Matrın 9-da səhər saatlarında Bakı-Sumqayıt yolunda baş verən və beş nəfər gənc tələbənin həyatını itirdiyi avtoqəzanın ardınca sosial şəbəkələrdə, mətbuatda bu ürək dağlayan hadisəylə bağlı bir çox fikirlər söylənildi. Əlbəttə, günahkarlar mütləq cəzalandırılacaq və buna kimsənin şübhəsi də yoxdur. Və bu barədə bəzi həssas məqamları bölüşdükdən sonra qeyd edəcəm.

Məsələ ondadır ki, səhər obaşdan ana öz övladını yuxudan oyadır, naharını yedrdir, cibinə yolpulusunu qoyub, "Allah zehninə qüvvət versin bala" deyərək bağrına basıb qoxlayır, universitetə yol salır və nə bilsin ki, bu həmin ananın balasına verdiyi son naharı, son yolpulusu və son əzizləməsidir...

Bəlkə də rayondan gələrək kirayə qalan gənclər də var onların içində. İndi gör onların valideyinləri, əzizləri nələr çəkir, nələr..!

Ancaq amansız fələk ananın balasına arzu etdiyi diləklərini yarı yoldaca puç edir. Kiminsə nəfsinin, kiminsə harınlığının, kiminsə pula olan ehtirasının ucbatından. Məhz Bakı-Sumqayıt yolunda baş verən qəza da bu sıradandır. Həmin qəzanın videomüşahidə kamerasında görüntülənən anlarını diqqətlə izləyərkən istər-istəməz belə qənaətə gəlinir. Kustar üsulla yük maşınından sərnişindaşıma maşınına çevrilən qırmızı mikroavtobus yüksək sürətlə qarşıda gedən digər yaşıl rəngli mikroavbtobusu ötmə əməliyyatı ilə keçir və gecə saatlarından xarab olaraq körpü üzərində dayanmış (?!-R.) mişar daşı daşıyan yük maşınına çırpılır. Yük maşınının sürücüsü isə deyir ki, maşın axşam saatlarından xarab olub və o da yük banından bir neçə "kubiki" yerə düzərək, guya xəbərdarlıq nişanı qoyub. Sual olunur, məgər həmin ərazidə Dövlət Yol Polisinin əməkdaşları gecə-gündüz növbə çəkmirlərmi? Körpü üzərində dayanmış və mişar daşı ilə yüklü olan maşını oradan aparmaq üçün heç bir cəhd olunmayıbmı? Olunmayıbsa nəyə görə? Axı körpü üzərində istənilən avtomobilin uzun müddət saxlanılması qadağası var, o da ola yük maşını!

Təbii ki, hər şeyi yol polisinin üzərinə də yıxmaq olmaz. Məsələn, yük maşınının sürücüsü ən azından həmin ərazidə mişar daşı ticarəti ilə məşğul olan sürücü tanışlarından xahiş edə bilərdi ki, onun maşınını buksir vasitəsilə körpüdən yola qədər aparsınlar. Çünki körpü zatən keçid məsafəsinə görə adi avtomobil yolundan dardır və orada yüksək sürətlə idarə edilən avtomobillərin qəza törətmək ehtimalları çoxdur.

Bilirsiniz, əslində, ittiham olunası çox məsələ var burada. Ancaq son olaraq daha bir faktın üzərində dayanmaq istərdim. Fakt budur, müvafiq dövlət qurumları rəsmi şəkildə informasiya verdilər ki, qəza törədən mikroavtobus qanunsuz şəkildə fəaliyyət göstərib və bu informasiyadan sonra əlavə şərhə də ehtiyac qalmır. Heç başqa sualları verməyə də ehtiyac yoxdur. Çünki suallar çox və sonsuzdur. Yəni necə deyərlər, hərə öz payını götürür

Sadəcə, bu qəzaya səbəb olan əsas amil, əsas məsələ insanda olan nəfsdir. Bu nəfs zaman-zaman müxtəlif bəlaların baş verməsinə səbəb olur. Həmin mikroavtobusun həbs olunmuş sürücüsü çox yəqin ki, zaman tapıb nəfsinin qurbanına çevirmiş beş gənc haqqında düşünəcək. Bəlkə də bir neçə gün öncə daşıdığı sərnişinləri ona "yavaş sür!", "kartof daşımırsan", "20 qəpiyə görə bizi öldürmək istəyirsən?" kimi məzəmmətlər edəndə o da qayıdıb qaba şəkildə "balalarıma çörəkpulu qazanıram...filan qədər filan yerə verirəm, sən mənə bunu verəcəksən?" deyə cavab qaytarıb. Ancaq indi alıb o kimsəyə lazım olmayan başını ayaqları arasına və düşünür. Düşünür ki, 20, 40, 50 qəpiyə görə həm balaları bir neçə illik atasız böyüyəcək, həm də beş ana, ata öz balalarına həsrət qalacaq. Onların hamısı, elə qatil sürücünün özü də bir nəfsin qurbanlarıdır. Təəssüf ki, hələ də bunu anlamayanlar var. Anlatmaq isə bizim borcumuzdur, yenidən belə ürək göynədən halların yaşanmaması üçün...

Bütün xəbərlər Facebook səhifəmizdə