"Quru çörəyi 3 günə yeyən insanıydım, yoldan çıxartdılar məni"

Bakıda kişi qızı, gəlini və nəvəsinin oğurluğundan polisə şikayət etdi. Binəqədi rayon ərazisində Laçın rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı pansionatda qonşu qonşunun evini qarət edib.

Ələsgər Bağırovun evindən oğurluq edilməsi barədə məlumatı Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə qonşusu İnqilab Həsənov verib. O, bildirib ki, qonşusu Ələsgər ailəsi ilə birlikdə şəhərdə olsa da, evinin qapısı açıqdır. Hadisə yerinə gələn Binəqədi Rayon Polis İdarəsinin əməliyyatçıları əl-barmaq izləri götürüb və ətrafda yaşayan qonşularla söhbətlər aparmaq qərarına gəlib.

Araşdırmalar zamanı oğurluq hadisəsinin polisə zəng vuran İnqilab Həsənovun qızı Pərvanə, gəlini Aysel və nəvəsi Cavid tərəfindən törədilməsi məlum olub.

Daşı ətəyindən tökən Cavid Həsənov olub. Cavid xalası Pərvanə və dayısı arvadı Aysel tərəfindən yoldan çıxarıldığını bildirdikdən sonra saxlanılaraq polisə gətirilən Pərvanə də törətdikləri oğurluq hadisəsini etiraf edib. Pərvanənin sözlərinə görə qonşuluqda yaşayan Ələsgərin evində qızıl olduğunu ona qardaşı arvadı Aysel deyib. Bundan sonra onlar Ələsgər Bağırovun evinin boş qalmasını gözləyiblər.

Planı cızdıqdan sonra Aysellə Pərvanə bu işə Cavidi də cəlb etmək qərarına gəliblər. Üçlük əvvəlcə oğurladıqları qızılları satmaq istəyib. Aysel oğurluq malı 3 yerə bölməyi təklif edib. Pərvanənin atası İnqilab Həsənov qonşunun qapısının açıq olduğunu görüb polislə əlaqə saxlayanda üçlük oğurluq qızılı həyətdə qumun altında basdırıb.

Pərvanə Həsənovanın sözlərinə görə, evdən yalnız qızıl götürüblər: "Cavidlə mən girdik içəri. Aysel isə mənim qardaşımgilin hasarının altında pusquda durdu. O içəri girmədi. Sandığı açdıq, qızılları götürdük. Pul götürmədik. Sonra gətirdik evə. Evə gətirdikdə Aysel dedi ki, 3 nəfərə bölək. Sonra razılaşdıq ki, satmayaq".

Saxlanılan digər şəxs Aysel Həsənova isə, bu oğurluqda əlinin olmadığını deyib: "Plan cızılmayıb. Sadəcə evinə gedib-gəlinib paltar almağa. Sadəcə orda görülüb. Pərvanə gəlib deyib. Mən də lağ-lağı edib gülmüşəm. Ondan sonra ikisi gedib. Mən orda olmamışam. Mənim əlim olmayıb".

Cavid Həsənov - saxlanılan şəxs: "Sonra polislər gəldi, dedilər ki, əl izi götüməyək. Mən də gəldim bölməyə, açdım dedim hər şeyi. İt peşmanıyam əmi, and olsun Allaha. Mən quru çörəyi üç günə yeyən insanıydım. Yolumdan çıxartdılar məni. Bir yaşında da uşağım var. Ata sözünü eşitməmişəm mən".

Aşkar olunan faktla əlaqədar Binəqədi rayon Polis İdarəsində başlanan cinayət işi üzrə araşdırmalar davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə