"Milli Şura" serialı final bölümündə

Müxalifət yarandığı gündən, əllərindən bir iş gəlmədiyinə görə, bir olmağa, birlikdə hansısa blok və ya qurum yaratmağa çalışıb. Amma nə etsələr də, birlikdə fəaliyyət göstərmək yolunda çalışmaları hər dəfə iflasla nəticələnib. Çünki içlərində olan təkəbbür, özlərinə vurğunluq, aparıcı partiya sədri olmaq və bu kimi iddiaları buna yol vermir. Yenə də qarşılıqlı ittihamlar, yenə də bir-birini günahlandırmalar. Buna baxmayaraq, yenə də bir araya gəlib yeni bir qurum yaratmaq sevdasına düşüblər. Amma aralarındakı fikir ayrılıqları bir daha müxalifətin birləşməsinin qeyri-mümkün olacağını deməyə əsas verir. Daha doğrusu, artıq "Milli Şura" parçalanmış durumdadır.

Yarandığı vaxt koordinasiya şurasının 129 üzvü vardısa, bu gün artıq onların sayı 16-ya enib. Müsavat və ALP kimi partiyalar qurumu tərk ediblər. Bu gün də qurumdan istefalar prosesi davam edir. Hazırda orada yalnız AXCP qalıb. "Milli Şura" adı altında maskalanmaqla özünü daha çox sosial bazaya malik olan partiya kimi göstərməyə çalışan AXCP martın 10-da keçirilən mini-aksiyada bir daha özünü rüsvay etdi. Çünki onlar həm təşkilat cəhətdən çox zəifdirlər, həm də "Milli Şura"da qalan partiya yalnız AXCP olduğuna görə mitinqdə bir həsir, bir də Məmmədnəsir kimi göründü. Elə buna görə də, demək olar ki, Ə.Kərimlinin mart ayı üçün mitinq şousu sona çatdı. Artıq cəmiyyətdə onlara inam qalmadığından, heç kim nə populist çağırışlarına, nə də yağlı vədlərinə inanmır. Əksinə, demək olar ki, onları məsxərəyə qoyub, gülürlər. Bu isə, siyasətçi adına iddia edən şəxs üçün ən böyük sarsıdıcı zərbədir.

Diqqətlə fikir versəniz, görərsiniz ki, hər dəfə mitinqdə iştirak edən eyni adamlardır. Yəni ştatlı mitinqçilər. Onlar da ya qohumları, ya dostları, ya da vəd edilən şirin vədlərə aldanan adamlar olduğuna heç bir şübhə yoxdur. İllər ötdükcə, hər şeyi aydın görən belə adamların da sayı getdikcə azalmaqdadır. Ömrünün son anlarını yaşayan "Milli Şura" bu mitinqdən sonra, sözün əsl mənasında, rüsvay oldu. Onsuz da, tamaşaçılarının azlığından reytinq qazana bilməyən və xarici sponsorlarının gücünə siyasi səhnə televiziyasında qalmağa çalışan "Milli Şura" serialı final bölümünün anonsunu nümayiş etdirdi. Hansısa partiyanın və ya

qurumun tərəfdarı yoxdursa, deməli, o qurum dağılmağa məhkumdur. Necə ki, AXCP və Müsavat kimi partiyalar dağılmaqdadır.

AFƏT

Bütün xəbərlər Facebook səhifəmizdə