Ötən əsrin 70-ci illərində Avropada çoxsaylı beynəlxalq qurumların sırasına daha bir təşkilat daxil oldu. İlkin dövrdə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müqaviləsi kimi adlandırılan, sonradan Müqavilə sözü Təşkilat sözü ilə əvəzlənərək, ATƏT-ə çevrilən bu qurumun əsas və başlıca missiyası sülhü qorumaq, dövlətlər arasında münaqişəli məsələlərin qan tökülmədən, sülh və anlaşma yolu ilə həllinə yardım etməkdən ibarət olub.

Azərbaycan da dövlət müstəqilliyini əldə etdikdən dərhal sonra Dağlıq Qarabağ düyününün həllinə bu təşkilatı cəlb etdi.O zaman hamıda belə bir inam var idi ki, ölkələrin ərazi bütövlüyünün toxunulmazlığını fəaliyyətinin əsas prinsiplərindən biri kimi bəyan edən bu qurum, tezliklə problemin ədalətli həllində ciddi addımlar atacaq. Təcili Minskdə bir toplantı keçirib Minsk Qrupunun yaradılması da bu inamı xeyli artırmışdı. Sonra Minsk Qrupunun bir sədri olması problemin həllində əhəmiyyətli addımlar atılmasını təmin etmədiyini əsas gətirib həmsədrlik institutu yaratmağa qərar verdilər. Dünyanın üç ən güclü, BMT TŞ-nın üzvü olan dövləti - ABŞ, Rusiya və Fransa həmsədr oldular. Yenə hesab etdik ki, bu ölkələr problemin tezliklə həllinə nail olacaqlar. Beləcə iyirmi ildən çoxdur ki, həmsədrlər Qafqaza "turist" səfərlərinə start verdilər. Hamının bildiyi bu həqiqəti boşuna xatırlatmadım. Zaman -zaman müxtəlif üsullarla Azərbaycanı təsiri altına salıb, Dağlıq Qarabağ düyününü erməni lobbisinin istəyinə uyğun həll etmək siyasəti yürüdən müəyyən anti-Azərbaycan qüvvələr, görünən odur ki, bu quruma da təsir mexanizmi tapa biliblər. Belə olmasaydı ötən əsrin əvvəllərində xalqımızın başbilənlərinin sülhsevər məramından yararlanıb, Azərbaycan torpaqları hesabına özünə dövlət quran, bütün qeyri-erməni millətləri bu torpaqlardan qovub da təkmillətli dövlət quran, ötən əsr ərzində milyonlarla Azərbaycanlını keçmiş Sovet rəhbərliyinin

dəstəyi ilə dədə-baba yurdundan qovub çıxaran, Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazisinin 20 faizini işğal edən, bir milyondan artıq insanı öz ölkəsində didərgin salan, Xocalı, Qaradağlı kimi soyqırımı törədən, BMT-nin məlum dörd Qətnaməsini, AŞ-ın, ATƏT-in, Aİ-nin, İKT-nin və digər nüfuzlu beynəlxalq təşkilatların qərarlarını heçə sayan Ermənistana bu əməlləri qarşılığında siyasi, hüquqi, iqtisadi sanksiyalar bir yana, heç olmazsa diplomatik təsir variantlarından istifadə edərdilər. Hətta XX əsrin ən qanlı faciəsi olan Xocalı qətliamının törədilməsində iştrak etdiyini yüksək tribunalardan fəxrlə deyən bir canini prezident kimi qəbul edib, onunla danışıqlar aparıb və onu "yola gətirməyə" guya ki, cəhd edirdilər. Axır ki, erməni millətinin özünün səbr kasası doldu və cani prezidenti bayıra atmağa özlərində təpər tapa bildilər. Kim nə deyir desin, mənim fikrimə görə hakimiyyətə gələcək yeni qüvvənin də Dağlıq Qarabağ məsələsində mövqeyi Köçəryan-Sarkisyan klanından fərqlənməyəcək. Çünki bu ölkədə belə qlobal məsələləri ölkəni idarə edənlər deyil, xarici ağaları, bir də Erməni kilsəsi həll edir. Belədə problemin çözülməsində hansısa irəliləyiş gözləmək sadəlövhlük olardı. Amma beynəlxalq qurumlar, xüsusən də problemin çözülməsi missiyasını üzərinə götürən ATƏT, onun Minsk Qrupu və həmsədrlər ən azı yeni hakimiyyətlə diplomatik danışıqlarında ciddi dəyişiklik etməlidirlər. Əlbəttə, yuxarıda da qeyd etdiyimiz kimi, əgər pərdəarxası maraqlarını bir yana qoyub, nəhayət ki, bu problemin həllini həqiqətən istəyirlərsə!..Yox əgər yenə problemin həll olunmamasında iki ölkənin hakimiyyətlərinin razılığa gəlməməsini (?...) əsas gətirəcəklərsə, bu qrupdan və bu həmsədrlərdən nəsə gözləməyinə dəyməz. O zaman bu ədalətsizliyə dözmək səbri tükənən Azərbaycan xalqının savaşa atılmaqdan başqa çarəsi qalmır. Belədə töküləcək qanın məsulliyətinin böyük bir qismi məhz ATƏT-in, onun Misk Qrupunun və həmsədrlərin üzərində qalacaq. Bu qrupun dünyada gedən siyasi prosesləri yönləndirmək gücündə olan həmsədrləri, ən azı özlərinin nüfuzları naminə bu həqiqəti qəbul etməli və nəhayət ki, Ermənistanın tutduğu neofaşizm yolundan çəkinməsi, haqqın yoluna gəlməsi üçün məcburedici tədbirlərə əl atmalıdırlar. Dünya Azərbaycan xalqının, ölkə başçısı, Ali Baş Komandanın bir əmrinə bənd olduğunu bilməli və belə bir əmr olarsa nələr baş verəcəyini hesablamalıdır!..

Təhmasib Novruzov

Bütün xəbərlər Facebook səhifəmizdə