Siyasi ikiüzlülük, yoxsa siyasi əxlaqsızlıq?

Bu amerikanların siyasətindən baş açmaq olmur ki, olmur. Əslində, baş açmaq olur, sadəcə, dünyaya ədalətdən dərs keçən bu ölkənin nədən ədaləti ayaqlar altına alıb xıncım-xıncım etdiyini heç cürə anlamaq olmur. Bəlkə bu dəfə dünyanın, sivilizasiyanın dağılıb, yenidən qurulması missiyası amerikanlara həvalə edilib?! Belədə başqa ölkələrin bəzi-bəzi siyasiləri bu məmləkətin nəyinə və hansı missiyasına vurulub, onun əlaltısı olmaqdan qürur duyurlar?

Sovet İmperiyası adlanan qapalı bir dünyada yaşayırdıq. Gizli yollarla əlimizə keçən videolarla-filanlarla bizdə elə təsəvvür yaranırdı ki, ABŞ dünyanın xilaskarıdır və bu missiyanı həyata keçirmək üçün dəridən-qabıqdan çıxır. Elə ki, Sovet İmperiyası dağıldı, biz dünyaya, dünya da bizə açıq oldu, hər kəsin içindəkini görmək asanlaşdı. Baxıb gördük ki, yox atam, bu Amerikanın niyyəti tamam özgədir. Lap təzə-təzə SSRİ-dən qopub müstəqil dövlət quran ölkələrə dəstək məqsədilə "Azadlığa dəstək" şüarı altında bir sıra ölkələrə yardım edən bu ölkənin başbilənləri birdən-birə məşhur" 907 nömrəli düzəliş"i tətbiq etdi və Azərbaycana yardımdan imtina elədi. Eləsin e... Pul onun, qərar vermək hüququ onun, biz buna bir şey deyə bilmərik. Amma bu "düzəliş"in səbəbi kimi, Azərbaycanın ermənilərin hüquqlarını pozması və haqlarını tapdamasını göstərdi. Bir ağlı başında olan Amerika başbiləni tapılmadı desin ki, ay filan-filan olmuş, yardım etmirsən etmə, cəhənnəmə ki, köhnə kişilər demiş, Əli çörək verməsə Vəli acından öləsi ha deyil! Amma necə olur ki, ərazisinə təcavüz olunan biz, dədə-baba yurd yerləri dağıdılan biz, soyqırımına məruz qalan biz, insan (yəni üzdəniraq ermənilər) haqlarını pozan da biz? Elə o vaxtdan anlamağa başladıq ki, bu amerikalıların niyyəti heç də haqqı, ədaləti və azadlığı-filanı qorumaq deyil. Niyyət nədisə, amerikalıların harasınasa girib, orda gizlənib, vaxtı gələndə, ordan çıxıb özünü göstərəcək.

Məşhur bir şüar da var idi, deyəsən, ABŞ-ın keçmiş ən böyük başbiləni Ruzvelt demişdi, Amerikanın əbədi dostu yoxdu, əbədi maraqları var". Bu cümlənin altında gizlənən məna da hər kəsə aydın idi ki, yəni amerikalılar haqqı-ədaləti deyil, onun maraqlarına xidmət edəni müdafiə edirlər. Çox gözəl, bunu da anladıq.

Amma anlamadığımız daha bir şey var ki, o da, bunların erməni sevgisidi. Bilmək olmur ki, ermənilərin bu bölgədə "qan ocağı" rolunu davam etdirməsi Amerika siyasətinin hansı maraqlarına uyğun gəlir! Türkiyə kimi nəhəng və etbarlı müttəfiqinə də, bölgənin ən güclü dövlətinə çevrilən və ilbəil inkişaf edən Azərbaycan kimi strateji tərəfdaşını da (hər halda, siyasi sənədlərdə belə təsbit olunur) bu dığaların məkrli niyyətlərinin gerçəkləşməsi naminə özündən uzaqlaşdırmaqla, Amerikanın hansı maraqları həyata keçir, görəsən?

Minsk Qrupu adlanan və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli missiyasını həyata keçirməli olan bir qurumun həmsədri olan bu ölkə, indi də başlayıb Ermənistana gizli yollarla silah ötürməyə. Özü də, Bolqarıstanın vasitəsilə. Hər halda, son günlər qəzetlər belə yazırlar. Əgər belədirsə, hesab edirəm ki, ABŞ buna izahat verməlidir. Sülh missiyasına həmsədrlik edən bir ölkənin tərəflərdən birini gizli silahlandırması, sadəcə, ikili siyasətin deyil, siyasi əxlaqsızlığın ən bariz nümunəsidir. Bilmirəm, Şərq xalqlarında əxlaqsızlığa görə verilən cəzanı (ölüm cəzası nəzərdə tuulur) siyasi əxlaqını itirənlərə də tətbiq etmək olarmı? Məncə, olar, amma nə qədər ki, BMT adlanan mötəbər bir qurum da, bu ölkənin vassalı kimi özünü göstərəcəksə, belələrinə cəza kəsilməsi də müşkül məsələ olaraq qalacaq. Belədə bizim də üzərimizə düşən odur ki, amerikalılar necə, biz də elə. Üzünə gülək, əl altından Dərviş Məstəli şah Parisdə işini tamamlayan kimi yönləndirək Vaşinqtona. Vallah, mən başqa yol görmürəm, bəlkə o dünyadan təşrif gətirən Əlixa, Vəlixa və Məlixa cinləri öhdələrindən gələ bunların. Bax, onda qopacaq qiyamətdən heç amerikalılar da canlarını qurtara bilməyəcək.

Təhmasib Novruzov

Bütün xəbərlər Facebook səhifəmizdə