ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, ATƏT Parlament Assambleyası və Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyalarının ölkəmizdə keçirilən prezident seçkilərinin nəticələri ilə bağlı öncədən hazırladıqları hesabatla tanış olanda, açığı söz tapa bilmədim. Onların öz dilindən eşitmək istərdim ki, Azərbaycan seçicilərinin haqqını, iradəsini çeynəməyə cəhd etməyi onlara kim məsləhət verib. Amma çifayda, onlar əlahəzrət faktı kimsə ilə bölüşmək istəmədilər...

Hər dəfə seçkilər keçiriləndə ATƏT DTİHB adlı qurumun keçirdiyi monitorinqin nəticələrinin məhz belə olacağını gözləyirik. Maraqlıdır ki, ölkənizə gələn və seçkilərin gedişatını izləyən yüzlərlə müşahidəçi öz hesabatlarında olanları yazır, gördüklərini deyir, amma ATƏT-in bu institutu fərqli rəqəmlər, fərqli və qərəzli fikirlər, bəyanatlar verir.

Bəs onların bizə qarşı qərəzli münasibətinin arxasında nə dayanır, onları həqiqəti görməzdən gəlməyə nə vadar edir? Nədir bizimlə alıb-verə bilmədikləri? Axı, dünyanın tanınmış institutu belə bayağı, əsassız, heç bir arqumentə söykənməyən bəyanatı nədən versin? Bax, məsələnin kökünü də burada axtarmaq lazımdır.
Gəldiyim qənaət bundan ibarətdir ki, ATƏT DTİHB özünün maraqlarına uyğun gələn namizədlərin seçkilərdə iştirakını və qələbə qazanmasını istəyir. Nə qədər ki, bu institutun "demokratik düşərgə" adlandırdığı zümrədə yetişdirdiyi namizəd hakimiyyətə gətirilməyib, seçkilər yumşaq desək ya "boykot" ediləcək, ya da legitimliyi şübhə altına alınacaq. Məsələ burasındadır ki, ATƏT seçkilərin gedişatına, insanların seçiminə təsir imkanlarını itirdiyindən həm boykot taktikasını, həm də nəticələri tanımamaq kursunu tutur.

Biz olan və olacaqlardan xəbərdar idik, heç şübhə etmirdik ki, ATƏT-in uzunmüddətli missiyasından fərqli olaraq, qısamüddətli missiyasının hesabatı büsbütün qərəzli olacaq. Zatən bu institutun başqa rəyi də ola bilməz. Ona görə yox ki, Azərbaycanda vəziyyət ATƏT DTİHB-nin təsvir etdiyi kimidir, əksinə biz bu qurumun mətbəxində nəyin və kimlər tərəfindən bişirildiyindən xəbərimiz var. Adında “Demokratik Təsisatlar” olan təşkilatın hesabatındakı ilk cümlə prezident seçkilərində iştirak edən hər bir seçiciyə qarşı qərəz, təhqir idi. Guya Nilza de Sena adlı məruzəçi əsl seçki mütəxəssisidir və onun dediklərinə “ləbbeyk” deyib müntəzir durmalıyıq.

Əslinə baxanda Portuqaliya Milli Məclisində ekologiya məsələləri komitəsinin üzvü olmuş bu xanımın bizə demokratiya dərsi keçməsinə haqqı belə çatmır. Bizim ölkəmizdə insanların heç kimin göstərişi, təbliğatı olmadan ədəb-ərkan, haqq-nahaqq münasibətləri tərəzinin gözünə qoyulanda bu xanımın ölkəsində - Portuqaliyada insanların nəinki haqqı qorunmurdu, heç insan yerinə qoyulmurdu. Onun ölkəsi Afrikanın, Asiyanın, Amerikanın sakit tayfalarını əzib keçəndə, qul edib Avropanın insan bazarlarında satanda, bizim babalarımızın yaşadığı ölkədə insanların haqqı kitabsız, dəftərsiz, hesabatsız, monitorinqsiz tanınır və hörmət edilirdi. Biz bir vətəndaş olaraq portuqaliyalı bu xanımın bizim haqqımızda nə düşündüyünü korrektə etmək niyyətimiz olmasa da, bir seçici kimi səsimizin arxasındayıq, onun qərəzinə qarşı təpki göstərməliyik ki, seçici hüquqlarımızın, səs haqqımızın ona verilmədiyini anlasın. Bu xanım özünü çətinə salıb hesabatında yazılmış qərəz dolu cümlələri oxumazdan əvvəl Bakıda və Azərbaycanın digər iri şəhərlərində yaşanan izdihamı görsəydi yəqin ki, xəncərinin qaşı düşməzdi. Amma bunun əvəzində iki min işarədən ibarət olan hesabatda bir cümlənin belə reallığı əks etdirməməsi ATƏT DTİHB adına rəzalətdir, quruma yalnız utanc gətirən haldır.

ATƏT DTİHB-nin hesabat konfransına gəlincə, tədbirə dəvət edilən jurnalistlərin, QHT təmsilçilərinin məruzəyə sona qədər qulaq asmaları bir mədəniyyət nümunəsi sayılsa da, portuqaliyalı xanım məruzəçinin Azərbaycan seçicilərini aşağılayan fikirlərinə sərt reaksiyaları başadüşülən idi. Jurnalistlər fakt istədilər, hazır hesabatı üzündən höccələyə-höccələyə oxuyanlarda isə bu yox idi. Əvəzində qərəzli cümlələr, həqiqətdən uzaq fikirlər bol idi.

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə