Psevdomedia nümayəndələrinin növbəti məyusluğu

Prezident İlham Əliyevin məhkum bloqer Mehman Hüseynov barəsində aparılan istintaqın obyektivliyinin təmin edilməsi və ədalətli qərar qəbul olunması ilə bağlı Azərbaycan Respublikasının Baş prokuroruna tövsiyəsi bir sıra antiazərbaycan qüvvələrin planlarını alt-üst etdi. Bu, dövlət başçısının hər zaman belə məsələlərə həssaslıqla yanaşdığını, öz fəaliyyətində daim ədalət və humanizm prinsiplərini rəhbər tutduğunu, həmçinin bütün dövlət məmurlarından da eyni yanaşmanı tələb etdiyini bir daha ortaya qoydu. Həmin siyasətin təzahürü kimi onlarca amnistiya aktını, əfv haqqında sərəncamları misal göstərə bilərəm.

Cənab Prezidentin bu addımı ilə həm də Azərbaycana qarşı “qara piar” kampaniyası aparan bir sıra xarici təşkilatların əlaltılarının, eləcə də özlərini müxalifət təmsilçiləri hesab edən, əslində isə ölkəmizə qarşı sosial şəbəkələr vasitəsilə informasiya təcavüzü aparan, böhtan dolu saxta məlumatlar yayan psevdomedia nümayəndələrinin niyyətləri ifşa olundu.

Şübhəsiz ki, bu qüvvələrin marağında Mehman Hüseynovun azadlığa çıxması deyil, onların öz maddi və siyasi tamahları əsas idi. Ona görə də onlar yeri gələndə çirkin niyyətlərinin reallaşması üçün ölkədə iğtişaşlar törətmək niyyətlərini də gizlətmirdilər. Lakin yuxarıda vurğuladığım kimi, Azərbaycan Prezidentinin sözügedən məsələni şəxsi nəzarətinə götürməsi xalqa və dövlətə qarşı aqressiv çağırışlar edən həmin şəxsləri, necə deyərlər, tutduqları yoldan çəkindirdi. Beləliklə də, onlar Mehman Hüseynov şousundan yararlana bilmədilər.

Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın əhəmiyyətli dərəcədə dərinləşdirilməsini ehtiva edən və bu il imzalanması gözlənilən sazişlə bağlı aparılan danışıqların normal məcrada getdiyi bir dönəmdə belə şounun qurulması və bunun ətrafında “qara piar” aparılması, əlbəttə, düşmənlərimizin keçirdiyi narahatlığın ifadəsidir.

Dövlətin güclənməsindən əndişələnən antiazərbaycan qüvvələrin varlığı heç kimə sirr deyil. Bu baxımdan, guya, blogerlə bağlı məlum qətnamənin qəbulu bir yandan Avropa Parlamentinin deputatlarının birtərəfli qaydada və yanlış informasiya vasitəsilə yönləndirilməsindən ­qaynaqlanırsa, digər tərəfdən, müvafiq lobbi qruplarının məqsədyönlü fəaliyyətindən irəli gəlir.

Doğrudur, real faktlara, həqiqətə söykənəcəyi halda fərdi qaydada insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı çağırışları hardasa normal qəbul etmək (bunun təzyiq alətinə çevirilməməsi şərtilə) olar. Ancaq heç kim məni və eləcə də ictimaiyyətimizi 30 ilə yaxın müddətdə məcburi köçkün olan bir milyondan artıq azərbaycanlının fundamental hüquqlarını kobud şəkildə pozan Ermənistanın cinayətkar hakimiyyətinə qarşı sanksiya tətbiqindən yayınan bir qurumun bu tip qərarlarının səmimiyyətinə inandıra bilməz!

Rəsmi qurumların açıqlamalarını bir kənara qoya bilərik, bəs Avropa İttifaqının ticarət komissarı Sesilia Malstromun müzakirələr zamanı etdiyi çıxışda Aİ ölkələrinin Azərbaycandakı diplomatlarının Mehman Hüseynova baş çəkdiyini və onun aclıq aksiyasını dayandırdığını deməsinin də antiazərbaycan qüvvələrin mövqeyində hər hansı dəyişikliyə səbəb olmamasını necə izah edək?!

Yuxarıda xatırlatdığım kimi, məsələnin təfərrüatı Azərbaycan Prezidentinin diqqətinə çatdırıldıqdan sonra dövlət başçısı bu müraciətə dərhal reaksiya verərək məhkumun gənc olmasını, artıq iki ilə yaxın cəza çəkdiyini, ailə vəziyyətini və atasının yaşlı olduğunu nəzərə alaraq, Mehman Hüseynovun istintaq işində humanizm prinsipinin önə çəkilməsini, araşdırmanın obyektiv və ədalətli olması üçün qanunla nəzərdə tutulmuş bütün zəruri tədbirlərin görülməsini respublika Baş prokuroruna tövsiyə etdi.

Beləliklə, cənab İlham Əliyevin Azərbaycanın milli maraqlarının qorunması ilə bağlı həyata keçirdiyi qətiyyətli siyasət dövlətimizi əl buyruqçusu rolunda görmək üçün davamlı fəaliyyətdə olan ermənipərəst xarici dairələrin alətinə çevrilənlərin qoşulduqları “layihə”ni uğursuzluğa düçar etdi.

Elməddin BEHBUD,

“Demokratik Azərbaycan Naminə” İctimai Birliyinin sədri

Bütün xəbərlər Facebook səhifəmizdə