Sarkisyanı kim devirdi: Putin yoxsa Qərb?

Qərb bu dəfə Vladimir Putinlə Ermənistanda "haqq-hesab" çəkməyə başlayıb. Rusiya üçün ən zərif və zəif yerdən "vururlar" Putini. Bu, sözsüz belədir. Artıq Serj Sarkisyan da istefa verdi və bu o deməkdir ki, "Qarabağ" klanı siyasi səhnədən rədd olub gedir. Ermənistanda etirazlar bəhrəsini verdi. Bundan sonra Ermənistanın başına kim keçəcək, bu artıq başqa məsələdir. Neçə on illiklərdir ki, işğal etdiyi Qarabağın "zəfəri" ilə erməni xalqını "ovunudurub" dilənçi kökünə, "it-pişik" gününə salan cinayətkar Qarabağ klanı, bu dəfə yamanca "dalana dirənmişdi". Özü də nəzərə alanda ki, Ermənistan MDB məkanında xaos və siyasi anarxiya üçün ən tez "hamilə qala bilən" zəif nöqtədir, onda bu dəfə Putin-Qərb şavaşının Yerevanda alovlanmasını təbii qarşılamaq lazımdır. Belə görünür ki, Qərb texnoloqları Kiyevdən sonra Yerevanı seçməklə, praqmatik yol seçiblər. Burada Rusiyanın hərbi və siyasi yumruğu işləsə də, digər tərəfdən erməni xislətindəki "güclü olana qucaq açmaq" xasiyyəti də qərbdəkilər üçün əlavə "kozırdır". Hələ üstəlik Ermənistanda alovlanan Rusiya nifrəti də Qərb analitiklərinin nəzərindən qaçmayıb...

Əvvəlcə Robert Köçəryan, daha sonra isə Serj Sarkisyanla düşmən ölkədə hakimiyyət ipini əlində saxlayan bu cinayətkar klan, bu gün artıq Ermənistan üçün arzu etmədikləri problemə çevrilib. Acından gərnəşən ermənilər, bu hərbi-cinayətkar xunta ilə vidalaşmağın yolunu axtarırlar. 10 gündən çoxdur ermənilər küçələrdə V.Putinin sadiq nökəri olan S.Sarkisyanın istefasını tələb edirdilər və istəklərinə də nail oldular. Belinə çanta bağlayıb qabağa düşən Nikol Paşinyanın arxasınca yürüyərək, Sarkisyanları siyasi zibilliyə tulladılar. Ermənistandakı Qarabağ klanının birbaşa V.Putinin sadiq nökərləri olduğunu, az qala dünyada hər kəs bilir.

Amma hakimiyyəti körpələr evindəki uşaqlar üçün kukla oyuncaq kimi dəyişən S.Sarkisyan, görünür özünü Baş nazir təyin etdirməklə, Qərb texnoloqlarının V.Putin üçün hazırladıqları sürprizi nəzərə almayıb. Onu da yaddan çıxmamış qeyd edim ki, bir çoxlarının dediklərinin əksinə olaraq, hec cürə inandırıcı deyil ki, bu oyunu Kreml qursun. Rusiya dünya birliyində dalana dirəndiyi bir vaxtda özünü daxildə acınacaqlı vəziyyətə sala bilməz. Bu risq, kremldəkilər üçün ağılsızlıq sayılır. Burası belədir. Amma hadisələr əməlli-başlı Kiyevdəki kimi nəzarətdən çıxsa, bax o zaman rus əsgəri Yerevan küçələrinə "su çiləməyə" çıxmalı olacaq. Amma bunun özü də Rusiya üçün risqlidir. Belə hal bu baş verəcəyi təqdirdə, o zaman Ermənistanda anti-Ruisya nifrəti daha da şiddətlənəcək.

20 ildən coxdur ki, bu qruplaşma Ermənistanı zəlil günə qoyub və qəti şəkildə imkan vermirlər ki, hansısa praqmatik qüvvə ortaya çıxıb Ermənistanı siyasi və iqtisadi zibillikdən çıxartsın. Sözsüz ki, V.Putinin "dəmir əli" ilə güclənən S.Sarkisyan, daxildə istədiyi addımı atır və öz hakimiyyətini qorumaq üçün şahmat taxtasındakı istənilən gedişi oyuna sala bilirdi. Amma bu dəfə məsələ başqa cür oldu...

Üstəgəl bu gün erməni hərbçiləri də mitinqçilərin tərəfinə keçib. Bu, artıq Ermənistandakı siyasi anarxiyanın "çəkic nöqtəsidir". Vəssəlam, bu xaos S.Sarkisyanın istefasından sonra, Rusiyanın Ermənistandakı varlığını da sual altına alır.

Düzdür, əvvəllər də Qərb Ermənistanda hakimiyyəti dəyişmək üçün bir-neçə dəfə cəhdlər etmişdi. Sadəcə o zaman həm siyasi situasiya belə yetişməmişdi, həm də V.Putin Ukraynada Yanukoviçin etdiyi səhvlərin Yerevanda təkrarlanmaması üçün addımlar atıb, situasiyanı nəzarətə götürə bilirdi. Amma bu dəfə vəziyyət tam başqadır. Sarkisyanın getməyi nəyi dəyişəcək?,-bu hələ ki, qaranlıqdır. Özü də Qərb analitikləri Rusiyanın Qafqazdakı əsas "oyunçusunu", daha doğru desək, Qafqazda hər cür xoşagəlməz oyunlara alət etdiyi ölkəni nəzarətə keçirməklə, əslində Qafqazdan Rusiyaya sürpriz hazırlayırlar. Baş tutacaqmı?,-yaşayaq görək...

Mətləb Salahov

Bütün xəbərlər Facebook səhifəmizdə