Yaxşı bir Azərbaycan atalar sözü var: "Keçinin buynuzu gicişəndə, çobanın çomağına sürtünər". Amma icazənizlə mən "çomağına sürtünər" ifadəsini, "çomağını axtarar" sözləri ilə əvəz edim. Çünki görünən odur ki, 2008-ci ldən sonra qərbdəkilərin buynuzu yenə Vladimir Putinin "çomağı" üçün möhkəmcə "darıxıb".

Belə olmasaydı, Kerç boğazında Ukrayna öz gəmiləri ilə Rusiyanın üzərinə sürdürməzdilər. Heç zaman qərbdəkilər V.Putinlə açıq savaşa girməyiblər. Əvvəlcə, gürcüləri ortaya atdılar, son illərdə də "Ukrayna kartı"ndan istifadə etdilər. Hər ikisində də balacaboy cüdoçu "KQB" generalına uduzub, diz çökdü. Ortda qalan, qanı axan isə, gürcülər və ukraynalılar oldu.

Qərb strateqləri Moskvaya qarşı siyasi ekspriment kimi yazıq gürcüləri və xoxolları verdilər rus ayısının qabağına. Hər ikisinin qanından da dividend qazanmaq üçün yalançı "dəstəkləyici" və "biz sizin yanınızdayıq" bəyanatları səsləndirməklə, işlərini bitmiş saydılar. Vəssalam, yazıq ukraynalılar və gürcülər də getdilər işlərinin dalınca. Daha doğrusu, qərbdəkilərin fitfasına görə V.Putinə bədəl ödəməyə getdilər.

Bu yaxınlarda iki slavyan dövlətini üz-üzə gətirən Kerç boğazı da slavyanlar üçün ağrılı tarix kimi yaddaşa yazıldı. Onsuz da, iki slavyan qardaşdan daha çox qanlı düşmən kimi üz-üzə dayanan Ukrayna ilə Rusiya, Kerç boğazında slavyan savaşının bir addımlığına qədər gəlib çıxdı. Rus ayısını Kerç boğazında "razborkaya" çəkmək üçün gərək 2 balon təmiz rus arağı içəsən ki, beynindəki Putin qorxusunu duman bürüsün, gözün balacaboy cüdoçunun qəzəbli gözlərini ayırd eləməsin.

Amma şokolad mafiyası kimi tanınan Petro Poroşenko "qazını boşaltmaq" üçün bir-iki günlük hərbi vəziyyət elan elədi və nəbz yoxlamağa keçdi. Ancaq nəbz yoxlama, vəssalam! Çünki V.Putinin qoyduğu qırmızı xətti keçmək, şokolad mafiyasının başı üçün deyil axı...

Amma başqa bir tərəfdən hadisələr göstərdi ki, Ukrayna hələ də Rusiyaya qarşı dərin nifrət ruhundadır və Krımın zorla ondan qoparılmasına görə, Moskvadan hər an dəhşətli qisas almağa hazırdır. Bu, sadəcə, inkar olunması mümkünsüz olan faktdır və Kerç "razborkası" da dediklərimizi açıqca sübut etdi.

Kiyevdə hakimiyyətdə, kim olursa-olsun, bu slavyan torpaqlarında Rusiyaya qarşı ölümcül, pataloji ictimai nifrət püskürür və bu amil gec-tez Ukraynanın Rusiya əleyhinə ən dəhşətli ssenarilərdə rol alacağını qaçılmaz reallığa çevirir. Xüsusilə, Putin əleyhdarları həmişə bu kartdan yeri düşəndə, yararlanmağa can atacaqlar. Bu da özünü hər fürsətdəcə büruzə verir. NATO neçə vaxtdır ki, Kiyevdəki hakimiyyətlə birgə təlimlərə baş vurur, İngiltərə isə, lap irəli gedərək, dünəndən başlayaraq, öz seçmə bolməsini Ukraynaya yollayıb. Sanki, Qərbdəkilər Putinin nəbzini yenidən yoxlamağa başlayıblar.

Bir dəfə, düz 10 il əvvəl, qəbdəkilər bu nəbzi Gürcüstanda yoxlamağa başladılar və bunun ardınca da rus əsgərləri Olimpiyadanın qızğın vaxtında Tbilisinin içərilərinə kimi irəliləyib, gürcü çaxırından dadmalı oldular. Bu da, onunla nəticələndi ki, Mixail Saakaşvilinin 2008-ci ilin bir avqust gecəsi həm cəsarətli, həm də dəhşətli səhvi olan bu qərarından sonra Qərb liderləri-Kondaliza Rays, Angela Merkel, Nikola Sarkozi və Polşanın o zamankı prezidenti Qafqaz reysi ilə buraları su yoluna döndərdilər.

Axırda təngənəfəs halda qaçıb Kremldəki otağında hadisələri oyuncaq pultu ilə idarə edən "KQB" generalı, əziz Putinin əl-ayağına düşüb, rus əsgərini Tbilisidən geri çəkmək üçün yalvar-yaxar etdilər. Hətta xarici KİV-lər bir ara yazırdılar ki, bu baş verənlərdən bərk qəzəblənən V.Putin, gürcü Mişasını bu cəsarətə sürükləyən A.Merkeli rus dilində yamanca "bəzəyib" yola salıbmış.

İndi Kremlin yeni "Lenininin" ürək döyüntülərini yenidən eşitmək üçün yüz yola baş vuran Qərb başbilənləri, deyəsən, bu dəfə Pribaltikanı da öz qanlı eksprimentlərinin güdazına verəcəklər.

Çünki artıq "sovet ailəsində" Moskva ilə qanlı ekspriment üçün güdaza veriləcək tək mədəni pribaltikalılar qalıb. Amma qorxulu cəhət odur ki, bu dəfə balacaboy Vladimirin sarı saçları, qıyıq gözləri və soyuq üzü pis bozarsın. Bax, onda rus çəkməsi üzünü Varşavaya çevirəcək.

Mətləb Salahov

Bütün xəbərlər Facebook səhifəmizdə