Məktəb proqramı niyə lazımsız dərs yükünə çevrilib?

Son vaxtlar orta məktəblərdə uşaqların dərs "yükündən", daha doğrusu, dərs proqramından gileyləndikləri, aşağı siniflərdə təhsil alan uşaqların həddindən çox dərs proqramı ilə "yükləndikləri" barədə giley-güzar eşidilir. Bir məsələni xüsusi ilə qabardacam. İndiki uşaqlar məktəb cığırına çıxanda, sanki Sovet-alman müharibəsinə yollanan əsgərləri xatırladırlar. Müxtəlif kitab- dəftərlərlə dolu ağır çantalar 1-ci və 2-ci sinif şagirdlərinin balaca çiyinlərindən aşağı sallanır. Axı, bu körpə zehni bu yekəlikdə cədvəl proqramlarını, ağır dərs yükünü qaldıracaq miqyasda zehniyyətə malik deyil. Bunları fiziki və əsas da zehni baxımdan bu dərəcədə yorub əldən salmağın kimə xeyri var?

Onları elə balacalıqdan, beyninin yenicə sürət götürdüyü bu mərhələdəcə "yandırmaq", zehni qavrayış sürətini keyfiyyətsiz telefonlar kimi dondurmaq pedaqoji cinayət deyil, bəs nədir? Sovet təhsil sistemində birinci və ikinci sinif şagirdləri mərhələli şəkildə, zehni imkanları nəzərə alınaraq fənn proqramları ilə "yüklənirdilər" ki, qavrayış imkanlarına zərər dəyməsin. Bu, pedaqoji baxımdan, olduqca önəmli faktordur. Bəyəm, Sovet təhsil sistemi Nuh dövründən qalmamışdı ki? Olduqca peşəkar və səviyyəli pedaqoqlar hazırlayırdılar bu sistemi.

Ən maraqlısı isə odur ki, orta məktəblərdəki dərs proqramları bir yana qalır, usaqlar dördüncü-beşinci siniflərdən başlayaraq əlavə dərs almaq üçün xüsusi müəllimlərin "hüzuruna" yollanırlar. Niyə?-Səbəb sadədir: Daha geniş bilik qazanmaq və 11-ci sinfi bitirdikdən sonra ali məktəblərə qəbul olmaq üçün! Bəs orta məktəbdə öyrəndikləri, balaca siniflərdən başlayaraq zərif çiyinlərinə yüklədiyimiz ağır kitab-dəftərlər, fənn proqramları nə işə yarayır?,- Cavab bəllidir: Heç nəyə!

Belə olan halda, təbii ki, məcbur olub ali məktəblərə hazırlaşmaq üçün uşaqlar üz tutur "repititorun" yanına. Valideyn də hər müəllimə, azından, 25-30 manat "hörmət" etməli olur. Həm uşağın məktəb ləvazimatına, geyiminə xərclə, həm də "repititor" müəllim üçün bu qədər pul "tərlə".

Lazımsız məktəb proqramı da lazımsız dəyirman kimi öz-özünə dövr eləyir. Valideyni anlamamaq mümkün deyil, əslində. Çünki bu uşaqlar böyüyüb abuturiyent olduqdan sonra, ali məktəb imtahanlarında bir də ayılırlar ki, bəs məktəb proqramında oxuduqları fənlərdən, aldıqları dərslərdən bu imtahan suallarında hec 30 faiz civarında belə sual-cavab düşməyib. Getdi 1-ci sinifdən 11-ci sinfə qədərki təhsil və əziyyət işinin dalınca!

Qəbul imtahanlarıbdakı suallar akademik və universal həddə hazırlanır. Sanki bunlar orta məktəbi bitirib ali məktəb tələbəsi olmaq üçün deyil, hansısa dövlət qullquçusu olmaq üçün imtahanlara girirlər. Hətta bir az da irəli gedib, deyərdim ki, akademik səviyyədə suallar çıxır qabaqlarına. O suallar ki, orta məktəbin tədris proqramında onların izinə-tozuna da rast gəlməyib bu yazıq abutriyent. Daha cox bilik qazanmaq gözəldir, bunula hər kəs razılaşar, şübhəsiz. Amma ali məktəbə qəbul imtahanlarında abuturiyentin bilik şkalasını akademik səviyyədə yoxlamaq nə dərəcədə real və düzgündür? Uşaq akademik yoxlanışa yox, orta məktəbdə aldığı tədris proqramına və mənimsədiyi biliklərə arxalanıb, ali məktəb imtahanına gəlib çıxır.

Əgər bu uşaqlar orta məktəb proqramında öyrəndiklərini qəbul imtahanlarındakı sual cədvəlində çıraqla axtarıb tapa bilmirlərsə, 11 il, həftədə 5-6 gün ayaq döyüb o pillələri aşağı-yuxarı düşüb-qalxdıqlarına görə ali məktəb imtahanlarında peşmanlıq həddində təəssüflənirlərsə, o zaman hazırkı orta məktəblərdəki tədris proqramı barədə həyəcan təbili çalmağın artıq vaxtı keçib gedir. Orta məktəb proqramı qəbul imtahanında işə yaramırsa, o zaman kimə lazımdır, bu proqram? Zərif, balaca çiyinləri mürəkkəb dərslik və cədvəllərlə yükləmək, qavramaqda çətinlik çəkdikləri universal proqramlarla onların körpə zehinlərini "öldürmək" bilik deyil, cənablar!

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə