Bu xalq onu sevməyənlərə yerini göstərməyi bacarır

"Milli Şura" deyilən qondarma qurum yanvarın 19-da mitinq keçirdi. Sosial şəbəkələrdə yaydıqları müxtəlif məzmunlu yazılarda göstərir, video-çıxışlarda mitinq haqqında elə fikirlər səsləndirirlər ki, sanki böyük uğur əldə ediblər. Xəstə təxəyyülün nəticəsi, daha doğrusu, xəstə mədənin ifrazına bənzəyən bu çıxışlara qulaq asdıqca, videolara baxdıqca, adam onların bu durumuna gülür.

Gülməlidir ona görə ki, zavallılar hələ də 1988-ci ilin meydan ab-havası səviyyəsindən, bir addım da olsa, irəli gedə bilməyiblər. Ağlamalıdır ona görə ki, Rəsul Quliyevin təbirincə desək, bu badbaxtlar də bu millətin övladlarıdır (hər halda, hüquqi baxımdan belədir) və hələ də haqqın gözünün içinə deyil, nahaqın boynunun ardına boylanmaqla, çörək qazanırlar. Məhz 1990-cı il 20 Yanvar hadisələri ərəfəsində müxalifətin kütləvi aksiya keçirməsi, aksiyada bu xalqı 29 il öncə, qanına qəltan edənlərin deyil, dağılmaqda olan dövləti xilas edən və dünyanı heyran edəcək bir sürətlə inkişafını, regionda liderliyini və beynəlxalq aləmdə nüfuzunun ilbəil artmasını təmin edən bir siyasi kursun daşıyıcıları tənqid atəşinə tutuldu. Açığını deyim ki, uzun illər azadlıq uğrunda savaşda birgə addımladığım bu köhnə "dostlar"ımı başa düşməkdə zorlanıram. Bəzilərinin sökülən maskaları simasını olduğu kimi göstərdi və onlar üçün Vətən, millət, istiqlal anlayışının, sadəcə maraqlarına çatmaq yolunda bir vasitə olduğunu anladım. Çox qəribədir ki, maskaları tamamilə cırıq-cırıq olmuş bu ləyaqətini itirmiş məxluqlar da, toy toğlusu kimi, ortaya düşməkdən utanıb-çəkinmirlər. Bu adamabənzərlərə bir sual vermək istəyirəm. Bizim savaşımız Müstqil Azərbaycan uğrunda gedirdi. Əldə elədiyimiz müstəqilliyi, məhz sizlərin vəzifə, hakimiyət ehtirasına qurban vermək ərəfəsində Tanrının göndərdiyi Ulu Öndər Heydər Əliyev gəldi və bizim arzularımızı reallaşdırdı. Bunu etiraf edib, ruhuna dua etmək, qoyub getdiyi siyasi kursa dəstək vermək əvəzinə, bütün olmayan gücünüzü səfərbər edib, bu kursa qarşı çıxmağın anlamı nədir? Sizlər, elə mən özüm də milli azadlıq hərəkatı zamanı ağlımıza da gətirməzdik ki, cəmi on beş-iyirmi il ərzində, uğrunda savaşdığımız Azərbaycan bu qədər sürətlə inkişaf edə, regionun lider dövlətinə, dünyanın sayılıb-seçilən söz sahiblərindən birinə çevrilə bilər.

Bizim xəyal edə bilmədiklərimiz bu gün reallıqdır və bunu hər kəs görür. Hər kəs deyəndə, yəni sevinən dostlarımız da görür, narahat olan düşmənlərimiz də. Ötən əsrin 80-ci illərin ab-havası ilə yaşamaqda davam edərək, mitinq hobbinizi öldürmək xatirinə, məmləkətimizin inkişafına nə qədər mane olduğunuzun fərqindəmisiniz? Heç kəs iddia edə bilməz və iddia da etmir ki, Azərbaycanda problemlər yoxdur, hər şey yerli-yerindədir. Problemlər, əyər-əskikliklər var, lakin sizlərdən fərqli olaraq, bu problemləri aradan qaldırmaq yolunda indiki iqtidar, başda ölkənin başçısı olmaqla, bütün imkanlardan istifadə etməyə çalışır. Bunu görməmək korluq, görüb də mane olmağa yönəldilmiş fəaliyyət göstərmək nankorluqdur. Həmişə olduğu kimi, yenə xalq bu aksiyaya qoşulmamaqla, müstəqil dövlətimizin sürətli inkişafına dəstək mövqeyini bir daha nümayiş etdirdi. Ancaq milçək bir zərər vura bilməsə də, ürək bulandırır. Milçək rolunun ifaçıları, nəhayət, bunu anlasalar, yaxşı olar. Sirr deyil ki, bu cür aksiyalar anti-Azərbaycan qüvvələrin, eləcə də, korrupsiyaya qurşandıqlarına görə, vəzifələrindən atılmış harın oliqarxların sifarişidir. Bu sifarişlərə boyun əymək, beş-on manata milli şərəfini satmaq anlamına gəlir. Azərbaycan kifayət qədər demokratik cəmiyyətdir və hər kəs istənilən məsələyə dair fikirlərini, təkliflərini irəli sürməkdə azaddır. Mövcud şəraitdən sui-istifadə edib şər və böhtan kampaniyası aparan bəzi buqələmunlara da özlərinə qayıtmaq üçün imkan verilir. Bundan Azərbaycana zərər vuracaq səviyyədə istifadə etmək milli dövlətimizə, onun beynəlxalq aləmdəki nüfuzuna xələl gətirən amildir ki, bunu da ancaq və ancaq bu xalqı sevməyənlər istəyir. İstər daxildə olsun, istər xaricdə, bu xalqı sevməyənlərə bu xalq həmişə yerini göstərib, bundan sonra göstərəcəyinə hər kəs əmin ola bilər.

Təhmasib Novruzov

Bütün xəbərlər Facebook səhifəmizdə