28-ci yaşına çatdı “SƏS”imiz... Əslində, 28 rəqəmi ümumi baxışda az bir rəqəm sayılsa da, bu rəqəmi 1-dən 28-qədər keçilmiş illərə aid etdikdə qarşıda nəhəng bir epoxa canlanır – “SƏS” məktəbi... Və bu amili konkret xarakterik xüsusiyyətlərə səciyyələnən dövr kimi də təqdim etmək olar. Ötən 28 ildə keçilmiş enişli-yoxuşlu, mübarizəli, çarpışmalı bir yolda nə qədər xatirələr, tarixi aspektlər dayanır...

Xatirələrlə yanaşı, bəlkə də bir çoxlarında yaranan sual da təqribən belə səslənir – axı “SƏS”çi olmaq nədir? Bu sualı cavablandırarkən, deyə bilərik ki, “SƏS”çi olmaq qorxmadan, çəkinmədən həqiqəti yazmaq, rəqibi ilə üz-üzə mübarizə aparmaq deməkdir. “SƏS”çi olmaq, əqidə və iradəsi ilə seçilmək, xidmət göstərdiyi ideologiya uğrunda külüng vurmaq deməkdir. “SƏS”çi olmaq, bir ailə olmaq deməkdir!

O da əbəs deyil ki, hazırda da “SƏS”də bu qəzetin yarandığı vaxtından hazırkı dövrə qədər çalışan jurnalistlərimiz fəaliyyət göstərməkdədirlər və onlar, bu mətbu orqanın - mübarizlik, siyasi əqidə məktəbinin ilk müdavimləri olaraq, yeni nəsilə estafeti ötürməkdədirlər. Bu gün onlar özlərində tarixi “SƏS”in canlı obrazını yaşadırlar - Valeh Məhərrəmli, Zümrüd Bayramova, Rəfiqə Hüseynova... Bu, həm də digər media qurumlarında olmayan ənənədir. Əlbəttə ki, qəzetimizin ilk baş redaktoru Ağabəy Əsgərovun timsalında formalaşan bu dönməz əqidə məktəbi onlarla belə jurnalistlərə ö xeyir-duasını verib, peşə fəaliyyətinə işıq saçıb. Bu qəzetdə uzun illərdir fəaliyyət göstərmiş həmkarlarımız var ki, onlar sonrakı illərdə də “SƏS” adlı ATA OCAĞINI unutmurlar. Rasim Quliyev, Hüseyn Paşayev, Ariz Abduləliyev, Sabir Şahtaxtı, Mahir Aşurov, Rabil Kətanov, Elşən Pulkənd, Vüsalə Hüseynova, Aytən Səmədova, Rüfət Gülməmmədov, rəhmətlik Əli Bayramov, sonrakı illərdə isə Naib Niftəliyev, Rüfət Əhmədov, Tapdıq Qurbanlı, Sevda Əsgərova, Elşad Hacıyev və daha kimlər...kimlər...

Ümumiyytlə götürdükdə, qəzetimizin yalnız jurnalistləri deyil, həm də texniki əməkdaşları da, bir yumruq kimi, çiyin-çiyinə, gecəli-gündüzlü ölkəmizin siyasi-ictimai proseslərində yorulmaz fəaliyyətlərini göstəriblər və bu gün də həmin əməkdaşlarımızın bir hissəsi bizlərlə yanaşı “SƏS” adlı ata ocağının ilıq nəfəsi ətrafında cəmləşiblər – Almas Osmanova, Afət Tahirqızı, Mahirə Cəfərova, Sədaqət Bayramova...

Bu gün Fətulla Həsənov, Nəzakət Bayramova, İlham Əliyev, Gülyanə Ağakərimova, Mətləb Salahov və bəndəniz də jurnalist olaraq müqəddəs işin öhdəsindən layiqincə gəlirik...

Bəli, bu böyük bir “SƏS” ailəsidir ki, məhz bu ocaqda, özünün ikinci evində bir amal ətrafında birləşib.

Yeri gəlmişkən, “SƏS” qəzeti həm də ideoloji məktəb hesab edilən bir mətbu orqanıdır ki, bu ailənin illərdən bəri maraqlı, unudulmayacaq xatirələri yaşayır. Hətta deyərdik ki, qəzetimizi yaşadan məqamlardan biri də məhz bu xatirələrimizdir.

Baş redaktorumuz, artıq “SƏS”ə rəhbərliyinin 14-cü ilinə qədəm qoymuş Bəhruz Quliyev bütün mənalarda keçmiş, yaşanmış və bu gün də yaşadılan tariximizə xüsusi önəm verir. İstər jurnalistlərimizin özəl günlərində, istərsə də digər hallarda Bəhruz müəllim öz təşkilatçılığı bacarığı ilə daim öndə olur, kollektivi üçün öz təşəbbüslərini ən yüksək səviyyədə reallaşdırır. Bizləri birləşdirən amillərdən biri də məhz budur. Ona görə də biz öz qəzetimizə ikinci evimiz və ata ocağımız deyirik.

Lakin sonda daha bir özəlliyi qeyd etməyi özümə borc bildim. Müxtəlif səbəblərdən, yəni hərdən elə olur ki, “SƏS”də fəaliyyət göstərmiş bir jurnalist müəyyən aralıqla qəzetdən gedir və s. Ancaq bu qəzetin elə güclü, hətta əsrarəngiz cəzbetmə qüvvəsi var ki, o, yenidən bu mətbu orqana geri dönərək, fəaliyyətini burada davam etdirir. Hətta özünü bu qəzetdən kənar media qurumunda görməyərək, fəaliyyətini son ana qədər məhz burada aparmaq istədiklərini deyənlər də var ki, bu amilin özü artıq “SƏS”in necə bir böyük məktəb olduğunu sübuta yetirir.

Beləliklə, 28-ci ildönümü bizlərin də “SƏS”dəki fəaliyyət illərimizin üzərinə əlavə olunur, necə deyərlər, iş, peşə stajımız artır. Stajımız artdıqca isə, biz bu məktəbə daha çox bağlanırıq. Bu məktəbin əbədi, dəyişməz və ATA OCAĞI kimi qalması üçün...

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə