Əli Kərimlinin Günnüt qorxusu KÖŞƏ YAZISI

Azərbaycan Ordusunun istər Qarabağ cəbhəsində, istərsə də Naxçıvanda ard-arda qazandığı zəfərləri AXCP sədri Əli Kərimlini məyus edib. Bu baxımdan, şanlı Silahlı Qüvvələrimizin qələbə yürüşlərindən mütəəssir olduğunu gizlətməyən Ə.Kərimli xüsusilə, Naxçıvanın Günnüt kəndinin erməni işğalından azad edilməsi istiqamətində ermənilərin maraqlarına xas olan fikirlərini ictimailəşdirməkdədir. Onu da xatırlatmaq yerinə düşərdi ki, hələ 2 il öncə, Aprel qələbəmiz əldə edilərkən, Ə.Kərimlinin Ordumuzun uğurlarına çirkab atması erməni mediasında geniş şəkildə işıqlandırılmışdı.
Maraqlısı da budur ki, Müdafiə Nazirliyi əldə edilən uğurları bütün faktlarla ictimaiyyətin nəzərinə çatdırır, AXCP sədri isə bu faktları ermənilərin xeyrinə yalanlamağa cəhdlər göstərir. Halbuki, Ermənistanda Azərbaycanın uğurlarına qarşı dezinformasiya xarakterli məlumatlar yayılır və bu məlumatlar işğalçı ölkənin iqtidarı və müxalifəti tərəfindən birmənalı olaraq qəbul edilir. Hətta Ordumuzun qələbələri faktlarla sübut olunsa belə, ermənilər bir ağızdan özləri tərəfindən yayılan yalanlara inanmaq məcburiyyətində qalırlar.
Bu zaman belə bir sual yaranır: Azərbaycanın Silahlı Qüvvələri cəbhədə nailiyyətlər əldə etdiyi, strateji yüksəkliklərin Ordumuzun nəzarətinə keçdiyi halda, Ə.Kərimli nəyə görə bu qədər narahatlıq keçirməyə çalışır? Hətta ermənilərin yalanlarını, dezinformasiyalarını təkrar edir! Misal üçün, AXCP sədri Naxçıvanın Günnüt kəndinin azad edilməsindən dərhal sonra hücum çəkir klaviaturaya və dərhal yazır: “Naxçıvanda guya (???!!!-R.N.) 11 min hektar torpaq sahəsinin Ermənistanın işğalından azad edilməsi haqda məlumat yalan idi. Bütün yalanlar kimi, bu da tez ifşa olundu. Məlum oldu ki, heç bir döyüşdən, torpaq azad etməkdən söhbət getmir”.
Beləliklə, əsgərlərimizin, zabitlərimizin öz həyatlarını təhlükəyə ataraq, göstərdikləri şücaətlərini qəhrəmanlıqlarını heç etməyə çalışan Ə.Kərimli adlı erməni muzdlusu hərbi nailiyyətimizi “iqtidarın şousu” adlandıraraq, öz ermənçilik xislətini ortaya qoymuş olur. Hətta həyasızcasına, arsızcasına erməni dəyirmanına su tökən təxribatçı sualını “işə salır”: “25 il ərzində bizə aid olan torpaqlar nəyə görə postları irəli çəkməklə nəzarətə götürülmürdü?”

Halbuki, Ə.Kərimli adi və çox elementar bur reallığı ya qanmır, ya da özünü qanmazlığa vurur. Belə ki, son dövlərlə bölgədə və cəbhədə hərbi-siyasi vəziyyət Azərbaycanın xeyrinə dəyişir və Ordumuz əlinə düşən hər bir məqamda bu amildən maksimum şəkildə istifadə edir, eləcə də şəhid vermədən və s. Yəni, bunu anlamamaq, ən azından gerizəkalılıq kimi başa düşülməlidir.

AXCP sədrini narahat edən də budur ki, o, xalqımızı ruhlandıran belə qələbələrin əldə edilməsində mövcud iqtidarın, xalqın hakimiyyətinin qətiyyətini həzm edə bilmir. Ermənilər qədər, Ə.Kərimli də pəjmürdə olur!

Lakin Ə.Kərimli bir reallığı da dərk etməyə məhkumdur. O bilməlidir ki, Ali Baş Komandanımız, cənab İlham Əliyev nəinki Qarabağımızın işğal altındakı torpaqlarımızı, eyni zamanda dədə-baba yurdumuz olan Qərbi Azərbaycan torpaqlarımızı da qaytarılacağını dəfələrlə vurğulayıb. Görək, AXCP sədri onda - yəni əgər əldə edilən uğurlardan ağlını tam şəkildə itirməsə nə edəcək...Hər halda gözləməyə və onun kimi erməni muzdlusunun ağlının necə havaya uçmasını canlı-canlı görməyə dəyər!

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə