Düz iki il öncə - aprel ayının əvvəllərindən başlayaraq təcavüzkar Ermənisanın və separatçı "DQR"in silahlı birləşmələri Azəraycana qarşı növbəti təxribat-diversiya cəhdləri vasitəsi ilə mənəfur işğalçılıq siyasətlərini davam etdirməyə çalışdılar. Düzdür, bənzər təxribatçı cəhdlər atəşkəs dövrü davamlı olaraq baş verirdi, lakin bu dəfə düşmənin burnunu ovaraq ona öz yerini göstərəməyin tam zamanı idi. Çünki düşmənin həyasızlığı getdikcə daha da artır və Qarabağ cəbhəsində bu həyasızlığın kökünün kəsilməsi vaxtı çatmışdı. Məhz bu baxımdan, düşmənin təxribatlarına cavab olaraq, şanlı Azərbaycan əsgəri aprelin əvvəllərində əks-hücum əməliyyatı ilə düşmənin layiqli dərsini verib, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altında olan 2000 hektardan çox ərazisini azad etdi. Nəticədə, işğal altında olan minlərlə hektar torpaq Azərbaycan Ordusunun tam nəzarətinə keçdi, 23 ildən sonra qəhrəman döyüşçülərimiz xalqımıza qələbə sevinci yaşatdı. Döyüşlər gedən vaxt paytaxt Bakı olmaqla ölkəmizin bütün regionlarında üçkolorumuz - şanlı Azərbaycan bayrağı hər addımda qələbə müjdəsini verirdi. Xüsusilə, gənclərimiz "AZƏRBAYCAN!" şüarları ilə xalqımızda yaranan böyük ruh yüksəkliyinin bariz təcəssümünə çevrilmişdi. Azərbaycan dövləti öz hüququndan istifadə edərək, işğal altındakı torpaqların azad edilməsi istiqamətində möhkəm qətiyyətini ortaya qoymuşdu.

Əlbəttə, burada qətiyyətli qərarın verilməsi və cəbhədəki nəzarət balansının, o cümlədən, güc balansının kimin tərəfində olduğunu sübuta yetirməyin tam zamanı idi və söz yox ki, müdrik və qətiyyətli Ali Baş Komandanımız, Prezident İlham Əliyevin bu məsələdə verdiyi tarixi qərar hər bir azərbaycanlıda inam hissini oyatdı. Onun da dəfələrlə vurğuladığı kimi, aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini bütün dünyaya nümayiş etdirdi. Bu baxımdan, xüsusilə, qeyd olunmalıdır ki, aprel döyüşlərində qazanılan zəfər Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən diplomatiyasının, uğurlu daxili və xarici siyasətinin, sərkərdə məharətinin, Ali Baş Komandanın daimi diqqət və qayğısı ilə əhatə olunan silahlı qüvvələrimizin əsgər və zabitlərinin peşəkarlığının, mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun, vətənpərvərlik hissinin yüksək səviyyədə olması və xalqımızın ordu ilə monolit birliyi nəticəsində mümkün oldu.

Cənab İlham Əliyev cəbhə bölgəsində aprel döyüşlərinin iştirakçıları ilə görüşərkən, böyük fəxarətlə deyirdi: "Aprel döyüşləri bizim şanlı qələbəmizdir. Azərbaycan Ordusu öz gücünü göstərdi. Ermənistan uzun illər öz ordusu haqqında yalanlar, miflər uydururdu. Guya onların yenilməz ordusu var. Aprel döyüşləri göstərdi ki, hansı ordu yenilməzdir. Azərbaycan Ordusu yenilməz ordudur. Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir. İşğal edilmiş torpaqlarda, Qarabağda elə bir hərbi hədəf yoxdur ki, bu gün biz onu məhv edə bilməyək. Bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır".

Bəli, ermənilərin uzun illər formalaşdırdıqları stereotiplər bir neçə gündə alt-üst edildi. Bu gün düşmən hələ də qarşılaşdığı ağır və acı məğlubiyyətin təsirindən çıxmağı bacarmır. Ermənistanın hakim rejimi müxtəlif bəhanələr və siyasi gedişlərlə aprel həqiqətlərini nə qədər unutdurmağa çalışsa da, reallıq bütün bu cəhdləri puç edir.

Bu gün aprel döyüşlərində dövlət başçısının təltif etdiyi qəhrəmanlarımız da var. Onlar mənfur düşmənə millətimizdə əsrlər boyu formalaşmış şücaət dərsi verərək, bir daha Azərbaycan əsgərinin gücünü nümayiş etdiriblər.

Təəssüf ki, müharibə itkisiz olmur və aprel savaşlarında öz həyatlarını Vətən uğrunda verən oğullarımız da var ki, onlar şəhidlik şərbətini dadıblar. Onların hər biri məhz fədakarlıqlar göstərərək, düşmən qarşısında əyilmədilər.

Düşmən isə 2016-cı ilin aprelində aldığı sarsıdıcı Azərbaycan dərsini hələ uzun illər unutmayaraq, alacağı yeni dərslərdən vahiməyə düşüb, təlaş keçirməkdə davam edir..!

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə