(20 Yanvar tariximizə dair düşüncələr)

Hələ ötən əsrin əvvəllərində böyük şairimiz Mirzə Ələkbər Sabir yazmışdı: ”Dindirir əsr bizi, dinməyiriz. Atılan toplara diksinməyiriz.” Bütün bəşəriyyət üçün təlatümlərlə dolu, dünya tarixinin ən önəmli hadisələrinin baş verdiyi XX əsr, bütün bəlaları ilə birgə həm də millətlərin oyanışı, xalqların özünə, öz tarixinə dönüş əsri kimi qaldı yaddaşlarda.

Təkcə bir faktı xatırlatmaq kifayətdir ki, dünya tarixində baş verən iki cahan müharibəsinin hər ikisi bu əsrin payına düşdü. İxtiralar, tərəqqi, milli oyanış əlamətləri ilə xarakterizə olunan bu əsr, həm də ən çox insan qanının axıdılması faktı ilə tarixin yaddaşına hopdu. Dünyada gedən təlatümlü prosesləri görərək, millətimizin hələ də əsarətdə qalmasını, azadlığı uğrunda savaşa qalxmadığını ürək ağrısı ilə seyr edən o dövrün ən böyük mütəfəkkirlərindən olan M.Ə.Sabir yuxarıda qeyd elədiyimiz iki misra ilə sanki xalqını savaşa səsləyirdi. Nəhayət, azadlığı uğrunda ayağa qalxan xalq, həmin dövrdə 300 illik tarixi olan Romanovlar sülaləsinin devrilməsindən yararlandı və müstəqil respublikasını qurdu. Fəqət, cəmi 23 ay yaşamasına imkan verildi.

Çar Rusiyasının digər üzü olan Sovet Rusiyası da müstəmləkə siyasətini davam etdirdi və gənc Azərbaycan Respublikasını yenidən işğal etdi. Bununla belə artıq oyanan, “əsrin dindirməsinə dinən” xalq 71 il Sovet rejimi ilə savaşdı. Minlərlə siyasi qurbanlar versə də, ildən-ilə mətinləşdi və mübarizə əzmini artırdı. 1970-ci illərdə İttifaq tərkibində olsaq da, özünün nüfuzundan maksimum yararlanan Ulu Öndər Heydər Əliyev milli ruhun inkişafına yönələn çoxşaxəli fəliyyəti ilə Azərbaycanın azərbaycanlılara və dünyaya tanıdılmasında əvəzsiz xidmətlər göstərdi. Ulu Öndər yaxşı bilirdi ki, milli özünüdərk, milli özünəgüvən olmadan heç bir xalq azadlığı uğrunda savaşa atılmaz. Məhz ötən əsrin 70-ci illərində yüksələn milli ruh, 80-ci illərdə xalqımızın Sovet rəhbərliyində yaranan boşluqdan faydalanaraq, müstəqilliyinə qovuşmaq uğrunda savaşa qalxmasına təkan verdi. Önümüzə yuvarlanan Dağlıq Qarabağ kimi ağır kötüyü də yolundan təmizləməyə çalışan xalq bütün məqamlarda o zamankı Sovet rəhbərliyinin ciddi təzyiqi ilə üz-üzə gəlməli oldu. Fəqət, heç bir təqib və təzyiq xalqı yolundan döndərə bilmədi.

Artıq Azərbaycanın “əldən getmək” üzrə olduğunu yəqin edən imperiya başçıları Azərbaycan xalqına daha ağır “dərs” vermək qərarına gəldi. Xüsusilə, 1989-cu ilin noyabr ayında xalqın təzyiqi ilə Azərbaycan SSR Ali Sovetində ”Azərbaycanın suverenliyi haqqında Konstitusiya Aktı”nın qəbul edilməsi imperiyanın dağılmasının ilkin əlamətlərindən idi və bunu həzm edə bilməyən Kreml hələ 1989-cu ilin sonlarından başlayaraq, respublikamıza ciddi dərs vermək planı qurdu. Həmin plana uyğun olaraq, Bakıda süni şəkildə “erməni qırğını” ssenarisi həyata keçirildi və “qırğın”ın qarşısını almaq adı ilə Bakıya Sovet ordusunun böyük bir kontingenti yeridildi. Silahsız, dinc əhalinin üzərinə xüsusi təyinatlılardan və digər qoşun birləşmələrindən ibarət belə bir kontingentin yeridilməsi, əslində, Moskvanın, bütövlükdə, xalqı susdurmaq istəyindən xəbər verirdi. Lakin xalq dünyanı qorxu altında saxlamağa qadir olan bu ordudan qorxmadığını, silahsız olsa belə, ona müqavimət göstərmək əzmində olduğunu ortaya qoydu.

Yüz illər boyu azadlıq uğrunda aparılan qanlı savaşların pik nöqtəsi oldu 20 YANVAR! Məhz həmin gün xalqımız təkcə imperiya başçılarına - Mixail Qorbaçov kimi türk düşməninə deyil, bütün dünyaya sübut etdi ki, bəşəriyyətə böyük dühalar bəxş etmiş, bütün sivilizasiyalarda əvəzolunmaz tarixi xidmətləri ilə dünyanın inkişafına misilsiz töhfələr vermiş bu xalqı topla və raketlə susdurmaq mümkün deyil. Sübut etdi və azadlığına qovuşdu. Odur ki, 20 Yanvar faciəsi xalqımızın tarixinə, sadəcə, bir faciə, bir qətliam kimi deyil,hünər, rəşadət və qəhrəmanlıq tariximizin şanlı səhifəsi kimi daxil oldu. Allahdan şəhidlərimizə rəhmət, xalqımıza dəyanət diləyirəm. Çünki mübarizəmiz hələ bitməyib. Dünən bir, həm də məlum düşmənimiz var idi – Sovet İmperiyası və onun özünü xalq adlandıran qulbeçələri. Bu gün isə Müstəqil Azərbaycanın sürətli inkişafını həzm edə bilməyən və özünü dost kimi qələmə verməyə çalışan onlarla düşmənlərimiz qazır ayaqlarımızın altını. 20 Yanvar şəhidlərinin, ümumən, Azərbaycanımız uğrunda mübarizələrdə canını fəda edən bütün şəhidlərimizin ruhu naminə biz daha dözümlə, daha müdrikcəsinə və daha böyük rəşadətlə savaşımızı son və qəti qələbələrə doğru davam etdirməliyik. Tanrı bu müqəddəs yolda bizə yar olsun! AMİN!

Təhmasib Novruzov

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...