Yazının başlığını oxuyub, kimsə məni qınamasın ki, ABŞ liderini təhqir eliyirəm. Əvvəla türklərdə “dəli” kəlməsi çoxlarının anladığı kimi gic ağılsız və sərsəri mənasını vermir. Koroğlunun dəlilərini yada salmaq, bir də indi Anadolu türklərində geniş işlənən “dəliqanlı” kəlməsini xatırlamaq kifayətdir ki, «dəli» kəlməsinin şəxsiyyəti təhqir edən məna daşımadığını anlayaq. Əslində, bu söz aşırı riskli, aşırı cəsarətli, bir az da qorxu-ürkü bilməmək mənasında işlədilir. Elə ona görə də, ABŞ-ın indiki prezidentinin fəaliyyətini bir sözlə ifadə etmək üçün bundan yaxşı kəlmə tapmadım.

Mənə elə gəlir ki, dünyaya hökm edən Amerika Birləşmiş Ştatları arabir bu tipli prezidentləri seçir ki, həm dünyanın diqqətini bu ölkəyə daha sürətlə cəlb eləsin, həm də bu tpli liderlər sayəsində super-dövlətə başqa ölkələrin real münasibətini öyrənsin. Ötən əsrin 60-cı illərində Fordun bu tipli siyasəti ilə barışmayan ABŞ seçicilərinin onun prezidentliyinə vaxtından əvvəl xitam verməsidir ki, əgər belə dəli siyasətlə barışsaydılar, bunu etməzdilər. Deməli, Trampın indiki siyasəti heç Amerika xalqının da maraqları ilə üst-üstə düşmür. O zaman sual olunur: əcəba, nə dünyanı, nə onu seçən amerikalıları razı salmayan bu siyasəti yürüdən Tramp hansı məqsədi güdür? Bu sual üzərində çox düşünüb-daşındım. Dünya dövlətlərinin 90 faizdən çoxunu, o cümlədən, yüz illərdir ki, müttəfiqlik etdiyi Avropa ölkələrini özündən narazı salan, hətta həmin ölkələri düşmən adlandırmaqdan belə çəkinməyən lider nəyə can atır? Dünya iqtisadiyyatını dolların təsiri altına salmaqla bu ölkə, faktiki olaraq, dünyanın bir nömrəli super-gücünə çevirmişdi. Rusiya, İran və Çin istisna omaqla dünyanın bütün dövlətləri ABŞ-la, onun istəkləri ilə hesablaşmaq zorunda idilər. İşğalın iqtisadi variantı ilə bu ölkələri də yavaş-yavaş öz təsiri altına alırdı. Bəlkə Reyqanın başladığı o uzaqgörən siyasət davam eləsəydi, həmin ölkələr də, artıq ABŞ-ın təsir dairəsinə düşmüşdülər. İlkin olaraq, oğul Buş, ardınca Barak Obama siyasətdə köklü dəyişikliklər etməklə “dünyanın vahid gücü” siyasətini

zədələdi. Tramp isə biznesdə qazandığı uğurlarına arxalanaraq, dünyanı özünün biznes dairəsinə çevirmək istəyinə əsaslanan siyasət yürütməklə, əldə olunan siyasi nailiyyətləri, yəni dünyanı siyasi təsir dairəsində cəmləməyə yönəldilmiş idarəçiliyi yerlə yeksan elədi. Gah dünyanın digər güclü dövlətlərinə sanksiyalar tətbiq edilir, gah müttəfiqləri də daxil olmaqla, bu gücləri Amerikanın düşmənləri adlandırır, gah dünyanı ulduz müharibəsi ilə hədələyir. Adını qoyur: demokratiyanın və insan haqlarının müdafiəsi. Erməni obrazı olanda, noolar, yadıma Qıdı kirvənin məşhur kəlamı düşür: ara, bu geda dalidi, nadi!..Yüz milyonlarla insanın yaşamaq naminə yemək haqqına zərbə vuran sanksiyalar tətbiq edib, insan haqlarından danışmaq gülünc deyilmi? Əfqanıstana, İraqa, Misirə, Sudana, Liviyaya, Suriyaya və daha haralara ordu yeridib, bu ölkələrdə yüz minlərlə günahsız insanların ölümünə milyonlarla insanın didərgin düşməsinə səbəb olmaq, iqtisadi sanksiyalar tətbiq etməklə, dünya iqtisadiyyatını təhlükə ilə üz-üzə qoymaq nə qədər insan haqlarının müdafiəsi hesab edilə bilər, anlamıram. Fələstində və Qarabağda baş verənlərə bəslənilən münasibət də göz qabağındadı. Başqa ölkələrlə bağlı BMT TŞ-nın qərarının mürəkkəbi qurumamış, bəzən heç TŞ-nin qərarı da olmadan bu ölkələrə qoşun yeridən Amerika Ermənistana yardımlarını artırır. Nədi-nədi, bəlkə bu ölkələrdəki insanların, sadəcə, öz yurdlarında normal yaşamaq haqları belə yoxdur? Yox atam, mənim qandığım odur ki, nə qədər gec deyil, dünyanın xilası naminə bu Tramp müəllimə “dur” deməyin yolu tapılmalıdır. Yəni dünya Amerikanın bu siyasətini dağıtmalıdır. Yoxsa belə davam edərsə, ABŞ dünyanı dağıdacaq...

Təhmasib Novruzov

Bütün xəbərlər Facebook səhifəmizdə