Sirr deyil ki, milyarder Corc Soros zaman-zaman bir sıra ölkələrdə, xüsusilə post-sovet ölkələrində siyasi çaxnaşmalara rəvac verən və bu istiqamətdə bəlli xarici qüvvələrin maraqlarından çıxış edən “layihələrini” həyata keçirməyə çalışıb və çalışmaqdadır. Belə ki, istər media, istər siyasi təşkilat, istərsə də QHT sektorlarına necə deyərlər, açıq-aşkar burnunu soxan” Soros planlarına nail ola bilmədikdə dərhal qrantlar ayırdığı qurumlar üzərindən bəlli kampaniyalarına start verdirir. Bu baxımdan, son günlər “Yeni Nəsil” adlı “jurnalistlər birliyinin” rəhbəri qismində, eləcə də “Media Klubu” adlı saxta bir qurum vasitəsi ilə Azərbaycanın müstəqil, azad, demokratik və tarixi ənənələrini qoruyub-saxlayan, inkişaf etdirən mətbuatına qarşı növbəti qarayaxmalara start verilib – bu dəfə A.Əliyev timsalında. Son bir neçə gündür, adıçəkilən fərd haqqında çoxsaylı faktlar ortaya çıxarıldı, onun nəinki jurnalist cameəsinə ləkə olması, eyni zamanda qrantyeyən olmasını da sübut edən danılmaz dəlillər gətirildi. Əlbəttə ki, A.Əliyev bu dəlillərin danılmaz olmasına qarşı öz “arqumentlərini” gətirir, gah “aydan arı, sudan duru”, gah da “süddən çıxmış ağ qaşıq” olduğunu nümayiş etdirməyə səy göstərir. Ancaq həqiqəti heç vaxt gizlətmək olmur, ya tez, ya da gec o özü-özlüyündə ortaya çıxır. Məhz bu baxımdan da, A.Əliyevin “arqumentlərini” gerçəklik mücəssəməsinə yazmaq qeyri-mümkündür. Misal üçün, onun PA-da mətbuat katibi işlədiyi zamanlarda çıxardığı oyunlardan tutmuş, qrantlar müqabilində açdığı və qrantlar müqabilinsə təsis etdiyi “Gün xəbər” qəzetindən başlayaraq, həmin qəzet vasitəsi ilə bu qrantları silməyinə qədər və s.

Halbuki, A.Əliyev hazırkı zamana qədər hansı işin “qulpundan” yapşıbsa, həmin iş ya alınmayıb, ya da öz bacarıqsızlığı üzündən iflasa uğrayıb. Artıq bu kimi adamların düşüncələrində belə bir fikir formalaşıb - uğursuzluğa məruz qalıramsa, bu mənim günahım deyil. Halbuki, qarşılanan hər bir uğursuzluqda hətta başqalarının təsirləri olarsa belə, bu uğursuzluğun əsas günahını insan özündə axtarmalıdır. A.Əliyev isə əlbəttə ki, belə reallığı dərk edə bilmək qabiliyyətinə malik olmayan “jurnalistlərdəndir”. Daim pul-para və asan qazanc əldə etmək marağından çıxış edən A.Əliyev hətta buna görə vicdanını, əqidəsini, mənliyini və ləyaqətini sataraq, həmin qazancı qatlayıb cibinə qoymaq iqtidarında olan saxta media nümayəndəsidir. Necə ki, “Yeni Nəsil” birliyində təmsil olunan, yaxud “Media Klubu” adlı dərnəyində var-gəl edən digərləri kimi...

Belələri üçün isə nə xalq, nə dövlət, nə də başqa mühümlük təşkil edən faktorlar maraqlı deyil. Əslində, Azərbaycanın tarixi ənənələrinə malik olan mediasını qaralayanlar da onlardır və zaman öz axarı ilə bu kimi xarici təşkilat nökərlərinə öz yerlərini göstərir. Nə Soros, nə də başqa araqarışdıranlar A.Əliyev, Mehman Əliyev, Elçin Şıxlı və s. tipli “media” uşaqları vasitəsi ilə müstəqil, azad, demokratik mətbuatımıza qarşı kampaniyalarda uğur əldə edə bilməyəcəklər. Bax, bundan 100 % əmin ola bilərlər!

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə