ki, bu barədə ətraflı yazıb hörmətli oxucularımın qiymətli vaxtını almaq istəmirəm. Ancaq onların "xilaskarlıq" missiyalarının məzmununa atüstü ekskurs etmək, fikrimcə, pis olmazdı. 1993-cü il çox da uzaq tarix deyil və indiki yaşlı nəsil o illəri yaxşı xatırlayır. İndi korrupsiyadan, bürokratiyadan ağızları köpüklənə-köpüklənə danışanların bir illik hakimiyyəti ölkəni hansı vəziyyətə salmışdı! İnsanların həyatı yalnız banan ölkələrin sakinlərinin həyatı ilə müqayisə oluna bilərdi. Düşmən ard-arda rayonlarımızı, kəndlərimizi işğal eliyirdi, başıpozuq ordumuz (əgər ona ordu demək olardısa) isə mövqelərimizi qoyub, ölkədə başlayan vətəndaş müharibəsinə sürüklənirdi. Hava qaralanda, kimsə evindən bayıra çıxmağa cəsarət etmirdi. Çünki sahibsiz ölkədə hər tində bir qaçaq, bir soyğunçu-quldur öz şikarını gözləyirdi. Bir şirkət sahibi, Gəncədə təpiyini yerə bərk vuran kimi, hakimiyyətin üst təbəqəsi dabanlarına tüpürüb qaçırdılar. Sadalamaqla bitməyən belə biabırçı faktlarla üz-üzə qalan Azərbaycan cəmiyyəti, məhz 1993-cü ildə atdığı tarixi addımla - Ulu Öndər Heydər Əliyevi hakimiyyətə qayıtmağa razı salmaqla, bütün bunların qarşısını aldı və ölkə xaosdan çıxıb, inkişaf yoluna qədəm qoydu. Ölkə, heç kəsin, o cümlədən də, bu "xilaskarlar"ın belə xəyallarına gətirmədikləri bir vüsətlə inkişaf etdi və bugünkü iftixar hissi doğuran bir dövlətə çevrildi. Bütün bunların görməməkləri təbiidir. Çünki kordan görmək tələb etmək ədalətsizlik olardı. Oxucum məni düzgün anlasın, fiziki gözdən söhbət getmir, mənəvi gözün kor olması daha böyük faciədir ki, bu zavallılar da, o faciəyə çoxdan düçar olublar. Bir daha xatırlatmağa ehtiyac duyuram ki, bayaq haqqında danışdığım həmin xaos dövründə indi "xilaskarlıq" missiyasından danışanlardan biri parlamentin sədri, biri baş nazir, biri dövlət katibi, digər ikisi müdafiə və daxili işlər nazirləri kabinetlərində əyləşmişdilər. Adlarını çəkib, ürəkləri bulandırmaq istəmirəm, onsuz da, onları hər kəs gözəl tanıyır. O zaman mənəvi korluqlarını nümayiş etdirən həmin zatların (oxu: zatıqırıqların) həm də kar olduqlarını indi anlamağa başladım. Dünyadakı anti-Azərbaycan qüvvələrin pülədikləri zurnanın səsi hələ onların qulaqlarına çatmırsa, deməli, xalis kardır. Bu məmləkətin indiki sürətli inkişafını görməyən kordursa, inkişafımızı gözü götürməyən düşmənlərimizin çığır-bağırlarını eşitməmək xalis karlığın əlamətidir. Elə ona görə də, yazıya başlıq seçdim: "Xilaskar"lıq, yoxsa xalis karlıq? Nə önəmi var ki? Cəmi iki səsin - "a" və "i" səslərinin yerini dəyişirik də! Gərəkdir ki, "dostlar"ımız bu dəyişikliyi təbii qəbul eləsinlər və bir də papaqdan-zaddan borc alıb, qoysunlar qabaqlarına...

Təhmasib Novruzov

Bütün xəbərlər Facebook səhifəmizdə