Qələbən mübarək, Azərbaycan! Həyatımız boyu çox seçkilər görmüşük. Sovet dönəmində seçki adı altında dünyanı aldatmağa yönələn oyunların da şahidi olmuşuq. Müstəqilliyimizin ilk illərində, çaş-baş qalan xalqın durumundan yararlanıb pafoslu çıxışlarla insanlara özünü mələk kimi göstərib, layiq olmadıqları səsi alıb da, həm dövlətə, həm millətə zərbələr vuran nankorların da şahidi olmuşuq.

Onun da şahidi olmuşuq ki, bu millətə bir ildə iki dəfə eyni sualla - SSRİ tərkibində qalıb-qalmamaq sualı ilə referendum da təşkil ediblər. Birincisində "hə", ikincisində "yox" dedirdiblər bu millətə. Təkcə bu fakt xalqın həmin dönəmdəki çaş-başlığının ən bariz nümunəsidir. Şükürlər olsun ki, nəhayət, bu xalqın əsl sahibi gəlib çıxdı və millət çaş-başlıq xəstəliyindən qurtuldu. Səmimi deyirəm, son 25 il ərzində ildən-ilə xalqın müdrikləşməsini, aşağıdan yuxarı bütün seçkilərdə ən doğru seçimlər etdiyini görür və bununla iftixar hissi keçirirdim. Çünki demokratik cəmiyyətlərdə hər bir xalqın taleyini onun etdyi seçim müəyyənləşdirir və gələcək bu seçimlərdən birbaşa asılıdır.

Nədənsə, son 25 ildə builki qədər həyəcan keçirmirdim. Bilmirəm, bəlkə də, bu, onunla bağlı idi ki, Qərbin erməni lobbisi əlində oyuncağa çevrilən bəzi üzdəniraq siyasilər builki qədər genişmiqyaslı hücumlar təşkil etməmişdi! Demokratiyanın verdiyi imkanlardan, elektron şəbəkənin inkişafından maksimum yaralanıb da, millətimizi yenidən çaş-başlıq xəstəliyinə düçar etməyə çalışanların, siyasi əxlaqa sığmayan, etik normaları da gözləməyən fəaliyyətləri məndə belə bir narahatçılıq yaranmasına səbəb olmuşdu. Yalanlara, böhtanlara və təhqirlərə geniş meydan verən bəzi sapı özümüzdən olan "baltaları" var gücləri ilə itiləyib ortaya atanlar, ən azı, ölkədə qarşıdurma və çaşqınlıq yaratmağa müvəffəq olacaqlarını düşünürdülər. Bu zatlar (oxu:zatıqırıqlar) bircə onu hesablamamışlar ki, Azərbaycan xalqı 25-30 il əvvəlki xalq deyil artıq. Bu millət kimin kim olduğunu seçməyi bacaran, dünyada gedən prosesləri izləyən, onu təhlil edib də düzgün nəticə çıxaran, boğazdan yuxarı hay-küyçülüklə əməli fəaliyyəti ayırd edə bilən, nəticə etibarilə ölkəsinin gələcəyi naminə ən doğrusuna qərar verməyi bacaran millətdir. 1991-ci ildən 1993-cü ilin oktyabrına qədər - cəmi iki il ərzində üç dəfə prezident seçmək, üç dəfə referenduma səs vermək məcburiyyətində qalmışdı xalqımız.

Yadımdadı, hələ o zamanlar sadə əmək adamları, ev-eşiyindən didərgin düşüb, məcburi köçkün həyatı yaşamağa zorlanan insanlar və ziyalılar bir sual qarşısında susub qalmışdılar: ha seçirik, ha səs veririk, elə ilimiz-ilimizdən ağır gəlir. Bu nə vaxta kimi belə olacaq görəsən?" Məhz 1993-cü ildə, nəhayət, xilas yolunu tapan xalq, 25 ildir ki, ildən-ilə nəfəsi genişlənməkdə, gələcəyə ümidlə baxmaqda, ağı qaradan, yaxşını pisdən seçməyi bacarmaqdadır. Bu məmləkətə müxtəlif məqsədlərlə istədiklərini sırımaqdan vaz keçməyənlər, yetər ki, məmləkətin sadə camaatının indiki təfəkkürü ilə hesablaşsınlar və boş-boşuna milyonlarını havaya sovurmasınlar. Azərbaycan xalqı bu gün təkcə iqtisadiyyatda, diplomatiyada, mədəniyyətdə, təhsildə, səhiyyədə, tikintidə və s.və i. kosmik sürətlə inkişaf etmir, hər barədə, xüsusilə də, təfəkkürlərin yenilənməsində tarixi inkişafa nail olub. Ölkəmizin inkişafdan geri qalan tək bircə sahəsi var ki, o da həmin xarici qüvvələrin çox sevdiyi müxalifətimizin təfəkkürüdür. Nə yazıqlar ki, bu düşərgəni inhisarlarına almış bir-iki köhnə təfəkkürlü buqələmun, nə meydanı yeni qüvvələrə təhvil verib kənara çəkilir, nə də öz təfəkkürlərini yeniləmək istəyirlər. Bu da, əminik ki, tezliklə həllini tapacaq. Real siyasi düşüncəyə, konstruktiv fəaliyyətə, obyektiv, ədalətli mövqeyə malik müxalif siyasi qüvvəyə bu ölkədə hamının ehtiyac duyduğunu desəm, zənnimcə, yanılmaram, xüsusən də, hakimiyyət və iqtidar yetkililəri...

Nə isə... Gözün aydın, Azərbaycan xalqı! Yeni tarixi qələbən mübarək, Vətən! Tanrı millətimizi həmişə şər qüvvələrdən, onların böhtanlarından, qarayaxmalarından qorusun, necə ki, BÖYÜK MİLLƏTİMİZİN əlilə 11 apreldə qorudu!

Təhmasib Novruzov

Bütün xəbərlər Facebook səhifəmizdə