Avropa Parlamentindən gələn korrupsiya qoxusu

Avropa Parlamentində (AP) Mehman Hüseynovla bağlı qəbul edilən qərəzli qətnamənin əsassız və heç bir reallığı əks etdirməməsini isbatlayan bir çox faktları sadalamaq olar. Bununla yanaşı, kifayət qədər balanslı və milli dəyərlərini qoruyaraq siyasət yürüdən Azərbaycanla heç bir qüvvə təzyiq, yaxud diktə dili ilə danışa bilməz. Məhz bu mənada, bir sıra məsələləri araşdırarkən həm də belə nəticəyə gəlmək olar ki, pul-paraları hesabına üçüncü ölkələrdə hakimiyyətləri devirən, insanların həyatları bahasına süni və rəngli inqilablar törədən milyarder Sorosun dişi heç vaxt müstəqil Azərbaycana bata bilməyib, bundan sonra da bilməyəcək. Ancaq fakt budur ki, bu gün istər AP-də, istər Avropa Şurasında bir qrup sorosçu deputatların qərəz, şantaj, yalan üzərində hazırladıqları əsassız qətnamələrinin hər birindən kifayət qədər korrupsiya qoxusu gəlməkdədir. Daha dəqiq deyərsək, AP-dən, yaxud, AŞ-dən dövlətimiz əleyhinə hər hansı bir fikir səslənirsə, həmin fikirlərdən korrupsiya, rüşvət qoxusu da gəlir. Yəni, biz tam əminliklə deyə bilərik ki, misal üçün, Rebekka Harms, qətnamənin həmmüəlliflərindən biri olaraq dostu Sorosdan yaxşıca rüşvət alıb. Eləcə də, digərləri...

Fakt budur ki, bu gün AP, Azərbaycandakı homoseksualların, lesbiyanların “dərdini”, bəlli qanun pozuntularına görə cəza almış Mehman Hüseynovun və onun ətrafında “ah-vay” edənlərin harau-şivənlərini işğalçı Ermənistanın təcavüzü nəticəsində hüquqları pozulmuş 1 millyon qaçqınımızdan daha üstün tuturlar və bunu heç bir dəyərə sığışdırmaq olmaz!!!

Bu arada, ölkəmizdəki saytlardan biri AP üzvü Patrisiya Lalonddan sözügedən məsələ ilə bağlı münasibət öyrənib və həmin münasibəti oxuyarkən, sadəcə, növbəti qeyri-səmimiliyi, riyanı və açıq desək, başdansovduluğu gördüm. Beləliklə, görək, özünü ağıllı sayan Patrisiya xanımcığaz nə deyib...

Deyib ki, o, bir neçə dəfə Azərbaycana xüsusi olaraq qadın hüquqları ilə bağlı missiya tərkibində gəlib və bu zaman Azərbaycanın qadın hüquqları sahəsində necə səylər göstərdiyini görüb. Lap yaxşı, hətta çox pakizə!

Ancaq gəlin görək, sonra nə deyir? Deməli, AP-li deputat belə düşünür ki, Avropa Parlamenti Azərbaycanı həddindən artıq sıxışdırır. Bu lap əla! Özü də deyərdim ki, AP deputatının bu ifadəni səsləndirməsindən az qala çıtrıq-çalıb oynayacaqdım. Amma bunu eləmədim. Çünki sonrası da var...

Demək, Patrissiya xanımcığaz bütün bunların ardınca deyir ki, Bakıya gedəndə məscidlərlə yanaşı, sinaqoq, kilsə də görmək olur. Bu yerdə nənəmin andı yadıma düşdü və özümdən asılı olmayaraq, içimdən belə bir sual gəldi – “desəAllaaaahh???” Bilirsiniz, nəyə görə AP deputatı Azərbaycanda məscidlə, kilsə və sinaqoqu bir yerdə görəndə təəccüb edib? Ona görə ki, bu gün onun çox tərif etdiyi Avropa dəyərlərində digər dinlərin daşıyıcılarına qarşı diskriminasiya halları var. Bu gün Fransada da, Hollandiyada da, digər Avropa ölkələrində də məscidlərə, müsəlmanlara skinhedlər və s. radikal irqçilər tərəfindən hücumlar təşkil olunur. Yəqin, bu sarıdan Patrisiya Lalond bu məsələdən kəskin təəccüb hissləri keçirməli olub.

Amma sonradan necə deyərlər, zaylayan Lalond Azərbaycan mətbuatında “problem” tapıb. Amma həmin “problemin” nədən ibarət olduğunu deməyib. Ancaq Azərbaycanda mətbuat işçilərinə mənzillərin verilməsi ənənələrinə, jurnalistlərin sosial-məişət həyatlarının yaxşılaşdırılması istiqamətində görülən işlərə, dövlət tərəfindən KİV-lərə göstərilən maddi dəstəyə, internet və sosial media azadlığına görə deyibsə, onda 100 % bizim dəyərlərlə AP-nin dəyərləri dəyərləri üst-üstə düşə bilməz.

Qaldı ki, Mehman kimi bloqerlərin “jurnalsit” kimi qiymətləndirilməsinə və bu fürsətdən istifadə edib, qətnamələrin çıxarılmasına, yaxşı olardı ki, Avropa Parlamenti Avropada tüğyan edən sarı jiletlilər aksiyalarını sosial şəbəkələrdə işıqlandıran bloqerlərin nəyə görə həbsə atılmalarını araşdırısın, sonra gəlsin və Azərbaycanla bağlı korrupsiya qoxusu gələn qətnamə hazırlasın! Ancaq kimə deyirən ki... Nə isə, Allah bizə güclü səbr, AP-nin korrpusiyalaşmış, alınıb-satılan deputatlarına da insaf versin, çünki Soros, hər şeyi pulla ala bilər, amma insafı, mürvəti isə əsla!

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə