Artıq uşağa da bəllidir ki, dağıdıcı müxalifətin parçalanması, ayrı-ayrı qanadlara bölünməsi onu azsaylı elektoratın dəstəyindən də mərhum edir. Yəni bu, bir danılmaz faktdır. Hətta gah ənənəvi, gah əsas, gah da digər üslübda adlandırılan müxalifətin, əslində, ölmüş düşərgə olduğunu müəyyənləşdirilməsi üçün də vaxt sərf etməyə ehtiyac yoxdur. Çünki bu düşərgənin məhvinin əsası "Milli Şura" tərəfindən qoyuldu. Bu düşərgədə baş verənlərin məntiqi sonluğu "Milli Şura" ilə bağlı hesab edilməlidir. Əslinə qalsa, müxalifət hər seçki öncəsi və sonrası bu tip birləşib-ayrılmalara, bir növ öyrəşib. Lakin əvvəlki dövrlərlə müqayisədə bugünkü şərait bir qədər fərqli mahiyyət kəsb edir. Belə ki, hazırda müxalif düşərgə ən acınacaqlı günlərini yaşamaqdadır. Əgər əvvəllər bu tip parçalanmalar müxalif düşərgəyə zərbə vururdusa da, dağıdıcı mahiyyət kəsb etmirdi. Bu gün isə, artıq müxalifətdə iki cüt-bir tək adamın qaldığı bir şəraitdə bu cür parçalanmaların baş verməsi düşərgəyə öldürücü zərbə vurur. Sadəcə, müxalifətin özünü cəmiyyətə göstərməsi üçün bir mövzu lazımdır. Seçkilər, referendumlar və s...

Bununla belə, müxalifətdə belə parçalanmaların baş verməsinin hazırkı şəraitdə qarşısını almaq da mümkün deyil. Çünki uzun illərdən bəri yığılıb qalmış intriqalar, dedi-qodular birgə addımlamağa, konkret məqsədlər uğrunda mübarizə aparmağa imkan vermir. Bir tərəfdən də, hakimiyyətdən bu və ya digər cinayətkar əməlinə görə qovulmuşları, yerə-göyə sığmayan şəxsi ambisiyaları ucbatından iqtidardan narazı düşənləri öz cərgəsinə həvəslə qatan müxalifətdən parçalanmadan başqa bir şey gözləmək də doğru olmazdı. Çünki bu cür qüvvələrin cəmləşdiyi düşərgədə sağlam münasibətlərin formalaşması mümkün deyil.

Eləcə də, belə bir vəziyyət dağıdıcı müxalif düşərgədə artıq heç bir ortaq ideya və dəyər uğrunda mübarizəyə imkan verə bilməz. Orada toplaşanlar, sadəcə olaraq, bir niyyət birləşdirirdi: nəyin bahasına olursa-olsun, iqtidarı ələ keçirmək! Bu məqsədə çatmaq naminə düşərgənin başbilənləri zaman-zaman hər cür cildə girməyə hazır olduqlarını ortaya qoyublar. Prezident və parlament seçkiləri radikal düşərgənin artıq ideyasız, dəyərsiz qaldığını bir daha ortaya qoydu. Belə

ki, Qərb dəyərləri uğrunda mübarizə apardıqlarını daim gözə dürtənləri hakimiyyət hərisliyi Şimalın kölgəsinə çəkilməyə belə vadar etdi. Üstündən bir ay keçməmiş isə, bəziləri guya Ukraynanın avrointeqrasiya proseslərinə dəstək nümayiş etdirməklə, özlərini növbəti dəfə biabır etdilər. Məhz belə uğursuz trayektoriya ilə hərəkət edən, "mübarizə aparan" müxalifətin birliyi bundan artıq ola bilməzdi. Lakin Azərbaycanın bugünkü dağıdıcı müxalifət düşərgəsi atdığı son addımlarla özünü narazı elektoratın gözündən bir daha salmış oldu. Çünki artıq həmin təbəqə müxalifətin səmimi birlik yarada bilməməsini, sözü bir yerə qoyub, hərəkətə keçməməsini aydınca müşahidə etməkdədir. Məhz müxalifətin qeyri-ardıcıl addımlarının və fəaliyyətinin nəticəsidir ki, onun daha öncələr təşkil etdiyi aksiyalarına gedən tapılmır.

Beləliklə, uzun illərdir bu çatışmazlığın əzabını çəkən müxalifət, məhz bu gün də həmin baryeri aşa bilmədiyini yaxşı bilir. Görünür, illər, on illər keçməyinə baxmayaraq, müxaliflərin düşüncəsi və təfəkkürü dəyişmək iqtidarında deyil. Bu isə, uzun illər ərzində düşərgədə qüvvələr balansının dəyişməməsinin əsas səbəblərindəndir. Hətta bundan sonra balans dəyişsə belə, bunun ənənəvi düşərgəyə heç bir müsbət təsiri olmayacaq. Çünki mənfi ilə müsbət heç vaxt üst-üstə düşməyib...

RƏFİQƏ

Bütün xəbərlər Facebook səhifəmizdə