Dünyanın güc mərkəzləri: üz və astar

Beynəlxalq siyasətdə gündəlik məlumatlar və cərəyan edən hadisələr təqib və analiz baxımından ilkin şərt dövrün xüsusiyyətlərini anlaya bilməkdir. Vestfal müqaviləsi ilə başlayan və günümüzə qədər davam edən prosesi dəyərləndirdiyimizdə özünəməxsus xüsusiyyətləri olan fərqli alt sistemlərin varlığı ilə üzləşirik. Beynəlxalq sistemin əsas aktoru olan dövlətlərarası əlaqələrin doğurduğu güc balansı, iki qütblü sistem kimi tarixin yaşamış olduğu sistemlərlə birlikdə tək qütblü, çox qütblü sistem kimi ifadə olunan, lakin praktiki olaraq yaşanılmamış sistemlərlə də rastlaşırıq.

"Soyuq müharibə"yə qədər mövcud olan güc balansı dövlətlərin və ya ittifaqların bir-birlərini tamamlayan qüvvələr tarazlığı üzərinə formalaşmışdı. Dövr ərzində aktorların dəyişməsindən, ittifaqların yenidən formalaşmasından asılı olmayaraq balans öz varlığını qorumuş, hətta dünya xəritəsinin tamamilə yenidən çəkilməsinə səbəb olan Birinci Dünya Müharibəsindən sonra belə davam etmişdir. Tarixdə ilk dəfə formalaşdırılmış olan Millətlər Cəmiyyəti də qəbul etdiyi normlarla güc balansının prinsiplərini davam etdirmişdir.

İkinci Dünya Müharibəsindən sonra dünya xəritəsində iki fərqli iqtisadi və siyasi zəminin formalaşması ilə yeni bir alt sistemin təməli atılmışdır. İki qütblü sistemin hakim olduğu bu dövr ABŞ-SSRİ mübarizəsinin fərqli platformlarda, fərqli formalarda şahidi olmuşdur. Dövrün xarakterik xüsusiyyəti bu iki gücdən başqa sistemi dəyişdirəbiləcək başqa bür aktorun səhnədə olmamasıdır. Dövr ərzində sərtlik cəhətdən bloklar arasında müəyyən fərqlər olmuş olsa da, bu fərqlilik sistemin əsas xüsusiyyətinə təsir göstərməmişdir. Belə ki, bir tərəfdə Kommunist blok üçün Yugoslaviya və Çin nümunələri, digər tərəfdə Qərb bloku üçün qanad ölkələri olaraq ifadə olunan Türkiyə və Yunanıstan qarşıdurması mühüm hadisələr olmaqla birgə yeni bir sistem doğuran addımlar olmamışdır.

Kommunist blokun çöküşü isə beynəlxalq sistem üçün fərqli dəyişmələrə səbəb olmuşdur. İlkin olaraq Fukuyamanın Tarixin Sonu nəzəriyyəsi populyar bir baxışa çevrilmiş, qalib iqtisadi və siyasi sistemin dünya üçün qurtarış olduğu fikri ön plana çıxmışdır. Xüsusilə postsovet məkanda yaranmış yeni dövlətlərin hami gözü ilə baxdığı, demokratiya və qloballaşma bayraqdarı ABŞ dünya polis gücü olaraq görülmüşdür. Lakin ABŞ-ın gözləntilərə cavab verməməsi, verə bilməməsi, güc boşluqlarında yeni təhdidlərin yaranması, beynəlxalq və regional güclərin formalaşması sistemi fərqli bir çərçivəyə oturtmuşdur. Bir tərəfdən radikal fundamentalizmin körüklənməsi, asimmetrik müharibələrin yayılması, digər tərəfdən Rusiya, Çin, Hindistan, İran, Türkiyə kimi dövlətlərin ön plana çıxması, eyni zamanda Avropa Birliyinin çəkiciliyinin artması, Şanxay Əməkdaşlıq Təşkilatının yaranması, NATO-nun yenidənqurma mərhələsinə girməsi, yeni ittifaqların formalaşması beynəlxalq sistem üçün yeni baxışlara da zəmin hazırlamışdır (məsələn: Huntingtonun "Mədəniyyətlər Mübarizəsi").

Lakin dövrün özünəməxsus alt sisteminin formalaşması mümükün olmamışdır. Belə ki, Şanxay Əməkdaşlıq Təşkilatının əsas qurucu dövlətləri olan Çin və Rusiya ABŞ-ın Şərqi Asiyadakı varlığını təhdid olaraq birlikdə mübarizə aparmağı bəyan etmələri ilə yanaşı, Asiyada bir-birilərini də təhdid olaraq görməkdələr. NATO çərçivəsində müttəfiqlik statusunu daşıyan ABŞ və Türkiyə Suriyada çox rahat bir şəkildə qarşı-qarşıya gəlirlər. Avropa İttifaqı ilə "Avropa Evi" yaradan İngiltərə, Almaniya, Fransa, İtaliya kimi ölkələr maddi böhran zamanında ittifaqdan ayrılabiləcəklərini də göstərməkdədirlər. Bu cəhətdən hər sahədə yeni sürprizlərin ortaya çıxa bilmə ehtimalının yüksək olması dövlətlərin uzunmüddətli strategiyaları təqibetmə qabiliyyətlərinin qarşısını kəsib.

Ümumi olaraq "Soyuq müharibə"dən sonrakı dövrü hərtərəfli şəkildə əhatə edən təməl sistemindən danışmaq mümkün deyil. Bu istiqamətdə fərqli fəaliyyətlərdə, fərqli analizlərdə "güc balansı" və ya "çoxqütblü" terminlərin heç biri xaraketrik xüsusiyyəti etibarilə dövrün şərtlərinə cavab verə bilmirlər. Bu isə siyasi hadisələrin analizini və siyasi proqnozları çətinləşdirməklə bərabər, iqtisadi proseslərə də öz mənfi təsirini göstərməkdə, regional, hətta beynəlxalq böhranlara qapı açmaqdadır.

Bütün xəbərlər Facebook səhifəmizdə