Bu Avropa deyilən qitə ki var, dünyanın bütün oyunları ordan baş qaldırır. Gecə-gündüz bar-bar bağırırlar ki, bizim bütün siyasətimiz (oxu: oyunlarımız) demokratiyanın inkişafı, insan haqları, dünya xalqlarının təhlükəsizliyi və s.və i. üçündür. Di gəl ki, bütün əməllərinin arxasından başqa-başqa niyyəttlər çıxır. Hətta dünyanın on milyonlarla günahsız insanların qanını tökən faşistlər də, əməllərini bəşəriyyətin xilası (???) kimi qələmə verirdilər. İstər Hitlerdən əvvəl, istərsə də ondan sonra bu qitədə ortaya çıxan siyasi fiqurlar əsrlər boyu elədiklərini, beləcə, "bəşəriləşdirməyə" can atıblar. Amma qırmızı pipikli xoruzun rəngbərəng quyruğu da əsrlər boyu dünyanın gözünə girib. İndi Fransanın (yəni Firəngistanın) oynadığı oyunlar da, belə siyasətin davamıdır, ona görə də burda təəccüblü və gözlənilməz heç nə yoxdur. Vaxtilə ATƏT-də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Minsk Qrupunda həmsədr institutu yaradılanda firənglərin o zamankı lideri Şirak müəllim dünyanı tökdü Ulu Öndərin üstünə ki, bu problemin həllində biz çox işlər (?) görə bilərik, bizim də həmsədrliyimizə səs verin. Dünya siyasətinin iliyindən də xəbərdar olan Ulu Öndər o zamankı şəraitdə bunu Azərbaycanın xeyrinə bir fakt kimi gördü və razılıq verdi. İnsafən deyək ki, Ulu Öndərin bu jesti də Gənc Azərbaycan dövlətinin inkişafında çox mühüm əhəmiyyətli rol oynadı. Amma zaman keçdikcə, firənglərin iri buynuzu özünü göstərməyə başladı.İnsan haqlarını bayraq edən bu ölkənin indiki siyasiləri on minlərlə insanı qətlə yetirən, bir milyondan çox azərbaycanlını yurd-yuvasından didərgin salan, XOCALI SOYQIRIMI kimi vəhşilik aktına imza atan və utanmadan bununla qürur duyan separatçı birləşmənin cinayətkar liderlərinin, ayaqları altına xalı sərərək, qəbul edirlər. Bu ölkənin siyasiləri həmin separatçı qurumun işğalı altında olan Azərbaycan ərazilərinə qeyri-qanuni səfərlər etməkdə yarışa giriblər. Bu ölkənin Prezidenti həmin separatçı qurumu himayə edənlərin geyparadına (bəli, məhz geyparadına) qatılır. Qəribədir, Azərbaycanda bir jurnalistə, ya bir siyasətçiyə gözünün üstündə qaşı olduğunu xatırladanda, firənglər haray-həşir qoparırlar ki, bu, yəni insanın gözünün üstündə qaşı olduğunu xatırlatmaq insan haqlarının pozulmasıdır. Belədə bir milyon insanın min illər boyu

ulularının yaşadığı torpaqlardan zorla çıxarılması, onların adi yaşamaq haqlarının pozulması deyilmi? Xocalıda körpə uşaqların, ahıl qocaların, qadınların qanlarına qəltan edilməsi insan haqlarının pozulması deyilmi? Əcəba, Azərbaycanda "qıl" axtaran Fransa siyasiləri Ermənistandakı "tir"i niyə görməzdən gəlirlər? Bu və buna bənzər çox suallara cavab tapmaq üçün illərdir düşünürdüm. Nəhayət, cavabını tapdım. Mənim qənaitimə görə, firənglərin bu oyunları heç də onların erməni sevgisi ilə bağlı deyil. 150 il öncə, rəhmətlik Dərviş Məstəli şah Əlixa cinin, Vəlixa cinin və Məlixa cinin köməyi ilə firənglərin baş şəhəri olan Parisin altını- üstünə çevirib. Bəlkə də firənglər bu əməli Məstəli şahın törətdiyini bilməyəcəkdilər. Rəhmətlik Mirzə Fətəli götürüb bunu qələmə aldı, saldı tarixə və bütün dünya, o cümlədən, firənglər də bildilər ki, Parisi darmadağın edən kişi Azərbaycandan olan bir dərviş imiş. Sonra da kinoçularımız götürüb bu hadisəni kinolaşdırdılar və yəqin oldu ki, Parisin qənimi bir azərbaycanlı dərviş olub. Odur ki, firənglər də and içiblər ki, Parisin qisasını bu millətdən alsınlar. Əllərinə də gözəl fürsət düşüb, bu məmləkətin torpaqlarının hərrac bazarından çıxarılıb, sahibinə təhvil verilməsi ilə əlaqədar yaranan qrupun həmsədri kimi, nəyin bahasına olursa-olsun, Parisin qənimlərinə zərər yetirmək! Amma gərəkdir firənglər bilsinlər ki, Məstəli şah kimi dərvişlər ölmürlər. Bir də gördün ki, yenidən çıxdı meydana, Əlixa cini, Vəlixa cini və Məlixa cini də yanında. Bax onda təkcə Parisin yox, bütün Firəngistanın yerlə yeksan edilməsinə görə, gərəkdir ki, firənglər bizi qınamasın. Madam ki, Xocalıda günahsız insanları qanına qəltan edənlər onların nəzərlərində təqsirsizdirlər, o zaman bizim bir dərvişimiz cəmi üç cini ilə Fransanı dağıdanda, niyə biz təqsirkar olaq?

Hardasan, ay Dərviş Məstəli şah? Gəl! Əlixa cinlə, Vəlixa cinlə, Məlixa cinlə gəl. Gəl ki, firənglərin "insan haqları" düşüncəsinin yeni formasını onlara göstər...

TƏHMASİB NOVRUZOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...