Əli Kərimlinin “bazarı” və alverçiləri KÖŞƏ YAZISI

Sirr deyil ki, AXCP sədri Əli Kərimlinin siyasət “bazarı” kəs kəsə açıqdır. Kim istəsə onunla onunla siyasi dəllallıq edərək, çirkin niyyətlərini həyata keçirmək üçün necə deyərlər, “şans” qazanar. Daha doğrusu, alverçiliklə məşğuldurlar. Ümumiyyətlə isə, bu “bazarda” istəyən hər kəs özü üçün nə isə “xırıd-xurud” tapa bilər. Necə ki, keçmiş səfir, qısa bir zamanda Facebook-dakı çıxışları ilə tanınan və ulduzu elə qısa müddətdə də sönən Arif Məmmədov bu bazarda özü üçün nələrsə tapmışdı. Keçmiş səfir elə keçmiş fəaliyyətinə yönəlik ittihamlara cavabında "bəsirət gözüm indi açılıb” cavabını verə bilər, ancaq onun “bəsirət gözünün” kor olduğunu da deyə bilərik....

Xəyanət heç kimsəyə uğur qazandırmayıb

Amma A.Məmmədov ən azından, keçmiş diplomat kimi bilməliydi ki, Ə. Kərimlinin “ipi” ilə “quyuya enmək olmaz”, nə də ki, həmin “ipin” üstünə “odun” yığmaq mümkün deyil. Çünki Ə.Kərimli siyasi cəhətdən heç də ağıllı biri deyil, əksinə, siyasi “bicdir” və dərinliyini bilmədiyi quyuya “ip”-filan sallamaz. Hətta sallasa da, o “iplə” quyuya sallananın ordan sağ-salamat çıxmayacağını bildiyindəndir. Necə ki, keçmiş konsul Nahid Cəfərov o quyudan "sağ çıxmadı”...

İnandırıcı olmasa da, yəqin A.Məmmədov Ə.Kərimlinin keçmişindən bixəbərdir və bəlkə də bunu ona bağışlamaq olar, amma əgər söhbət həm də gələcəkdən gedirsə..! Bu zaman keçmiş diplomatın özünü “yandırdığını” da iddia edə bilərik. Əcəba, A. Məmmədov bilmirmi ki, xəyanət, özü də siyasi xəyanət heç zaman kimsəyə uğur qazandırmayıb və bu yolla gedən istənilən adam elə siyasi ölümə məhkum olub? Yəqin ki, bilir, sadəcə, o da Ə.Kərimlinin “bazarına” mürtəkib olaraq, alverçi olmaq qərarını verib. Amma bu “bazar” onun sonuncu dayanacağı olub.

Əli Kərimlinin xarici ölkələrdəki “bazarı” da “ölüb”

Görünən həm də budur ki, Ə.Kərimli müxtəlif anti-milli qərarlarının “daha çox adam tərəfindən dəstəkləndiyini” xaricdəki bəzi qüvvələrin diqqətinə çatdırmaq üçün zaman-zaman keçmiş səfridən başlayaraq sıravi "fəallara” qədər bir çoxundan yararlanmaq niyyətini güdür. Çünki Ə.Kərimlinin Azərbaycandakı şansı çoxdan bitib-tükənib. Lakin xarici ölkələrə ümidi də artıq məhv olub. Buna baxmayaraq, hələ də ortalıqda var-gəl edib, “baş sındırır”. Misal üçün, AXCP sədri xaricdə onun sözünü müəyyən dairələrə çatdıracaq birilərinə ehtiyacının olduğunu və bu ehtiyacının məhz A.Məmmədov kimilər tərəfindən ödəniləcəyini sanırdı. Fəqət, hələ bu ilin aprel ayında keçirilmiş prezident seçkilərində sabiq diplomat A.Məmmədov ona heç bir dəstək göstərə bilmədi. Elə digər “bazar” alverçisi Nahid Cəfərov da...

Lakin buna baxmayaraq, Facebook-da hələ də ağızlarına çullu dovşan yerləşmir. Məhz Facebook-da! Çünki başqa yerdə və məkanda belələri ümumiyyətlə, heç nə bacarmırlar. Ümumiyyətlə, belə ünsürlərin bacarıqsızlıqlardan ictimai rəy təngə gəlsə də özləri heç də bezənə oxşamırlar. Yəqin, “bazarlarının öləcəyindən” ehtiyat edirlər. Halbuki, bu “bazar” çoxdan “ölüb” və sadəcə yerdən götürəni yoxdur...

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə