Həmişə demişəm, yenə deyirəm: indiki antimilli müxalifəti bir-biri ilə baş-başa buraxsaq, özləri-özlərini ifşa edəcəklər. Çünki dabbaqda gönlərinə bələd olduğumuz bu məxluqlar mentalitetimizə uyğun dostluq anlayışından da bixəbərdirlər və bir-birini dost-qardaş adlandıran bu zatların "xiyar əyri bitən kimi" bir-birinin paxırlarını açıb ortaya tökmələri adi haldır. Son vaxltar sosial şəbəkələrdə də bir daha bunun canlı şahidi oluruq. İngiltərədə oturub Azərbaycana qarşı şər-böhtan kampaniyası "əməliyyatları"nın önündə gedən, bu cılız anti-Azərbaycan oyununun bir vintciyi olan Qurban Məmmədovun özünün idarə elədiyi proqramda keçmiş siyasətçi (?) dostlarının onun özünü ifşa eməsi də bu sıradan diqqətçəkən məqamlardandır. Açığını deyim ki, son 20 il ərzində, Q.Məmmədovla bağlı nəsə yazmaqdan, nəsə deməkdən həmişə qaçmışam. Hətta mətbuat nümayəndələri onun hansısa fikirlərinə məndən münasibət öyrənmək istəyəndə də, bundan imtina eləmişəm. Səbəbi də çoxlarına məlumdur. Aramızda olan xüsusi hörmətə görə, həmişə düşünmüşəm ki, mənim fikirlərimi şəxsi münasibətlərimizlə bağlayacaqlar və dediklərim lazımi effekti verməyəcək. Amma bu dəfə, məhz Qurbanın idarə etdiyi onlayn proqramda, məhz Qurbanın kimliyinin ortaya qoyulub müzakirə edilməsinə laqeyd qala bilmədim. Cəmil Həsənli ilə Pənah Hüseynin debatında Q.Məmmədovun simasının müzakirəsi məni mövzuya elə cəlb etdi ki, yazmasam bağrım çatlardı. Yazım, bilməyənlər də bilsin. C.Həsənli iddia edir ki, P.Hüseyn Dövlət Katibi olanda (Oxu: Dövlət Katibi postunu zəbt edəndə), Q.Məmmədov onun məxfi danışıqlar otağında gizli səsyazma aparatı yerləşdiribmiş... Səmimi deyəcəm, çoxlarına məlum olan, 1998-ci il "Siyasi terror" oyununda gizli kameranı "dost"ların yeyib-içdiyi otağa kimin yerləşdirməsi mənim üçün hələ də müəmmalı olaraq qalırdı. Gah üçüncü "dost"umuz Camaldan, gah elə Qurbanın özündən, gah da MTN əməkdaşlarından şübhələnirdim. İndi artıq hər şey məlumdur. Sən demə, Qurban kiminlə "dost" olurdusa, onun etimadından sui-istifadə edib yan-yörəsinə gizli aparat yerləşdirmə işində mahir oyunçuymuş. Təkcə bu fakt Qurbanın necə bir "zəhərli ilan" olduğunu ortaya qoyur.

Sonra C.Həsənli yeni bir sirrin üstünü açır. Sən demə, AXC hakimiyyəti dövründə Baş prokuror portfelinə iddialı olan Q.Məmmədova Pənah bəyin təqdimatı ilə, nə az-nə çox, 16 min ABŞ dolları verilib ki, gedib özünə ev alsın (O zaman 16 min dollara bir nədi, iki-üç mənzil almaq olardı). Cəmil müəllim elə ordaca yaxşı bir sual verir: "Qurban bəy müharibədə döyüşməmişdi, şəhid ailəsi deyildi, əlil deyildi, dövlətin büdcəsindən bu qədər vəsaiti Baş prokurorluq davası döyən bir adama necə vermişdiniz? Axı bu pul o zaman Baş prokurorun bir illik əmək haqqından da çox idi!" Məncə, şərhə-filana ehtiyac yoxdu. Professor C.Həsənli quşu lap gözündən vurub. Elə o hakimiyyətin evini yıxan məqamlardan biri də, məhz Qurban kimi çığıranların səsini kəsmək üçün ağızlarına sümükdən-filandan atmaları idi ki, bunun da sonu o cür nəticələnməyə məhkum idi. Çünki bu adamlar dövlət, dövlətçilik nədi, idarəetmə nədi bilmirdilər və bilmədikləri işin qulpundan yapışanlar da, min illər əvvəl olduğu kimi, yerə yıxılmalı idilər, yıxıldılar da! İndi yıxılmalarının günahını orda-burda axtaran bu adamlar belə məsələlərə aydınlıq gəlincə papaqlarını (kimdə varsa) qoysunlar qabaqlarına və ya keçsinlər güzgünün qarşısına! Bir ölkənin ki, iqtidarı çığıranın ağzına sümük atacaq, onda bu ölkə çevriləcək donbalaq aşmaq üçün ayının ağzına qənd verən ayıoynadanlar sirkinə.

Belədə onu dövlət adlandırmağa haqqımız çatarmı? Beləcə xaricdə fəaliyyət göstərən qeybət televiziyalarından da, axır ki, millətə faydalı bir şey eşitdik. Ardı gəlsin. Onda bu qeybətlərə qulaq asanların sayı xeyli artacaq. Necə ki, Cəmil-Qurban-Pənah üçlüyü belə bir ilkə (bəlkə də özləri də fərqinə varmadan) imza atdılar, millətin onlara qulaq asması üçün ən yaxşı metod elə budur, yəni açılsın sandıqlar, tökülsün pambıqlar. Millət də bilsin ki, bu sandıqdakı gerçəkdən əyrilmiş, təmizlənmiş mahlıcdır, yoxsa qozadan götürüb kirli-paslı sandığa tıxlanmış xam pambıq?!.

Təhmsib Novruzov

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...