"Ədalət qılıncı"nın zərbəsi KÖŞƏ YAZISI

Ədalət məfhumu, insanlıq üçün, bəşəri dəyərlər üçün çox əhəmiyyətli bir faktordur. Əgər bu faktor olmasa, yaxud, ona əhəmiyyət verilməsə insanlar ədalətsizliyin ən nəhəng dövrünü yaşayaraq, ölümə doğru çox böyük sürətlə yuvarlanarlar. Çox şükür ki, Azərbaycanda ədalət faktoruna önəm verilir və bu mövcudluq əyrinin-əyri, düzün isə düz yerini müəyyənləşdirir. Düzdür, bəlkə də mənim bu fikirlərimə qarşı müxalif mövqedə dayananlar da tapılacaq. Əslində, bunun özü də bir ədalətdir ki, hər kəs öz fikrini, mövqeyini bildirir və rahat şəkildə onu ictimai rəyə çatdırmış olur. Baxmayaraq ki, həmin fikirlərdə ədalətsiz mövqelər də olur. Ona görə də belə ədalətsizlikləri ədalətli şəkildə çevirməkdən ötrü müəyyən mənada çalışmaq gərəyi duyulur. Xüsusilə də siyasi məsələlərdə.

Ədalət məsələsi ağlıma elə-belə gəlmədi və əslində son bir neçə gündə AXCP sədri Əli Kərimlinin Türkiyədəki "arkadaşı" da nə bilim nə daşı - Turqut Ərin Azər-Türk qadınlar biliyinin sədri Tənzilə Rüstəmxanlıyla "uğraşması", onun barədə nalayiq düşüncələrə qapılması bir azərbaycanlı kimi mənə xoş gəlmədi. Xoş gəlmədi ona görə ki, xüsusilə özünü xalis türksoylu hesab edən istənilən kişi cinsindən olan adam yenə də həmin soyu təmsil edən xanıma qarşı nə qədər hiddətli olsa belə, soyuqqanlığını qorumalı idi. Ən azından, buna çalışmalıydı, cəhd etməliydi. Amma çox yəqin ki, başda Əli Kərimli olmaqla, onun yan-yörəsində quyruq bulayan Güləhməd kişinin oğlu Natiq Güləhmədoğlu (Ədilov), eləcə də Turqut Ər adlı mənşəyibilinməz "türklərin", "turançıların" real tükçülükdən qətiyyən xəbərləri yoxdur. Hətta aidiyyatları belə mövcud deyil. Əgər bu cür olmasaydı, hər halda bəndənizin qələminə aldığı bu ifadələr işıq üzünə çıxmazdı.

Düzdür, Tənzilə Rüstəmxanlı da bir zamanlar ənənəvi müxalifətin aparıcı simalarından olub, onun həyat yoldaşı Sabir Rüstəmxanlı milli-azadlıq hərəkatı dönəmindən başlayaraq aktiv fəaliyyətdə olub, bu gün də müxalifət partiyasının sədri kimi işini davam etdirir. Amma bu o demək deyil ki, Sabir bəy və xanımı radikal müxalifəti real müxalifət kimi qəbul etmədiklərinə görə, onların Əli Kərimlini, İsa Qəmbəri "lider" kimi tanımadıqlarına görə qarşı tərəfin hücumuna, təhqirinə məruz qalmalıdırlar.

Yeri gəlmişkən, bu bilirsinizmi nəyə döndü? İslam dininin yarandığı illərində- Muhəmməd Peyğəmbərin (s) bu istiqamətdə təbliğat apardığı dönəmlərdə ona qarşı amansız davranan Əbu Sufyan və bütpərəst ətrafı sonradan özlərini əsl "mömin", "müsəlman" bəndələr kimi göstərməyə başladılar. Hətta sonrakı illərdə dində parçalanmalara, firqə ayrıntılarına səbəb olacaq ən murdar addımlara belə getdilər. Yenə də "mömin" və "müsəlman" adı altında. İndi də Əli Kərimlinin, Turqut Ərin, Natiq Güləhmədoğlunun, Qənimət Zahidin və sair demokrat deyil də, cəbhəkratların timsalında bir real Əbu Sufyanları görməkdəyik – bu dəfə isə "mömin bəndə" kimi deyil, "türkçü" kimi. Sual yaranır, bəs bu olaya necə ədalət donu geyindirmək olar? Axı bu insan səninlə bir zamanlar çiyin-çiyinə dayanmış olub. Nə olsun ki, bu gün səninlə olmadığına görə, səni "lider" kimi qəbul etmədiyinə görə mövqeyini dəyişib? Məgər səninlə olan əsl türksoyludur, səninlə olmayan yox?! Ona biz də qəbul edək ki, bu gün Əli Kərimli kimi siyasi dılğırın ətrafında olan beş-on nəfər hay-harayçı türksoylu deyil! Çünki xalqın 99,9 faizi Əli Kərimlini dəstəkləmir və onu "lider" kimi qəbul etmir. Çoxluq azlığa tabedir deyirlər. Çoxluq isə xalqdır və hakimiyyətin siyasətini dəstəkləyən seçicilərdir. Demək ki, əsl türksoylu da bizik – Azərbaycan xalqıdır! Daha Kərimli kimi yalançı "turançı" deyil.

Bəli, indi bunların əllərinə girəvə düşüb və Kərimli Turqut Ər adlı "arkadaşını" bir qadınla, xanımla mübarizə aparmağa təşviq edib. Yaxşı, türçkülüyü də qoyaq bir kənara, bəs kişiliyin, mərdliyin hanı Əli Kərimli? Çünki Tənzilə Rüstəmxanlı bir kişi qızı kimi sənə zamanında "ədalət qılıncı" təqdim etmişdi, indi sən vaxtilə sənə bu qılıncı hədiyyə edənə qarşı çıxış edirsən.

Əslində, türksoylu, azərbaycanlı qanı daşıyan addımların belə dəyərsiz, nalayiq və şöhrətpərəst, o cümlədən, ucuz reklamçı Əli Kərimlidən gözləməyə dəyər. Bilənlər bunu yaxşı bilir. Sadəcə, adamın ədalət faktoruna və həmin o faktoru ehtiva edən "Ədalət qılıncına" heyfi gəlir...

Bütün xəbərlər Facebook səhifəmizdə