Azərbaycan dəyələrinin daha bir örnəyi

Biz azərbaycanlıyıq. Ulu Öndərin məşhur kəlamlarından birini yenə xatırladım."Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" Böyük azərbaycanlının bütün kəlamlarında olduğu kimi, bu fikirlərin də arxasında böyük fəlsəfi yük dayanır. Niyə fəxr etməliyik azərbaycanlı olmağımızla? Bu milləti digər millətlərdən hansı xüsusi fərqləndirici amillər ayırır? Düşünürəm ki, elə son günlərdə Ermənistanda baş verənlər rəğmən Azərbaycanın və azərbaycanlıların sərgilədiyi mövqe bu suala verilməli olan cavablardan biridir.

Ötən əsrin əvvəllərindən başlayaraq, hər dəfə dünyada və regionda yaranan qarışıqlıqdan faydalanan ermənilər, xarici ağalarının köməyi ilə Azərbaycan türklərinin qanını axıdıb, yaranan şəraitdən tülküvari üsullarla istifadə edib və ərazimizdə özlərinə dövlət qurmağa (əgər onu dövlət adlandırmaq olarsa) nail olublar. Sonradan yenə sovet rəhbərliyinin siyasətinin nəticəsi olaraq gücsüz vəziyyətdə olan, bütün ixtiyarı əlindən alınan Azərbaycandan Zəngəzuru qoparmağa, Qarabağda "mədəni muxtariyyət" yaratmağa nail oldular. Nəhayət, arxadan zərbə vurmaq siyasətinin ana xəttinə çevirən bu tayfa ötən əsrin sonlarında da Azərbaycanda yaranmış xaos vəziyyətlərindən yararlandı. 1991-ci ilin 20 noyabrında Qarakənd üzərində helikopter vuruldu, nəticədə, sadəcə, böyük dövlət xadimlərimizi itirmədik, həm də ölkə xaos vəziyyətinə düşdü. Hakimiyyət davası döyənlər isə bu xaosu daha da dərinləşdirirdilər. Yəni hakimiyyətə gəlmək istəyənlərlə hakimiyyətini əldən vermək istəməyənlər yenicə müstəqilliyini əldə etmiş gənc dövləti idarəolunmaz bir duruma sürüklədilər. Pusquda duran haylar yenə bu xaosdan yararlandılar. Kərkicahandan başlayıb Xocalıya qədər Dağlıq Qarabağın azərbaycanlılar yaşayan bütün yaşayış məntəqələrini ələ keçirdilər, yüz minlərlə günahsız insanları qətlə yetirdilər və yurdundan didərgin saldılar. 1992-ci ilin mayında yenidən ölkədə xaos vəziyyətinin yaranmasından istifadə edib, alınmaz qala Şuşanı və Laçını işğal etdilər. 1993-cü ilin qışında hakimiyyətdə yaranan növbəti böhrandan da yararlandılar. Ağdərəni, Kəlbəcəri və Ağdamın bir neçə kəndini ələ keçirdilər. Nəhayət, həmin ilin iyun hadisələrinin Azərbaycanı məhvə sürükləyən xaosundan daha geniş istifadə etdilər və bir-birinin ardınca altı rayonu işğal elədilər. Bütün bunları sadalamaqda

məqsədim var. Bizim ataların məşhur deyimi var: kişi yıxılana balta çalmaz. Kişiliyin, mərdliyin nə olduğunu bilməyən ermənilər həmişə, məhz Azərbaycanın büdrəməsindən yararlanıb, yurd yerlərimizə sahib çıxıblar. Bizlər isə, həmin atalar misalında deyildiyi kimi, Ermənistanda son aylar yaranan xaosdan, qarışıqlıqdan istifadə edib, başı hakimiyyət davasına qarışan bu simasızlara qarşı heç bir addım atmadıq. Halbuki dünyada çoxları Azərbaycanın bu durumdan istifadə edəcəyini, hərbi əməliyyatlara başlayacağını gözləyirdilər. Ancaq milli mentalitetinə uyğun olaraq Azərbaycan yıxılana (onsuz da, həmişə yıxılı olan millətin yıxılmağından danışmaq da bəlkə münasib deyil) balta çalmağı milli mənliyinə sığışdırmadı. Yəni biz savaşda da türk mərdliyi nümayiş etdiririk. Zənnimcə, bu fakt bəzi dünya dövlətlərinin də diqqətinə çatdırılmalıdır. Bəlkə həmin xarici güclər erməni xisləti ilə Azərbaycan-türk xislətinin fərqini anlamaq istədilər və bəlkə o zaman vicdanlarına nəsə sızdı! Bəlkə...

Təhmasib Novruzov

Bütün xəbərlər Facebook səhifəmizdə