Mənim ingiliscə elə də güclü savadım yoxdu. Sadəcə, sovet dövründə bir kənd məktəbi şagirdinin öyrənə biləcəyi qədər ingiliscəm var. Amma bu dili öyrənib - öyrənməməyimizdən asılı olmayaraq, hər gün, hər məqamda onun elementləri ilə rastlaşmalı oluruq. Hətta iş o həddə çatıb ki, yeni yaranan özəl qurumlar da özlərinə ad seçəndə, bu dilə üstünlük verirlər. Nədən? Çünki mallarını xırıd eləyəndə, bu adın onlara əməlli-başlı köməyi olur. Yəni milliliyimizi beş-on quruşa qurban veririk.

Xülasə, mövzumuz o deyil. Olsa belə, xeyri olmayacağını bilirik. Çak-çukun baş ağrıtması özünə qalacaq, dəyirman bildiyini edəcək. İndiki söhbətimizin mövzusu milli dəyərlərlə bağlı olsa belə, məqsəd kiməsə, nəyisə dəyişmək tövsiyəsi deyil. Sadəcə, bir qələm adamı kimi, düşüncələrimi bölüşmək istəyirəm. Dünyada gedən qloballaşma bütün sahələrə sirayət eləyir. İqtisadiyyata da, mədəniyyətə də, diplomatiyaya da, elmə də, texnikaya da... Amma qloballaşmaya ən böyük təsiri milli dəyərlərə, yəni ingiliscə desək, mentalitetlərə olur. Onun da nədəni məlumdur. Çünki dünyanı qloballaşmaya yönləndirən siyasi başbilənlər belə istəyirlər. Hamı min illər boyu millətin ulularının yaratdığı, əsrlərlə sınaqdan çıxmış milli dəyərlərini atıb beynəlmiləl mental dəyərləri qəbul etməlidir. Məni də düşündürən, bax, məsələnin bu tərəfidir. Nədi axı bu mental dəyərlər? Əvvəl-əvvəl götürdüm ingiliscə -azərbaycanca lüğəti. Mental sözünü tapa bilmədim. Sonra ağlıma gəldi ki, bu söz yəqin iki sözün birləşməsindən əmələ gəlib. Axtarıb tapdım ki, ingiliscə men - kişi, tall - uzunboylu mənasındadır. Bunu çevirdim Azərbaycan türkcəsinə və aydın oldu ki, mental sözünün hərfi mənası "uzunboylu (yəni cüssəli) kişi" deməkdir. Fikir məni götürdü ki, əcəba, Qərb üçün uzunboylu kişi dəyərlərinin mahiyyəti nədən ibarət ola bilər ki, siyasətlərində bu söz birləşməsindən bu qədər geninə-boluna istifadə edirlər! Çox düşünüb-daşındıqdan sonra, anladığım bu oldu ki, Qərb- ingilis siyasəti bütün dünyaya diktə eliyir ki, hamı Avropa kişilərinə oxşasın və bu kişiliyi (?..) öz milli dəyərlərindən öndə tutsun. Tall, yəni uzunboylu sözünü də bura bəzək kimi əlavə ediblər ki, yəni yaponlar kimi gödəkboyluların yox, məhz avropalılar kimi uzunboyluların (?) dəyərlərindən söhbət gedir. Burası da məlum. Amma məlum olmayan bir məsələ var axı! Bu gün Avropa kişiləri bir-biri ilə nikaha girir, nəticədə, Avropa qadınları türklərlə, ərəblərlə, hətta zəncilərlə cütləşib, nəsil artırırlar. Çox da açıqlanmayan bəzi məlumatlara görə, avropada son illər doğulan körpələrin yarıdan çoxunun atası, məhz sadaladığımız millətlərdəndir. Deməli, milli gen dəyişir. Elə ona görə də, avropa bu mental sözünü, yəni avopasayağı mentalitetizmi təbliğ edir ki, gələcəkdə onsuz da, avropa xalqlarının sadəcə dili qalacaq, gen isə yadlaşacaq. İndi sual olunur, Avropada demoqrafik durum niyə bu hala düşüb? Cavab şəxsən mənə aydındır. Mənə aydın olanı deyim, aydın olmayanlara da aydın olsun. Avropa yer kürəsinin ayrı-ayrı qütblərində müstəmləkəçilik siyasəti yürüdərək, dünyanın var-dövlətini mənimsəyib, əhalisinin də güzəranını o qədər yüksəyə qaldırıb ki, onlar üçün elit yaşayış mənasında əlçatmazlıq qalmayıb. Yəni avropalılar yaşamaq uğrunda mübarizə deyilən təbii hissdən zaman-zaman məhrum olublar. Bu hiss olmayanda, insan xisləti yeni nəsə axtarır. Onlar da axtarıb-axtarıb təbiətin ziddinə olan bəzi-bəzi mentalitetlər formalaşdırıblar. Məsələn, Valentin günü deyilən, əslində, əxlaqsızlığın bir nümunəsi olan ənənə yaradıblar. Sevgi azadlığı düşüncəsini əxlaqsızlıqla eyniləşdirən bu ənənəni də dünyaya təbliğ edirlər. Nəticə də gətirib indiki acınacaqlı duruma çıxarıb. Millət artmır, məcbur olub başqa genlərlə problemi həll etməyə çalışırlar. Bilmirəm, bu günə düşmək hansı millətə lazımdır? Uzunboylu (yəni cüssəli) kişi mənası verən mental dəyərlərə uymaq hansı millətə, onun gələcəyinə xeyirli nəsə vəd edir? Bir də anladığım odur ki, bu gedişlə Avropa vəhşiliyə doğru irəliləyir. Yəni insanlığın ilkin dövründə olduğu kimi, çılpaq gəzmək, harda, kiminlə gəldi cütləşmək, dünyaya gələn övladı ilə də həmin hissləri yaşamaq və s... Kim istəsə məni qınasın, amma vallah, Qərbdəki gedişat bunu göstərir. Odur ki, biz, nə qədər gec deyil, bu "cüssəli kişi"lərdən olmayaq, sadə, ata-babamızın olduğu kimi kişi olaq. Yoxsa bizim də sonumuz vəhşi mədəniyyət daşıyıcılarından olacaq. Hələ gec deyil, amma bir az da belə getsə, gec olacaq...

Təhmasib Novruzov

Bütün xəbərlər Facebook səhifəmizdə