Dünyaya gələn hər bir insanın daxilində, əcnəbilərin eqoizm dediyi, bizim anlamımızda mənəmlik deyilən bir duyğu var. Nə deyirik deyək, dünyaya gələn hər bir insan həyatı anlamağa başladığı ilk gündən bu duyğu onda baş qaldırır və hər kəs başqalarından fərqli, daha möhtəşəm bir ömür yaşamağa cəhd edir. Sadəcə, bu möhtəşəmlik istəyi hər insanda fərqli şəkildə özünü büruzə verir.

Kimi insanlara yaxşılıq etməklə, kimi vətəninə, millətinə sədaqətlə xidmət göstərməklə, kimi sənəti ilə yüksək zirvələr fəth etməklə, kimi də cinayət dünyasında özünə yer edib, bu aləmdə "ad-san" qazanmaqla duyğusunu reallaşdırmağa çalışır. Amma insanlar arasında (fərqi yoxdu hansı millətin nümayəndəsidi) bir qrup da var ki, sadaladığımız və sadalamadığımız sahələrin heç birində nəyəsə nail olmadığını görüb də, başlayır ona-buna qara yaxmağa, pislik etməyə, ev yıxmağa ki, bu da onun xislətinin məhsulu kimi qəbul edilməlidir. Vaxtilə azərbaycanın teatr səhnələrində maraqlı bir tamaşa varıdı: "Herostratı unudun". Əsər, məhz bu xislətdə olan insanlara həsr olunmuşdu.

Müəllifini unutmuşam, amma Avropa yazıçılarından birinin əsəri idi. Tamaşanın baş "qəhrəmanı" Herostrat qədim yunan məbədlərini yandırır. Onu həbs edirlər. Məhkəmədə hakim ona cəza kəsmək üçün çox düşünür. Çünki onun cinayəti heç bir insanlıq normalarına sığmır və ona qeyri-adi cəza düşünüb tapır: Herostrat unudulsun! Onun haqqında yazmaq və danışmaq qadağan edilsin! Cəzadan şoka düşən Herostrat son sözünü söylərkən, hakimə yalvarır: Mən ona görə bu əməli törətdim ki, adım tarixə düşsün. Çünki başqa heç bir yolla bu istəyimi reallaşdıra bilmədim. Sonda məbədləri yandırmaqla tarixdə qalacağımı düşünüb bu cinayəti törətdim. Mənə ölüm cəzası verin, mənə ən ağır işgəncə cəzası kəsin, amma unudulmaq cəzası verməyin... Bu əsərdən ona görə sitat gətirdim ki, yuxarıda dediyim fikirlərin qayəsi oxucu tərəfindən düzgün anlaşılsın. Nə yazıqlar ki, hələ müstəqilliyinin ilk, lakin möhtəşəm addımlarını atan Azərbaycanda da belə herostratlar peyda olmaqdadır. Bu da bir Avropa və Qərb "dəyəri"dir. Yəni demokratik cəmiyyətlərdə hər kəs istədiyini deyə bilir və istədiyini deyəndə də, hər kəsin daxili xisləti üzə çıxır. Adamlar var ki, bu gün Azərbaycanın yüksəlişinə müxtəlif yollarla töhfə vermək yolları arayır, adamlar da var ki, millətinin və dövlətinin xeyrinə bir iş görməyə özündə güc, qabiliyyət, ən mühümü, qeyrət tapa bilmir və "tarixdə qalmaq " üçün bu ölkəyə ən böyük zərbələr vurmaq yarışına girişirlər. Düzdü, bəziləri Avropada olan əleyhdarlarımızın pullarından qoparmaq üçün bu yola gedir (Yazıq neyləsin, kişi kimi qazanıb, ailəsini dolandırmaq əlindən gəlmir axı!). Amma elələri də var ki, birbaşa Herostratın prototipidir ki, var. Yəni pula-flana ehtiyacı yoxdu və həmin pis əməli ilə tarixdə qalmaq istəyi onları vadar edir ki, millətinə zərbələr vursun. Avropadan hay salanların birinin çıxıçında rast gəldim, rüşvət alan məmura xitab edir ki, sənin ailənə, övladlarına aldıqların hamısı haramdı və kasıb-kusubun pulu ilə alınır. Çox gözəl və yerində deyilmiş fikirdir (Nə olsun ki, bunu "o" deyir, gərək düz sözə dəyər verəsən).

Amma özünə də bir sual verirmi ki, onun da ailəsi erməni lobbisinin pulu ilə yaşayır. Yəni pulu verirlər ki, get millətini söy, söyür, get dövlətini gözdən salan çıxışlar elə, eləyir. İndi qoy oxucu özü qiymət versin, kim daha çox haramla yaşadır ailəsini? Rüşvət alan məmur, yoxsa erməni puluna millətinə düşmən kəsilib, ailəsinə tuman alan zatıqırıqlar?

Və sonda, hakimin Herostrat haqqında çıxardığı hökm barədə düşünməyi bəzi narahat Vətən oğullarına tövsiyə edərdim. Yəni bəlkə elə bu zatıqırıqlar da Herostrat yolu gedirlər! O zaman onlardan danışmaqla istəklərini həyata keçirmiş olmuruq ki? Düşünməyinə dəyər!..

Təhmasib Novruzov

Bütün xəbərlər Facebook səhifəmizdə