Əxlaqsız siyasətçinin əxlaqsız siyasəti

Müxalifət düşərgəsində təmsil olunan dağıdıcı ünsürlər arasında savaş, bir-birini gözdən salmaq kampaniyası getdikcə daha amansız və gərgin xarakter daşımaqdadır. Müsavatın keçmiş başqanı İsa Qəmbərin xəstə olub, siyasətdən kənarda qalması ilə meydanda yaranan boşluğu doldurmağa çalışan ADP sədri Sərdar Cəlaloğlu, “Ümid” partiyasının sədri İqbal Ağazadı, KAXCP sədri Mirmahmud Mirəlioğlu və digərləri kor-koranə də olsa, müxtəlif ideya və təkiliflərlə diqqət mərkəzinə çevrilməyə çalışırlar. Amma müxalifətin üz qarası hesab olunan AXCP sədri Əli Kərimli təşəbbüsü əldən vermək fikrində olmadığını göstərmək üçün iddialı partiya sədrlərini trolları vasitəsi ilə sıxışdırmağa və gözdən salmağa çalışır. Xüsusi ilə, ADP sədri S.Cəlaloğlunu və onun hazırda Londonda yaşayan qardaşı Qurban Məmmədovu hədəfə alan Ə.Kərimli onlara qarşı hər cür ittiham xarakterli məlumatlar yayır. Düzdür, Ə.Kərimlinin qardaşlara qarşı nifrəti və qəzəbi yeni deyil. Hələ 2003-cü il prezident seçkiləri ərəfəsi və məlum 15-16 oktyabr iğtişaşlarına cəhddən sonra Ə.Kərimli ilə Cəlaloğlu qardaşları arasında ciddi ixtilaflar yaranmışdır. Sonradan bu ixtilaflar bir qədər də dərinləşərək, düşmənçilik səviyyəsinə yüksəlmişdir.

Təsir əks-təsirlə nəticələnir

Vaxtaşırı olaraq, Ə.Kərimlinin göstərişinə əsasən, sosial şəbəkələrdə və mətbu orqanlarda Cəlaloğlu qardaşlarının ünvanına təhqirlər səsləndirir, ittihamlar irəli sürülür. Qardaşlar da zəif tərəf olmadıqlarını göstərmək üçün Ə.Kərimliyə qarşı tutarlı cavablar verirlər. S.Cəlaloğlu əlində olan faktlara istinadən bildirib ki, Ə.Kərimli Azərbaycan siyasətinin primadonnasıdır: "Ə.Kərimli Azərbaycanda siyasi partiyalara ad qoyur ki, Müsavat filandır, AMİP filandır, bunlar satqındır. A bala, sənə bu hüququ kim verib? Sən də siyasətin primadonnasısan? Belə şey olar?" ADP sədri, Əli Kərimlinin bu günə kimi, düzgün bir əxlaqa malik olmadığını da bildirib: "Ə.Kərimli özünü müxalifətin lideri sayır. Axı sən kimsən? Bu gün heç AXCP lideri ola bilməmisən. Elçibəyin ölümündən sonra partiya parçalandı. Onun hansı addımı cəmiyyət və müxalifət düşərgəsi daxilində qəbul edilir? O, 10-15 nəfər gənci internetə qoşub, özünə səs yazdırmaqla məşğuldur. Bu, balaca uşağın öz-özü ilə oynamasına bənzəyir. Bunlar Ə.Kərimlinin özünə qarşı işləyən bir "piar"dır. O, ən çox ittihamlara məruz qalmalı olan adamdır. Ə. Kərimli deyir ki, Elçibəy liderimdir. Qeyd edim ki, ölənə qədər Elçibəy onu yaxına buraxmamışdı. Çünki ona sağlığında xəyanət etmişdi. Sən özün bir keçdiyin yola bax. Müxalifətin bu günə düşməsinin baiskarı sənsən".

Əli Kərimli müxalifətin üz qarasına çevrilib

Bu, faktdır ki, Ə.Kərimli hikkəliyə hikkəsi ilə və özünə məxsus formada cavablar verir. Onun Cəlaloğlu qardaşlarına qarşıda cavabı özünü çox gözlətməyib. Sosial şəbəkələr vasitəsi ilə Cəloğlu qardaşlarına “toy” tutan Ə.Kərimli onları satqınlıqda, işverənlikdə, müxalifətin birliyini pozmaqda, xarici ölkələrdə özlərinə obyekt və ev almaqda ittiham edib: “Necə oldu ki, “azadlıq aşiqi” olan Sərdar Cəlaloğlu qəfildən Azərbaycan neftini oğurlayıb xarici ölkələrə satan və hazırda ABŞ-da gizlənən Rəsul Quliyevlə əlbir olaraq elə Xalq Cəbhəsinin özünə qarşı yeni cəbhə açdı? Hələ bir neçə il öncə, Rəsul Quliyev müsahibələrindən birində Sərdar Cəlaloğlunun pul müqabilində ona necə işlədiyini etiraf etmişdi. Həmin vaxt eks-spiker işarə vurmuşdu ki, ötən 2000-ci illərdə Sərdar Cəlaloğlunun Sankt-Peterburq şəhərində təhsil almış oğlunun bütün maliyyə xərcini Rəsul Quliyev ödəyib”.

Sosial şəbəkədə yayılan məqalədə, o da qeyd olunur ki, Sərdar və Qurban Məmmədov qardaşları bu gün sifarişlə kimi istəsən söyməyə hazır dayanan “siyasi killerlərdir”. Sonununcu prezident seçkiləri öncəsi teledebatda da rəqibləri S.Cəlaloğlunu bir neçə dəfə ifşa etmişdilər: “Bu adamlar “siyasi mühacirət” biznesindən tutmuş partiya vəsiqəsi satmaq biznesinə qədər peşəkar dəllallardır. Bəzən himayə oldunduğu xarici dövlətin izini azdırmaq üçün həmin ölkəni ən ağır ifadələrlə söyməyə də hazır olan Məmmədov qardaşları lazımi məqamda Azərbaycan dövlətinin maraqlarını bir saniyə düşünmədən qurban verməyə hazır dayanıblar”. Məqalə müəllifi iddia edir ki, S. Cəlaloğlunun separatçı qüvvələrlə görüşləri faktdır: “Onu şəxsən tanıyanlar deyir ki, Sərdar Cəlaloğlu vəzifə və pul üçün düşmənlə belə dialoqa hazır olacaq adamdır”.

Bir sözlə, Ə.Kərimli Sərdar və Qurban qardaşlarını zərəsizləşdirmək üçün geniş şəbəkə qurub. Bundan sonra saytlarda və qəzetlərdə yazılacaq məqalələrlə Cəlaloğlu qardaşlarının günləri bir növ göy əskiyə büküləcək. Onlara qarşı hər cür söyüş və təhqirlər irəli sürüləcək. Kimin haqlı kimin haqsız olduğunu demək çətindir. Yalnız məlum olan odur ki, istər Ə.Kərimli, istərsə də Cəlaloğlu qardaşları Azərbaycan siyasətinin üz qaraları və ləkələridir. Onlar elə bir-birlərinə layiq ünsürlərdir.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə